Daxil olQeydiyyat

İLKLƏR UNUDULMAZ OLUR. İLK SƏYAHƏT MƏSLƏHƏTLƏRİ

DEKABR 12, 2019 3 dəq. oxu
İLKLƏR UNUDULMAZ OLUR. İLK SƏYAHƏT MƏSLƏHƏTLƏRİ

Xatirələrimiz içərisində ilklər daha özəldir. İlk sevgimiz saf, ilk uğurumuz unudulmazdır. İlk səyahətimizsə, təzə dünyaya gəlmiş körpənin gözlərini açmasına bənzərdir. Amma həyatınızın birinci səyahətini etməkdən – bu addımı atmaqdan qorxursunuz? Qorxunuza qalib gəlməyiniz, səyahətinizin unudulmaz olması üçün sizin qarşınızda çoxlu məsləhətlərlə durmuşuq.

Səyahətə nədən başlayaq? Həyat sizin əlinizdədir və həyatı hansı tərəfə tərpədəcəyiniz sizdən asılıdır. Səyahətdə də əsas sizsiz, hər nəyi özünüzdən başlayın! Hazırlanın, qəti qərar alın və əyləncələrin qoynuna atılın. Psixoloji sədlərinizi yıxın, sizi arxaya atan qorxularınızdır. Özününzü psixoloji olaraq hazırlayın.

Səyahətdən gözləntilərinizi müyyənləşdirin. Ekstremal turizmlə göyləri fəth etmək – paraşütlə süzmək, dağlara dırmanmaq? Ya da sakitcə tarixi abidələrdə qədim dövrlərin köhnə havası ilə nəfəs almaq? Bəlkə dəniz? Bu suallara cavab verəndən sonra siz demək olar ki, səyahətə hazır olacaqsınız.

Dayanın, ölkəni də müəyyənləşdirməmisiniz? Bu vaxta qədər ancaq sizi əhatə edən şəhərlərə getmisiniz? İndi isə uzun yol aşıb, tanımadığınız ölkəyə getməyi düşünürsünüz? Onda sizə tövsiyəmiz: ilk səyahət üçün ən ideal variant qonşu ölkələrdir. Yol baxımından qonşu ölkələr daha uyğundur, yol yorğunu olmayacaqsınız. Həm də pulunuz qismən az çıxacaq və ən əsası qonşu ölkələrin mədəniyyəti və dili bir qədər bir-birinə yaxındır, bu da səyahətinizi asanlaşdıracaq.

Əsas addım – büdcəmizi hesablayaq. “Birdən pulum çox çıxdı?”, “Pul çatacaq?”, “Bircə pulumu itirməyim” kimi sözləri özünüzə deyib tir-tir əsməyin. Öncədən sizin biletə və hotelə verəcəyiniz puldan xəbəriniz var. Qalanları isə o qədər də problemli deyil. Siz üstünüzdə çox pul olmadan belə rahatlıqla büdcənizə sığışa bilərsiniz. Gedəcəyiniz ölkə haqqında dostlarınızdan, müxtəlif formlardan, internet saytlarından qiymətlər barədə maraqlanın. Büdcənizə uyğun olan məkanları seçib bir siyahı tərtib edin.

Yazaq, pozaq, tərtib edək. İçimizdən kimlərsə planlaşdırmanı qətiyyən sevmir, kimlərsə hər addımını planlaşdırır. Amma razılaşaq ki, səyahət etmək kimi məsuliyyətli bir işi planlaşdırmadan görmək olmaz, özəlliklə də ilk dəfədirsə. Birinci baza marşrutunu müəyyənləşdirin, gedəcəyiniz şəhərdə nələri görmək istəyirsiniz, nə ilə məşğul olmaq istəyirsiniz. Səyahətinizin müddətinə və cibinizin puluna uyğun məkanları qruplaşdırın. Gedəcəyiniz yer haqqında internetdən tapdığınız məlumatları bir yerə toplayın. Sonradan sizə çox kömək ola bilər.

Öncədən biletinizi sifariş verin. Hamı bilir ki, pula qənaət etmək üçün bileti bir-iki ay əvvəl almaq lazımdır. Həmçinin müxtəlif şirkətlərin biletlərinə olan qiymətlərini tutuşdurun, belə siz əlavə xərclərdən canınızı qoruyarsınız. Əgər sizə uyğun olan günə bilet yoxdursa, 2 gün öncəyə və ya sonraya bilet alın.

