Daxil olQeydiyyat

Venesiya karnavalı

FEVRAL 5, 2020 4 dəq. oxu
Venesiya karnavalı

Möhtəşəmliyi, özünəməxsusluğu, tarixi əhəmiyyəti və rəngarəngliyi ilə Venesiya Karnavalı hər il İtaliyaya festival zamanı minlərlə turistin axın etməsinə səbəb olur.

Venesiya karnavalı haqqında məlumatın ilk sorağı 1094-cü ildən gəlir.  Dogne Vitale Faliero tərəfindən imzalanan sənəddə rastlanan “carnevale” kəlməsinin işlədilməsi karnavalın ilk dəfə məhz bu ildə keçirildiyi ehtimalının irəli sürülməsinə səbəb olur. O dövrdə karnaval zümrələr arasında olan fərqləri nəzərə alaraq, xüsusən, aşağı siniflərdən olan insanların da iştirakını təmin etmək məqsədi ilə  maskalar taxılaraq keçirilirdi. Bu həm də anonimliyə xidmət edirdi. Aşağı və ya yuxarı sinifə mənsub olmasından asılı olmayaraq hər kəs birlikdə əylənə bilirdi.

Amma karnaval haqqında ilk rəsmi sənəd Venesiya Karnavalını dövlət tətili elan edən Respublika Senatının Böyük Pəhrizdən  əvvəl təyin etdiyi 1296-cı ilə təsadüf edir. O andan başlayaraq, növbəti bir neçə yüz il ərzində Karnaval altı həftə davam etdi, ümumiyyətlə 26 dekabr və “Kül Çərşənbə” günləri arasında qeyd edilməyə başlanıldı. XVIII əsrdə Venesiya Karnavalı artıq “qızıl dövrü”-nü yaşayırdı. Bölgədə və dünyada tanınması Venesiyaya ziyarətçilərin axın etməsinə səbəb oldu. 1797-ci ildə Napoleon tarixi müdaxiləsi ilə karnaval öz təmtərahından məhrum oldu. Yalnız tarix 1979-cu ili göstərdikdə iki əsrlik “böyük susqunluq”-dan sonra Venesiya Bələdiyyəsinin iqtisadi töhfəsi və əlbəttə ki, dövlətin ölkəyə turist cəlbini artırmaq siyasətini həyata keçirmək məqsədi ilə Venesiya Karnavalı yenidən təşkil edilməyə başlanıldı.


Karnavalın mənşəyində dayanan mədəniyyətlər

Maskalardan istifadə edilməsi əvvəldə də qeyd etdiyim kimi,  Venesiyada uzun bir ənənəyə malikdir. Karnavalı qədim Paqan adət-ənənələri ilə də bağlayanlar var. Amma  Venesiya Karnavalı mənşəyində daha çox iki qədim mədəniyyətin adət-ənənələrinə rast gəlmək mümkündür. Bunlar Latın Saturnaliyası və Yunan Dionisian mədəniyyətidir. Hər iki kultu özündə ehtiva edən Venesiya  karnavalı yunan mədəniyyətinin teatr, maskalarını və Roma saturnaliyasının  siniflərin bərabərləşməsi  ənənəsini birləşdirməyi bacardı. Qədim Romada Saturn Allahının şərəfinə təşkil edilən bayramlar zamanı sahiblər və qullar arasında fərqlər bir neçə günlük də olsa ortadan qalxır, zümrələrarası bərabərləşmə baş verirdi. Bütün  ictimai qaydalar pozularaq qullar və azad vətəndaşların musiqi sədaları altında rəqslər etməsi Saturnaliyanın ən önəmli hissəsi idi. Venesiya karnavalında  da insanların bərabərləşməsi buna işarədir. Maskaların isə Yunan teatr mədəniyyətinin bir parçası olduğu iddia edilir. Həmçinin, teatr tamaşalarının göstərildiyi məkanlarda da sinif fərqi olmadan insanlar bərabər mühitləri bölüşə bilirdilər. Digər tərəfdən, tamaşalarda ictimai-siyasi məsələlər öz əksini tapırdı. Hər iki kultun sintezinə çevrilməyi bacaran Venesiya karnavalı bəlkə də belə dərin köklərə sahib olduğu üçün zamanın sınağından çıxmağı bacardı. Venesiya Karnavalının anonimliyi  maskalarda təzahür etdirməsi sosial cəhətdən aşağı olan təbəqələrə  hakimiyyət və aristokratiyaya qarşı lağ etmələrinə imkan verdi. Bu həm də təbəqələrarası gərginliyi ildə bir dəfə də olsa, azaltmağa şərait yaradırdı.


