Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Fərhad KərimliFərhad Kərimli 29 YANVAR 2020 978 views 12 dəq. oxu

Bal ayı üçün ən yaxşı yerlər

978 views 12 dəq. oxu
uploads/blog/The-best-places-for-the-honeymoon.jpg

Bal ayı nədir? – Cütlüklər evləndikdən sonra bir müddətlik istirahətə yollanır. Bu onların evliliklərinin ən xoş, arzularasığmaz və yadda qalan günləridir. İngiliscə “honeymoon” kəliməsinin azərbaycanca tərcüməsi olan “bal ayı” rəvayətə görə babillərə kimi gedib çıxır. O dönəmlərdə yeni evlənən cütlüklərin, ilk olaraq evlilik mərasimlərində, daha sonra isə növbəti 30 gün boyunca içində bal olan bir növ şərab içib istirahət etmə adətləri varmış. Babillər düşünürmüşlər ki, evliliyin ilk günləri necə keçirsə, digər günlər də elə keçəcək. Günümüzdə tətil olaraq düşünülsə də “bal ayı”nın əslində evliliyin ilk zamanlarını ifadə edən bir ənənə olduğunu söyləyə bilərik.

Bal ayı demək olar ki, bütün dünya ölkələrində qəbul olunmuş məfhumdur. Bir aylıq bal ayı müddətində cütlük fərqli məkana səyahət edir, bu müddət ərzində bir-birini daha yaxından tanımış olurlar. Bəs bal ayını həyata keçirməmişdən əvvəl nələrə diqqət etməliyik və bal ayı üçün hara getmək olar?


Bal ayınızı büdcənizə uyğun planlaşdırın

Bal ayı turlarını seçməkdə tələsməyin. Endirimli turlar, erkən rezervasiya fürsətləri və bal ayı cütlüklərinə özəl endirimlər kimi fürsətləri araşdıra bilər, büdcənizə uyğun qiymətləri incələyib seçim edə bilərsiniz. Bal ayınızı bir dəfə edəcəyinizi ancaq xərclərini uzun müddət ödəmək məcburiyyətində qala biləcəyinizi unutmayın. Bu xərclər sizin bal ayından sonrakı həyatınıza bir-başa təsir göstərə bilər.


Bal ayı planını necə hazırlamaq lazımdır?

Bal ayında ən önəmli nüans hər iki tərəfin məmnun qalması və ürəyincə olmasıdır. Bunun üçün haraya gedəcəyinizi, necə bir yerdə qalacağınızı, hansı “event”lərə qatılacağınızı əvvəlcədən müzakirə edin. Sakit şəhərmi, izdihamla dolu şəhərmi? Əyləncəli günlər, yoxsa tarixi muzeylər? Bunların hamısını qarşılıqlı planlamalısınız.


Əgər bu və bunun kimi bütün suallara cavab hazırladınızsa, növbədə bal ayı üçün ən yaxşı məkanları seçmək qalıb.


Bal ayı üçün ən yaxşı yerlər:


Paris
Sevgililərin paytaxtı.

Hər bir cütlük ömürləri boyu bircə dəfə də olsa, xüsusilə də bal ayında Parisə getmək və bu əfsanəvi şəhərin görkəmli yerlərini ziyarət etmək arzusundadır. Sevgililər şəhəri sevgi kitabları, romantik filmlərin sayəsində yaddaşımızda dərin iz buraxıb. Bu şəhərdə yeni evlənənləri gözəl xidmət səviyyəsində bir çox otellər, ləziz təamları ilə məşhur restoranlar, zəngin mədəni proqram, həmçinin ən romantik küçələrdə gözəl gəzintilər gözləyir. Əsrarəngiz Eyfel qülləsi, “Luvr” müzeyi, “Pikasso” müzeyi, dünyanın ən böyük operası olan “Opera Qarnye”, “Bastilliya” operası, “Zəfər tağı”, “Notr-Dam de Paris", “Beş kral meydanı”, “Vandom meydanı”, “Konkord meydanı”, “Viktoriya meydanı” və s.  bal ayında baş çəkiləcək ən gözəl yerlərdir. Paris öz gözəlliyi ilə hər kəsi valeh edir və ziyarət edildikdən sonra udulmaz təəssüratlar bağışlayır.


Roma
Qədim tarixi və zəngin memarlığı olan əfsanəvi şəhər.