Tanımadığınız şəhəri o tərəf, bu tərəf qaçıb hotel axtarmaqdansa, öz evinizdə divanda oturub ayağınızı uzadaraq internet vasitəsi ilə axtarış edin. Sizə uyğun, gəzəcəyiniz yerlərə yaxın hotellər seçib bron edin. Uzun müddətlik səyahətə gedirsinizsə, kirayayə mənzil də götürə bilərsiniz. Fəaliyyətə olan airbnb.az kimi saytlarda rahatlıqla gedəcəyiniz şəhəri, vaxtı yazmaqla sizə uyğun hotellərin siyahısını və onlar haqqında məlumat tapa bilərsiniz. Səyahətə məcbur tək yollanırsınız, amma bu ürəyinizcə deyil? Onda “ev sahibi ilə səyahət”dən yararlanın. Xaricdə bir çox ev sahibləri turistlər üçün öz evlərini təklif etməklə yanaşı, birgə şəhəri gəzişməyi də təklif edirlər. Maraqlı təklifdir elə deyilmi?!

Az öncə puldan bəhs etsək də, büdcə hesablaması ilə iş bitmir. Böyük məbləğ pulla tanımadığınız şəhərdə gəzmək fikriniz yoxdur, yəqin ki. Amma hoteldə də pulu saxlamaq bir qədər qorxuludur. Bu zaman köməyimizə gələn bank kartlarıdır. Səyahətdən əvvəl kartınız varsa, bankdan gedəcəyiniz ölkədə ondan istifadə edə biləcəyiniz haqqında maraqlanın. Əgər kartınız xaricdə istifadə üçün yararlı deyilsə, VİSA sistemindən istifadə edərək beynəlxalq kart əldə edin.

Artıq bəzi xırda işləriniz qalıb. Telefona xəritələri, sizə lazım olacaq tətbiqləri yükləyin. Mahnı sevərsinizsə, təyyarədə dinləmək üçün mahnı endirməyi də unutmayın. Səyahətdən bir neçə həftə əvvəldən özünüzə lazım olacaq əşyaların siyahısını tərtib edin. Əlavə yük olmasın deyə istirahətinizin hər gününə uyğun paltar götürün, təqribi geyimlərinizi düşünün, məsələn bu şalvarla, bu iki köynəyiniz uyğundur və s.

İlk səyahətiniz üçün məsləhətlərimiz. Əsas çətinliklərdən keçdik, nəhayət səyahətdəyik. İndi də bilməli olduğunuz bəzi məsləhətlərimizi verək.

  • Sənədlərinizin bir neçə surətini özünüzlə götürün, həm də şəklini çəkib telefonda saxlayın.
  • Gedəcəyiniz ölkəninin səfirliyinin nömrəsini öyrənin.
  • Küçələrdə heçnə almayın. 100 faiz əminliklə deyə bilərik ki, belə mallar keyfiyyətsiz olur.
  • Sizə nəsə göstərmək, nəsə satmaq istəyən, əl çəkməyən insanlardan uzaq olun.
  • Əgər bir problem yaranarsa “Police” (polis) deyə qışqırın, köməyinizə polis də olmasa, kimsə gələr.
  • Telefonu, pulunuzu arxa ciblərə qoymayın. Cib oğruları üçün bu əsl hədiyyədir.
  • Dili bilmirsinizsə, narahat olmayın. Gedəcəyiniz ölkənin dilində bir neçə bəsit cümlə öyrənin. Ağlınız sayəsində hər vəziyyətdən çıxarsınız.

Nəhayət son tövsiyəmiz oturub uzun-uzadı hər şeyi nöqtə-vergülünə kimi planlamayın. Anı yaşayın, səyahətdən həzz alın. İnan ki, hər şeyi siz özünüz tapacaqsınız. İnternetdə dadlı yeməklər olan restoranları axtarmayın, sadəcə gedəcəyiniz şəhəri gəzərək öz dadlarınızı tapın. 
Unudulmaz İLK səyahətinizi yaşayın!

 

Axtarışa davam edin – bu bloqları da oxuya bilərsiniz:

“HIKING”, “TREKKING” VƏ YA SADƏCƏ YÜRÜŞ?

KEYPTAUNA SƏFƏR ÜÇÜN 5 SƏBƏB

 



Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.