Anonim cinayətkarlar

Bəli, karnaval ərəfəsində istifadə olunan maskalar məhz anonimliyə xidmət etməli idi. Amma vaxt ötdükcə bəzi cinayət halları bu maskalar altında gizlədilməyə başlanıldı. Karnavalın əsas məqsədi və mənşəyi  gərginlik və narazılıqları yatırmaq olsa da əks təsirə səbəb oldu. Venesiyada ənənəvi  karnaval geyimlərində və  maskalarında insanların şəxsiyyətini tamamilə gizlətmək istəyi özünü birüzə verirdi. Oğurluq, cinayət və təcavüz halları artmağa başladı. Nəticədə Venesiya höküməti karnaval geyimlərinə və maskalara qadağalar qoymağa məcbur oldular. İlk məhdudlaşma 1339-cu ildə Venesiya karnavalı zamanı gecələr maskalanmağı qadağan edən fərmanla gəldi. Amma zaman keçdikcə vəziyyət daha da gərginləşməkdəydi. Qadın və ya dini geyimlərdə kilsələrə, monastrlara gedərək əxlaqsız hərəkətlər edən xuliqanların sayı artmağa başladı. Belə hərəkətlərin qarşısını almaq üçün XV əsrdə  Venesiya Karnavalı dövründə müqəddəs məkanlara maska taxaraq daxil olmaq qadağan edildi. Venesiya sakinlərinin təhlükəsizliyi artırmaq məqsədi ilə cinayət aləti ola biləcək cisimlərin daşınmasına da qadağa qoyuldu.

XVIII əsrdə isə Venesiya Karnavalı zamanı maskalar və karnaval geyimləri ilə kazinolara getmək qadağan edildi. Bu dövrə qədər isə venesiyalılara karnavaldan altı ay əvvəldən başlayaraq maskalar geyinməyə icazə verilirdi. Kazinolarda, əsasən,  qara məxmər geyimdə maskalı şəxslər xüsusi olaraq qumar oyun salonlarında peyda olmağa başladılar. Alınmış tədbirlərə baxmayaraq cinayət halları baş verməkdə idi. Bu isə Venesiya Karnavalının mahiyyətində dayanan azadlıq və bərabərlik ideyasına xələl gətirirdi. Nəhayət, 1797-ci ildə Venesiya Respublikasının və İtaliyanın bir hissəsinin Napeleon tərəfindən işğalı nəticəsində yalnız Venesiya saraylarındakı ziyafətlər istisna olmaqla Venesiya Karnaval geyimləri ilə dolaşmaq tamamilə qadağan edildi. Ancaq bir neçə italyan adasında daha sakit şəkildə qeyd edilməsi davam etdirildi. Bu mərasimlərin keçirilməsi isə 1930-cu ildə Mussolini tərəfindən dayandırıldı.  Karnavalın yenidən böyük coşqu ilə  keçirilməsi ancaq iki yüz illik fasilədən sonra - 1979-cu ildə  baş tutdu.


Karnaval personajları

Bu gün Venesiya Karnavalı iki həftə davam edən böyük bir festivala çevrilib. Bir çox tədbirlər, xüsusən də cəlbedici maskarad balları dəvətnamə tələb edir və olduqca baha bilet qiymətlərinə sahibdir. Amma konsertlər və küçə nümayişləri kimi bir çox pulsuz tədbirlər ictimaiyyət üçün açıqdır. Əlbəttə ki, karnavala gedərkən sizə ən azı bir maska lazım olacaqdır. Maska dükanlarının əksəriyyəti il ərzində ucuz maskalar satsalar da, karnaval vaxtı bu qiymətlər bahalaşa bilir. Karnavalın keçirildiyi günlərdə Barokko üslublu geyimlər, XVIII əsrə aid Venesiya hərbi geyimləri, fərqli üslubda, rəngli və incə detallı kostyumlar, hər növ nağıl personajları Venesiya küçələrində boy göstərir. Sizin üçün kostyum axtarışlarını asanlaşdırmaq üçün aşağıdakı keçidlər əlverişli olacaqdır. İstəsəniz öncədən onlayn şəkildə ya da Venesiyada olarkən bu mağazalardan alış-veriş edə bilərsiniz:

Mask shop Venice
Ca’Macana
Benor Machera Vanezia  
Ca’del  Sol Machere 


Karnavalın yaddaqalan anları

Maskalar və kostyumlar hazırdırsa, o zaman artıq karnavala qatılmaq olar. Bu il karnaval 8-25 fevral tarixlərində keçiriləcək. Karnaval boyunca Venesiyanın hər yerində, xüsusən də Müqəddəs Mark meydanında tədbirlər təşkil olunur. Hər il olduğu kimi, karnaval "Mələyin Uçması" şousu, 1500-cü illərə aid bir ritual və yaxta yarışları ilə başlayır. “Mələyin Uçuşu” (Volo dell'Angelo) hər il təxminən 70 000 nəfərin qatıldığı olduqca böyük tədbirdir. Şəhərin ən yüksək qülləsindən meydandakı səhnəyə uzanan iplə bir "mələyin uçması” olaraq reallaşan bu hadisə karnavalın ilk bazar günü həyata keçirilir. Uçacaq olan mələk, əvvəlki ilin ən gözəl qızları arasından seçilir. “Mələyin uçuşu” (bu il 16 fevral tarixində keçiriləcək) mərasiminin olduqca qədim tarixi var. Qartal Uçuşu (Volo dell’Aquila ) “Mələyin uçuşu”-na çox bənzəyən yeni başlayan bir ənənədir. Karnavalın ikinci bazar günü (bu il 23 fevral tarixində keçiriləcək)  baş tutur. Aslan Uçuşu (Svolo del Leon ) karnavalın son və əsas günü olan çərşənbə axşamı (bu il 25 fevral tarixində keçiriləcək) baş tutan bu şouda, şəhərin simvolu olan aslan fiquru olan bayraq qüllənin başından meydandakı izdihama endirilir. Səhnədə Maria adlı mələklər (qadınlar) onu qarşılayır. Bu şoudan sonra karnaval bağlanır. Bu tədbirin həm də aslanın Venesiyanın simvolu olduğu üçün rəmzi mənası böyükdür.

Nəzərə alsaq ki, karnavalın iki həftəlik zəngin proqramı var, o zaman digər alternativləri də gözdən keçirmək lazımdır. Karnavalın gündəliyinə salınan klassik musiqi konsertləri (məsələn,Vivaldinin “Dörd Mövsüm”-ü), teatr tamaşaları və operalar (ən çox izlənilənlər arasında “Sevilya Bərbəri” operası üstünlük təşkil edir) da turistlərin mütləq qatılmaq istədikləri arasındadır. Əlbəttə, əvvəlcədən hər kəs özü üçün uyğun olan proqramı təyin etsə, daha məqsədəuyğun olar. Karnavalın gündəliyini, keçirilən ballar haqqında məlumatları və digər tədbirlərin siyahısını aşağıdakı link vasitəsilə daha ətraflı öyrənmək olar:

Tədbirlərin cədvəli 

Turistlərin ən çox qatıldığı tədbirlər arasında sevgi macəraları ilə məşhur Kazanovanın şərəfinə təşkil edilən “ball” da var. Ballda ( bu il 22-23 fevral tarixində keçiriləcək) qonaqlara Kazanovanın sevgi sərgüzəştlərindən bəhs edən səhnəciklər, bir çox maraqlı oyunlar təqdim olunur. Eyni zamanda, Kazanovanın bir zamanlar həbsdə olduğu hücrə də turistlərin ziyarətinə açıqdır. Karnavalın rəsmi səhifəsindən, həmçinin, “Ən yaxşı maska” yarışması üçün də əvvəlcədən bilet sifariş etmək mümkündür. Karnaval zamanı ən uğurlu maskanı seçmək üçün San Marco meydanının ortasında qurulmuş böyük bir səhnədə yarışma keçirilir ( bu il 16 və 20 fevral tarixlərində keçiriləcək). Ətrafdakı bütün kostyumlu (biletli) iştirakçılar burada oturur və münsiflər heyəti tərəfindən ən yaxşı maska sahibi  seçilir.

Göründüyü kimi, bir neçə günlük də olsa tarixin bir parçasına  çevrilmək, əsrlər əvvələ səyahət etmək üçün heç də zaman maşınına ehtiyac yoxdur. Lazım olan isə rezervasiyaları öncədən etmək, sizə bu işdə yardım göstərən və viza xidməti təklif edən peşəkarlara müraciət etməkdir. Pickvisa.com  sizə axtardığınız həmin peşəkar xidməti təklif edir.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.