Bal ayında Romaya səyahət tarixi abidələr və muzeylərdən doymayacağınız xatirələr yaradacaqdır. Siz burada dəbdəbəli otellərdə qala, dadı damağınızdan getməyəcək yeməkləri ilə ad çıxarmış restoran servisindən istifadə edə, hər parçası həyat eşqi ilə dolub daşan küçələri gəzə bilərsiniz. Romada bal ayı sizə “Trevi” fəvvarəsini, “Navona” meydanını, “Borqeze” qalereyasını, “Həqiqətin ağzı” abidəsini, “Viktor” monumentini, “Kolizey”i vəd edir.


Venesiya
Dünyanın ən romantik şəhəri

Sular içində üzən Venesiya bal ayı üçün ideal yerlərdən biridir. Sevgi şəhəri Venesiyanı gəzmək üçün ən romantik üsul – səs-küydən, tıxaclardan uzaqda dar və geniş kanallar üzrə qayıqla səyahət etməkdir. Bundan əlavə şəhərin özünəməxsus memarlıq tikintisi bal ayınızı füsunkar nağıllar aləminə döndərəcək. Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də “San-Marko” meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən kəlməni eşitməmiş olsun: "Avropanın ən qəşəng mehmanxanası San Markodur". Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Burada qədim oturacaqlarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 avroya. Soruşa bilərsniz niyə belə baha? Ona görə ki, burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da, XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar. Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. adını çəkmək olar.


Venesiyada bal ayı keçirməyin üstünlüklərindən biri də şəhərdə baş tutan karnavallardır. Venesiyalıların dünyada məşhur olan karnavalı fevral ayında keçirilir və 10 gün davam edir. Bu adət romalıların keçirtdikləri Saturinalilərdən qaynaqlanır. Həmin yığıncaq bərabərlik və tərəqqinin hökm sürəcəyi qızıl əsrin şərəfinə keçirilirdi. Bayram ərəfəsində qullar azad vətəndaşlarla bir süfrə arxasında əyləşir, sahibləri isə onlara şərab gətirərdi. Lakin şərti qaydaların şənliyi pozmaması üçün iştirakçılar sifətlərinə maska taxırdılar. Mərasimdə seçilən yalançı şah özünü öldürməli idi. Birinci karnavalın keçirilməsi ilə əlaqədar müxtəlif versiyalar var. Onun haqqında ilk məlumat XI əsrə aiddir. Başqa bir rəvayətə görə isə bu daha əvvələ, gənc venesiyalıların öz nişanlılarının dəniz quldurlarından xilas etdikləri tarixə, yəni 998-ci ilə gedib çıxır. Venesiya karnavalları öz çiçəklənmə dövrünə  XVIII əsrdə çatdılar. Düzdür 200 il unudulsa da yenidən 1980-ci ildə dirçəliş dövrü başlandı. Bir şeyi də unutmayın ki, hər il bu buraya səfər edən 7 milyon turistdən məhz 500 mini karnavala qoşulmaq üçün gəlir.


Florida
İşıqlı ştat

ABŞ-ın ən məşhur ştatlarından biri olan Forida da bal ayı üçün ən yaxşı yerlərdəndir. Əgər payız və qış aylarında toy edib bal ayını yağışlı, soyuq, qarlı keçirməkdən qorxursunuzsa, Florida sizin qorxularınızı məmnunluqla yerlə bir etməyə hazırdır. Burada hətta qış mövsümündə də günəşin saçmasına zəmanət verilir. Buna görə də ilin istənilən mövsümündə bal ayının keçirilməsi üçün ən yaxşı yerlərdən biri hesab edilir. Sakit, romantik və sərin mehli dəniz sahillərindən tutmuş uca hündrlüyü ilə göz oxşayan binalara qədər hər şey sizi valeh edəcəkdir.


Mexiko
– Hər mövzuda heyrətləndirən şəhər

Meksikanın paytaxtı Mexiko hər mövzuda öz sözünü deyir! Əgər sən Mexikoya 8 dəfə səyahət etmisən və çox yerini gəzmisənsə, 9-cu dəfə səyahət edərkən də heyrətlənəcək bir şeylə qarşılaşacaqsan. Deməli, bu qədər yaşam əzəmətinə sahib şəhər bal ayı üçün də əla seçimdir. Heyrətamiz təbiəti və parlaq mədəniyyətindən başqa bu şəhər gözəl çimərlikləri ilə məşhurdur. Mexikoya çatdıqdan sonra siz sanki başqa romantik dünyaya düşmüş olacaqsınız. Burada siz ətirli yeməklərdən dada, həyat yoldaşınız ilə çimərliklərdə vaxt keçirə, daha sonra isə müqəddəs məbədlərə yürüşlərdə iştirak edə bilərsiniz.


Tayland
– Şəffaf sular ölkəsi

Ekzotik yeməkləri və rəngarəng mədəniyyətindən başqa, Tayland həmçinin romantika axtarışında olan cütlüklər üçün ideal məkandır. Bütün bunlar dünya səviyyəli səhiyyə və infrastruktura malik, nəzakətli və xeyirxah insanları olan kurort səviyyəsinə əsaslanır. Romantik gecələri çarpan dalğaların səsi, ideal sakit səma altında keçirərək siz özünüzü sanki cənnətdəki kimi hiss edəcəksiniz.


Keniya
– Yaşamın tam mərkəzi

Qeyri-adi flora və faunası, əzəmətli təbiəti, qədim meşələri və maraqlı mənzərəsi olan Kilimancaro dağı ilə məşhur olan Keniya sizə bal ayı üçün qucaq açmaqdan məmnundur. Bu cür füsunkar təbiət qoynunda siz gəzə, həm əylənə, həm də istirahət edərək bal ayının dadını çıxara bilərsiniz.


Maldiv adaları 
– Ağ qumlu sahillər

Cütlüklərin ənənəvi olaraq seçdikləri istiqamətlərdən biri də Maldiv Adalarıdır. Ağappaq qumu olan ideal çimərliklər, mərcan riflər, rahat villalar və gözəl mətbəxi siz məhz Maldiv adalarında tapacaqsınız. Bu cənnət məkanın bir mənfi cəhəti var ki, o da çox baha olan qiymətləridir. Dünyanın bəlkə də ən gözəl qumlu sahilini tapa biləcəyiniz Maldiv adaları, Hind Okeanına səpələnmiş yüzlərlə adadan ibarətdir. Yüzdə doxsan doqquzu dənizlə əhatə olan bu tətil cənnətinə Bakıdan 16 saatlıq bir uçuşla çatmaq mümkündür. Əgər həyatınızda bircə dəfə olan bal ayına daha çox pul xərcləməkdən qorxmursunuzsa, onda elə Maldiv Adaları sizin üçün ən ideal məkandır.


Baham adaları
– Günəşli sahillər dünyası

Bu ada yeni ailə quran cütlüklər arasında kifayət qədər məşhur yerdir. Burada ikilikdə romantik istirahət etmək üçün xeyli sayda otellər var. Gözəl iqlimi, parlaq günəşi, gözəl çimərlikləri və ən gözəl tropik mənzərələri olan adalar sizə unudulmaz günlər yaşadacaq.


Havai adaları 
– Vulkanlı bal ayı

Ekzotik Havai adaları mütləq sizə unudulmaz təəssüratlar bəxş edəcək. Əgər əkşn sevən cütlüksünüzsə, bu məkan tam sizin üçündür. Burada sörfinqlə məşğul olmaq, əsl vulkana səyahət etmək, balinaları seyr etmək və daha nələr etmək olar. Tropik bağlar, mavi laqunalar sizin ilk ailə istirahətiniz üçün gözəl fon yaradacaq.


Seyşel adaları – Ada dövləti

Seyşel Adaları Respublikası - Şərqi Afrikada, Hind Okeanının qərb sahillərində (ekvatordan cənubda) yerləşən ada dövlətidir. Adalar Afrika qitəsindən 1600 km aralıqda, Madaqaskar adasından şimalda yerləşir. Arxipelaq ekvatora çox yaxın olsa da, cənub-şərq allüvialları səbəbindən iqlim mülayimdir. Bu isti iqlim iyundan noyabr ayına qədər davam edir. Buna görə də siz çəkinmədən payızda da bal ayı üçün bura səyahət edə bilərsiniz. Bal ayı günlərinizdə siz tısbağaları və köpək balıqlarını izləyə bilərsiniz. Təbii materiallardan tikilmiş füsunkar otellərdən sahili ayağınızın altına almaq kimi gözəl şansınız vardır. 120 hektar sahə ərazi isə endemik bitki örtüyünə malikdir. Seyşel adaları təəccüblü təbiəti ilə əhatə olunmuş, tropik bir cənnəti xatırladan unikal bir məkandır. Burada termal su ilə bir hovuz, masaj və sağlamlıq prosedurları, uşaq klubu üçün ayrı Spa-villaları olan Spa mərkəzi var. Zərif restoran və barlarda siz beynəlxalq mətbəxin zövqlərini, həmçinin müxtəlif dəniz məhsulları yeməklərini dadacaqsınız. Şeyşel adalarında keçən bal ayı sizə 1 il kimi gələcək!


Kipr - Əyləncənin beşiyi

Kipr çimərlik tətili üçün mükəmməl bir ölkədir. Gözəl Aralıq dənizi iqlimi, heyranedici dərəcədə təmiz çimərliklər , zəngin bir ekskursiya proqramları, bənzərsiz spa proqramları və milli festivallar, geniş otel seçimi, əyləncəli proqramlarla dolu cənnətin tam mərkəzi! Bir sözlə, Kiprdə yaxşı vaxt keçirmək üçün lazım olan hər şərait var. Bal ayı seçimini Kiprdə edənlər hər zaman buralara qayıtmaq ümidi ilə buranı tərk edirlər.


Şri-Lanka – Hər parçası gözəldir!

Şri-Lanka o qədər gözəl və əsrarəngizdir ki, hər yeri bir anda gəzmək istəyirsən. Coğrafi mövqeyi ilin hər fəslində valehedici iqlim şəraitinə malik olmasını təmin edir. Adanın dəniz sahilləri Şri-Lankanın boynuna salınmış bir kəhrəbanı xatırladır. Rəvayətə görə, Adəm və Həvvanın ilk ayaq basdıqları məkan da məhz Şri-Lanka olub. Bu da dünya ölkələrində sevginin nişanəsi kimi yadda qalıb. Qızılı qumlu çimərliklər, müasir şəhərlər, təbiətin bənzərsiz gözəlliyi olan şəlalələr, yaşıl çay plantasiyaları, rəngarəng çiçəklər, kokos palmaları, ekzotik meyvələr, al-əlvan rənglərə çalan tutuquşular, uzunquyruq meymunlar turistlərdə qeyri-adi təsir bağışlayır. Buddanın vətəni hesab olunan Şri-Lanka qara çayları ilə dünyada məşhurlaşmışdır.


Ratnapura — dünyanın və Şri-Lankanın ən qiymətli yeri sayılır. Burada orta əsrlərdə inşa olunmuş və hər tərəfi zümrüd, yaqut, ametis, topazla bəzədilmiş sarayın işartısı adamın gözlərini hələ şəhərə girmədən qamaşdırır. Ratnapurda turistlərə qiymətli daşların emal olunduğu zavodları gəzməyə də icazə verirlər.

Hindistan yarımadasının cənubunda ekvatordan 800 km məsafədə, Hind okeanında yerləşən Şri-Lanka (Seylon) dünyanın ən gözəl yerlərindən biri hesab edilir.


Bali – Mistik ada

“Mistik Tropik Ada” adlandırılan Bali, az rast gəlinən qumlu sahilləri və məbədləri ilə sizə cazibədar gələcək bir cənnətdir. İndoneziyanın turizm baxımından ən tanınan və ən çox rəğbət görən adası olan Baliyə səyahət etmək istəyirsinizsə tələsin! Bu qeyri-adi yerdə bal ayınızı yaşayın və unutmayacağınız xatirələri yaradın. Dünyanın ən gözəl yerlərindən biri olan Bali adası İndonezyanın 16 min adasından biridir. Hər nə qədər ölkəmizdən uzaqda yerləşsə də adanı bir dəfə gördükdən sonra növbəti dəfə getməyə insan can atır. Bali ekvatorda yerləşdiyindən ilin bütün fəsillərində 30 dərəcədən çox isti olur. Bəzi aylarda musson yağışları olur amma bu heç kimin gözünü qorxutmasın, çünki yağışlar adətən gecə saatlarında yağmaqla səhər yağışdan əsər-əlamət qalmır. Bali sizin üçün bu qədər sevgi dolu qucaq açıb, sizə isə bal ayınızı Baliyə planlaşdırmaq qalır.


Brügge – Qədim dünya

Belçikanın Flandriya bölgəsində öz memarlıq və tarixi abidələr baxımından fərqlənən Brügge şəhəri sərfəli bal ayı məkanlarındandır. Brügge tək-tük şəhərlərdəndir ki, İkinci Dünya müharibəsi zamanı zərər görməyib. Buna görə də, orta əsrlərə məxsus memarlığı hələ də qorumaqdadır. Brügge dadlı, müxtəlif və hər cür şokaladları, şəhərə xüsusi gözəllik qatan kanalları və çeşidi bol pivəsi ilə məşhur turistik şəhərdir. Əgər siz bal ayı məkanınızı Brügge seçsəniz, o zaman “Bizim Leydi kilsəsi”nə baş çəkə, “Djiver” kanalında qayıq gəzintisinə çıxa, “Kruispoort”da gözəl şəkil çəkdirə, “Dweersstraat”da sevgilinizlə birlikdə gəzə bilərsiniz. Şəhərin mərkəzindəki binaların sizi özünüzü orta əsrlərdə hiss etdirəcək damlarını seyr etməyi də unutmayın!


Zənzibar

Zənzibar və ya Zangibar Afrikanın şərqində yerləşən, iki adadan ibarət Tanzaniyanın bir bölgəsidir. Zənzibar Zangibar və Pemba adalarından ibarətdir. Dünyanın ən tanınmış ədviyyat ixracatçılarından olan Zənzibar bal ayınız üçün ideal məkanlardandır. Çünki məkanın əsas gəliri turizmdəndir. Zənzibar sahillərində siz doyuncaya qədər çimə, günəşlənə, “Sulatn” sarayına baş çəkə, “Möcüzələr evi”ndə əyləncəli vaxt keçirə bilərsiniz. Əgər bal ayınız üçün ucuz məkanlar axtarırsınızsa, Zəngibar tam sizin üçündür.


Pattaya – Gəz, ye, gülümsə!

Tayland deyəndə ağlımıza ilk Pattaya şəhəri gəlir. Şəhərin mərkəzi və ürəyi “Walking Street” hesab edilir. Əgər siz bal ayınızı Pattaya şəhərində keçirsəniz, o zaman “Walking Street”in gecə həyatı içərisində itib batacaqsınız. Burada rock, pop, hard music ifaçıları ilə qarşılaşacaq, hər addım başı əyləncə məkanları və gecə klublarına rast gələcəksiniz. Niyə bal ayınızı Pattayada keçirməlisiniz? Çünki bu şəhər o qədər əzəmətlidir ki, 2005-ci ildə 5,4 milyon turistə öz qapılarını açmışdır. Pattayada 2000-dən çox otel, dünyanın bütün mətbəxlərinə sahib minlərlə restoran xidmətinizə hazırdır.


Benilüks

Şimal-Qərbi Avropada Fransa ilə Almaniya arasında yerləşən Benilüks üç qonşu ölkəni – Belçika, Niderland, Lüksemburq – birləşdirən ittifaqdır. Benilüks “İqtisadi Birlik” sazişinin imzalanması nəticəsində iqtisadi cəhətdən olduqca güclənmiş dövlətə çevrildi. Bu da onun turistik əhəmiyyətini artırdı.


Bora – Bora

Adını bəlkə də ilk dəfə eşitdiyiniz Bora-Bora adası Sakit okeanda Fransanın tabeliynə məxsus adadır. Bal ayı seçiminizi yaxşı düşünün: burada qalmaqla siz dənizin içində tikilmiş rahat evlərdə qalaraq dəniz havasını bir başa hiss edə bilərsiniz. Çimmək istəyirsiniz? Bunun üçün uzun məsafə qət etməyə ehtiyac yoxdur. Evinizin balkonundan bir başa dənizə kəllə də vura bilərsiniz. Adadakı meşədə isə siz təbiətin zənginliyinin bir daha fərqinə varacaq və günün sonunda dadlı balıq təamlarından dada biləcəksiniz.


Cancun

Meksikanın ilk baxışdan insanı valeh edən Cancun şəhəri Qəraib dənizi sahillərində yerləşməklə əsl bal ayı şəhərinə çevrilmişdir. Şəhərin mütəmadi inkişafı turizmin də inkişafına əsaslı təsir göstərmişdir. Cancun ağ qumlu sahilləri, palmaları, mərcan rifləri ilə zövq oxşayır. Burada xidmət göstərən 150-dən çox otel vardır ki, ildə 4 milyondan çox turisti özünə qonaq qəbul edir. Bu kiçik yerə bu qədər çox insanın gəlməyinin səbəbi isə otellərin, restoranların, əyləncə mərkəzlərinin, bir sözlə, xidmət sahələrinin hər büdcəyə görə növlərinin olmasıdır.


Florensiya

Renessansın, milyonlar qədər dəyəri olan rəsm əsələrinin müəllifləri olan rəssamların vətəni, İtaliyanın hər küçəsi bir mədəniyyətdən xəbər verən əsrarəngiz şəhəri Venesiya Appenin dağlarının ətəklərində yerləşən, ortasından Amo çayı keçən mədəni irsi ilə dünyanın nəzərlərini özünə çəkən gözəl şəhərdir. Donatellonu, Mikelancelonu, Leonardo da Vinçini, Sandro Botiçellini və s. kimi dünyada öldükdən sonra belə öz imzasını yaşadan dahi şəxsiyyətləri ruhlandıran, ilham mənbəyi olan Florensiya Respublikamızın Şəki şəhəri ilə qardaşlaşmış şəhərdir. Bal ayınızı burada keçirməyi planlaşdırırsınızsa, şəhərin qalereyaları, muzeyləri, kitabxanaları, kafeləri sizi valeh edəcəkdir və zamanın necə axıb getdiyindən xəbəriniz olmayacaqdır.


Amsterdam

Avropanın ən iri aeroportlarından biri olan Sxinpol beynəlxalq aeroportuna sahib olan Niderlandın paytaxtı Amsterdam ticarət şəhəri kimi də məşhurdur. Şəhərin demək olar ki, hər bölgəsində incəsənət və memarlıq abidəsi vardır. Bal ayınız Amsterdamda keçirmək istəyirsiniz? Elə isə, burada sizi “Kral sarayı”nın, 14-17-ci əsrə məxsus kilsələrin, “Kral Elmlər Akademiyası”nın, “Rembrandtın ev muzey”nin, Niderland Kral elm və incəsənət akademiyasının, “Stedeleykmuzey”in, “Tarix Muzeyi”nin, “Dəniz Muzeyi”nin, “Teatr Muzeyi”nin, “V.Van Qoq muzeyi”nin, “Kon sertgebau” orkestrının, “Niderland Kamera Orkestrı”nın, “Qau deamus” müasir musiqi cəmiyyətinin, “Amsterdam Filarmoniya Orkestrı”nın, “Nyive” kerkqotik kilsəsinin, Milli monumentin yerləşdiyi “Dam meydanı”nın sizi gözlədiyini bilməlisiniz! Bu şəhər dünya üzrə məşhur musiqi, opera, teatr və rəqs kollektivinin, rəssamların vətənidir.


Santorini

Nağıllar dünyasına xoş gəlmisiniz! Yunanıstanın Egey dənizindəki vulkanik adalar qrupu olan Santorini hal-hazırda dünyanın ən çox səyahət edilən, ən çox bəyənilən yeridir. Yunanıstanın bu turostik adasında mifik Atlantida barədə ilk muzey açılıb. “Lost Atlantis Experience” adlı muzey itirilmiş dünya panoramını ziyarətçilərin diqqətinə çatdırır. Ehtimallara görə, məhz Santorini adasında vulkan püskürməsi nəticəsində məhv olan mifik şəhər yeni muzey vasitəsilə yaxından öyrənilə bilər. Burada innovativ 9D texnologiyası vasitəsilə vulkan püskürməsi, sunami və zəlzələləri hiss etmək, şəhərin inkişafına nəzər yetirmək olar. Bundan əlavə şəhərin kurort sahilləri, mədəni restoranları, fərqli dizaynlı otelləri qonaqları tam razı salır. Bal ayınız üçün həm məsafəcə, həm də rəngarəngliyinə görə əla seçim ola bilər. Santronidə sizi valeh edəcək bir şey də şəhərin küçələrinin təmizliyi və səliqəliliyi olacaqdır.


Havana

Siqar, şəkər qamışı və qarğıdalısı ilə məşhur olan Kubanın paytaxtı və Karib dənizindəki ərazilərin ən böyük şəhəri olan Havana Kubanın ən birinci turizm mərkəzi hesab edilir. Barok və neoklassik abidələri ilə gözlərimiz önündə möhtəşəm mənzərə yaradan “La Habana Vieja” 1982-ci ildə UNESCO-nun “Dünya mədəniyyət mirası” nəzarəti altına alınmışdır. Füsunkar gözəlliyi ilə ağlı başdan alan məkanların içərisində “Castillo da la Real Fuerza” və “La Cabana” da var. Əgər siz qədim tikililəri, xüsusilə də dağınıq və yıxıq binaları sevirsinizsə, şəhərin “Centro Habana” adlanan hissəsi tam istəyinizə uyğun olacaqdır. Çünki bu ərazi təmir və yenidən qurmalardan məhrum olmuşdur. Sırf bu səbəbdən də yalnız qədimiliyi sevən turistlər tərəfindən sevilir və ziyarət edilir. 2006-cı ildə 3 milyona yaxın turisti qonaq etməsiylə yaxşı gəlir əldə etdikdən sonra şəhərin inkişafı daha da sürətlənməyə başlamışdır. Açıq hava muzeyi olaraq təyin oluna biləcək şəhərin saysız muzeyi, koloniyel arxitekturası, qastronomik müxtəlifliyi və musiqisi ilə bütün dünyada bənzərsiz bir mövqedədir. Bal ayı üçün şəhər mükəmməl seçimdir, amma şəhərin ən yaxşı yerləri qərb istiqamətindədir. Burada yerləşən “Santa Maria” çimərliyi bal ayınızı ən yadda qalan aya çevirəcəkdir.


Kuşadası

Quşadası Türkiyənin mənzərəli və səfalı kurort şəhəridir. O, Egey dənizi sahilində yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Şəhərin gözəl təbiəti və dənizə açılan panoraması insana bir anlıq kiçik cənnəti xatırladır. Quşadası insanın tərk etmək istəmədiyi bir yerdir. Burada demək olar ki, bütün otellər dənizin sahilində yerləşir. Bu kiçik şəhər hər il minlərlə müxtəlif növ quşların bura uçub gəlməsi və yuva qurması səbəbindən Quş adası adlandırılıb. Bal ayınızı romantik keçirtmək istəyirsinizsə, burada yerləşən restoran və diskotekalara üz tuta bilərsiniz. Quşadasında çimərliklər əsasən qumlu, bir qismi isə çınqıl-daşlıdır. Dənizin təmizliyinə və şəffaflığına isə söz ola bilməz. Burada istirahət mövsümü iyun ayında başlayır və avqusta qədər davam edir. Qalan digər aylarda havalar soyuq keçir və güclü küləklər əsir. Hə, onu da deyim ki, dənizdən nə kanalizasiya, nə də ki, neft iyi gəlir.


Şəhərdə çoxlu sayda restoran, mağaza və gecə klubları var. Mərkəzdə iki aquapark fəaliyyət göstərir. Avropanın ən hündür aquaparkı da buradadır. Onun hündürlüyü 225 metrdir. Adrenalin həvəskarları bir baş bura üz tuturlar. Elə Avropanın özündən də. Bura turistlər əsasən rahat otellərdə dincəlmək, su və sualtı idman növləri ilə məşğul olmaq, təzə balıq yemək, gecə klublarında əylənmək və əlbəttə ki, Efes, Milet, İzmir, Perqam, Troya, İerapolis və Pamukkaleyə səyahət etmək üçün gəlirlər. Bir maraqlı faktı da qeyd edim ki, Quşadası ərazisində delfin və köpək balıqları olan otel də var. Burada delfinlə suda üzmək 50 dollar, köpək balıqları ilə rəqs etmək isə 100 dollara başa gəlir. Bura gəlib həyatını riskə atmaq istəyənlər dəmir qəfəsə salınaraq bir başa akulaların qaynadığı hovuza salınır.

Kurort şəhəri həm də məşhur qədim abidələrlə əhatə olunub. Burada Efes, Didima, Priena və Miletors kimi qədim şəhərlərin qalıqları aşkar olunub. Ümumiyyətlə, Türkiyəyə istirahətə gələrək bir vaxtlar qədim dünyanın mühüm ticarət mərkəzi olan Efesi ziyarət etmədən getmək olmaz.

Şəhər ilə hərəkət etdikcə sanki nağıllar aləminə düşürsən, ya da ki, hansısa cizgi filmini seyr edirsən. Yol kənarında və ümumiyyətlə şəhərin əksər yerlərində bütün yaşayış evlərinin üzəri standart olaraq qırmızı keramika ilə örtülüb. Şəhərdə və onun bölgələrində olan evlər 2-5 mərtəbədən hündür deyil. Şəhər əhalisinin həddindən artıq zəhmətkeş olması da insanı heyran edir. Belə ki, istər təyyarədə olarkən, istərsə də yolla hərəkət etdiyimiz zaman boş torpaq sahəsi görmədik. Bütün ərazilərdə səliqəli şəkildə əkin sahələri salınıb. Şəhər demək olar ki, zeytun ağaclarına bürünüb. Yolların kənarlarında əkilmiş palma ağacları şəhərə xüsusi gözəllik verir. Burada ilin 10 ayı havalar isti keçdiyindən evlərin üzərində günəş batareyaları quraşdırılıb. Deyilənlərə görə bu batareyalar sayəsində sakinlər özlərini sutka ərzində isti su ilə təmin edirlər.

Şəhərin ən istirahət etməli yerləri isə dəniz sahilləridir. Çeşmənin bütün küləklərə açıq olan dəniz sularında yelkənli qayıq və “windsurfinq” idman növləri üçün ideal şərait var.

Ümumiyyətlə şəhərin təmiz suyu olan çimərlikləri son dərəcə valehedicidir. Burada demək olar ki, hər il sörf üzrə dünya və Avropa çempionatları keçirilir. Elə bura turist kimi gələnlərin əksəriyyəti də, bu idman növlərinin həvəskarlarıdır. Ümumiyyətlə şəhərdə yerləşən əksər otellərin tərkibində təcrübəli təlimatçıların işlədiyi “windsurfing” məktəbləri fəaliyyət göstərir. Bura gələnlər bir neçə günlük təlimlərdən sonra artıq dəniz suları üzərində şütüyə bilirlər. Lakin bu idman növünü peşəkar səviyyədə öyrənmək üçün bir qədər vaxt tələb olunur. Burada həmçinin yaxta kirayə etmək və gözəl dəniz sahili ilə üzmək imkanı da var. Ümumiyyətlə siz Çeşmədə istirahət edərək bərə ilə Xios, Samos və Kos kimi yunan adalarına, həmçinin İzmir şəhərinə, həmçinin qədim şəhərlər olan Efes və Perqama səyahət edə bilərsiniz.

Bal ayı üçün möhtəşəm məkanlardan ən üst sırada olanları sizə təqdim etdik. Amma söyləmədiyimiz bir nüans qaldı. O da ki, “Bal ayına gedərkən özümüzlə nələr aparmalıyıq?” sualına cavab vermək.


Bal ayı çantamızda nələr olmalıdır?

Fotoaparat – 1 aylıq müddətdə siz təkcə istirahət etməyəcək, həm də gəzəcək, gəzib görməli yerlərə baş çəkəcək, fərqli mədəniyyətlərlə qarşılaşacaqsınız. Bu zaman isə həyat yoldaşınızla birlikdə keçirdiyiniz günləri ömürlük yaddaşa vurmaq üçün yeganə üsul şəkil və videodur. Bal ayı evliliyin möhtəşəm parçası olduğu üçün bal ayında çəkilmiş şəkillər də möhtəşəm olmalıdır. Bunun üçünsə, telefondansa, fotoaparat daha məsləhətlidir. Bal ayı zamanı çəkdirdiyiniz şəkilləri sonra çap etdirmək əla fikirdir.


Gündəlik – Xoş gün elə tez keçər ki, heç doymazsan. Bal ayını da illərlə sanki dünən olmuş kimi yadda tutmaq üçün gündəlik ən gözəl vasitədir. Bir aylıq müddətdə nələr etdiyinizi, başınıza gələnləri, aranızda olan romantik dialoqları yaza və gələcək illərdə oxuyub həmin günləri yenidən yada sala bilərsiniz. Hətta özünüzlə apardığınız fotoaparatla çəkdirdiyiniz şəkillərdən bir neçəsini də gündəliyin uyğun yerinə yapışdıra bilərsiniz.

Paylaş

“Zəhərdən sərxoşlanan” hekayələr kitabının müəllifi, Azərbaycanda “İstiqlal” nəşriyyatının təsisçisi və direktorudur. Jurnalistika fəaliyyəti üzrə bir neçə əməkdaşlıqları mövcuddur.

Bədii yaradıcılığa, mütaliəyə olan sevgisi ona Bakı şəhərində “Autumn Bookcafe” konseptini yaratmağa motivasiya vermişdir.

Eyni zamanda, 20-dən çox qısametrajlı filmin müəllifidir. Çəkdiyi filmlərlə 10-a yaxın müsabiqədə uğur əldə etmiş, “Ən təsirli film” nominasiyasına layiq görülmüşdür. İngiltərədə təqdimatı keçirilmiş “Çadır şəhərciklərindən yeni qəsəbələrə” sənədli filminin də operatorudur.

Fotoqraf, videoqraf kimi fəaliyyəti üzrə də müsabiqələrdə qalib gəlmişdir.

Hazırda isə digər kitablarının üzərində işləyir.

Bütün bloqlar