Daxil olQeydiyyat

Yekaterinanın tarixi səhvi.Alyaskanın satılması

YANVAR 30, 2020 6 dəq. oxu
Yekaterinanın tarixi səhvi.Alyaskanın satılması

Tarix ehtiyyatsızlar üçün mərhəmətsizdir. Çar Rusiyasının 153 il əvvəl atdığı ehtiyyatsız addım bugün peşmanlıqlar doğurur. Bir zamanlar ruslar üçün gərəksiz torpaq parçası olan Alyaskanın ərimiş buzları altından qızıl mədənləri,neft yataqları aşkarlandıqca bu peşmanlıqlar siyasi arenada başqa rənglərə boyanır. Amma Alyaskanın rəngi illərdir ki, bəyazdır. Sərt iqlimli torpaqlar hazırda Amerika sərhədləri daxilindədir. Ecazkar eyni zamanda ziddiyətli təbiəti, zəngin yerüstü və yeraltı ehtiyyatları var. Alyaskada XIX əsrdə ticarət olduqca inkişaf etmişdi. Beynəlxalq səviyyədə inkişaf tacirlər üçün də mərkəz Novo-Arxengelinskini (indiki Sitka) maraqlı edirdi. Daha çox samur kürkü və morj dişi ticarətindən gəlir əldə olunurdu. Bölgədəki ticarət dövriyyəsinə Rus-Amerikan Şirkəti (RAC) nəzarət edirdi. Bu şirkətin əlində böyük imtiyazlar vardı və birbaşa Çar hökümətinə tabe idilər. Öz bayrağı və pul vahidinə sahib şirkətin hissədarları arasında Çar ailəsinin nümayəndələri əksəriyyət təşkil edirdi. Bəs, Rusiya bu sövdəyə necə getdi? Əslində burada veriləcək başqa bir sual da var. Amerika bu buz parçasını satın almaqda niyə bu qədər maraqlı idi?

Alyaskanın kəşf edilməsi
Alyaska Rusiyanın öz torpaqlarını genişlətmək məqsədi ilə təşkil etdiyi ekspedisiyalar nəticəsində kəşf olundu. Çarlıq şərq istiqamətində irəliləyərək daha çox əraziləri kəşf etmək istəyirdi. Şərqə doğru aparılan axtarışlar zamanı kəşfiyyat qrupu Berinq körfəzi vasitəsilə 1732-ci ildə Alyaska torpaqlarına ayaq basdı. 1787-ci ildən etibarən Rusiya burada məskunlaşmağa başladı. Ruslardan öncə burada yerli tayfa eskimoslar yaşayırdı.

Sövdəyə aparan səbəblər
Satışın Osmanlı-Rusiya müharibəsindən sonra baş verməsi haqlı olaraq, bu müharibəni ilkin səbəblərdən biri kimi görməyə əsas verir. Rusiya iqtisadi cəhətdən zəifləmişdi. Alyaskanın isə illik xərci artmaqda idi və Çar höküməti bunu “gərəksiz torpaqlar” üçün artıq hesab edirdi. Əslində, isə vəziyyət tamam başqa idi. Rusiya Alyaskanın ticarətindən əldə olunan gəlirindən əl çəkmək istəmirdi. Amma artıq bu torpaqları da müdafiə etmək iqtidarında deyildi. Bəzi tarixi qeydlərə görə, Rusiya Amerikaya satış təklifindən öncə İngiltərənin qapısını döymüşdü. İngiltərənin isə təklifi rədd etməsi bildirilir. Əgər belədirsə, onda peşman olan təkcə Rusiya deyil. Amma Krım müharibəsində Rusiyaya qarşı Osmanlı, Fransa və İngiltərə müttəfiqliyi bu faktın həqiqiliyinə kölgə salır. Digər tərəfdən, Çar höküməti Amerikaya qarşı İngiltərəylə birləşməyi rədd etmişdi. İngiltərənin Alyaskanı güc tətbiq edərək ələ keçirməsi təhlükəsi isə gündən-günə artmaqdaydı. Belə olan halda, Çar höküməti maliyyə itkilərini azaltmaq üçün Alyaskanı satmaq qərarına gəlir. Həm də İngiltərəyə bu böyük zərbə olacaqdı. Rusiyanın okeanın o biri tayına ümidi daha inandırıcı idi. Çünki, tarixdə Amerika və Rusiya arasında yeganə yaxınlıq məhz bu illərə təsadüf edir. Amerikanın təcrübəsində belə bir hadisə çoxdan vardı. Luiziana torpaqlarını( və daha neçə belə əraziləri) Fransadan satın alaraq öz ərazisinə qatan ölkə üçün Alyaska da cazibədar səslənə bilərdi. Bundan əlavə, müharibə zamanı Amerikadan hərbi dəstək alan Rusiya Alyaskanı İngiltərəyə uduzmaqdansa, Amerikaya satmağı daha üstün tutdu. Amerika qonşu torpaqları “əziyyətsiz” öz ərazisinə qatmaq istəyirdi və Alyaskaya gözünü çoxdan dikmişdi. Kolonyalar hesabına əraziləri böyüdükcə regionda hegemonluq etmək üçün qonşuluqda təhlükəli və iqtisadi cəhətdən güclü ölkə arzuolunmaz idi. Amerikanın “Monro doktrinasi”na uyğun olaraq Avropanın imperialist ölkələrinə qarşı siyasətinin addımı kimi də bu olduqca aktual bir məsələ idi. Yəni, Rusiyanın təklifi Amerika üçün heç də gözlənilməz olmadı. Amerikanı bu ticarətə təşviq edən səbəbləri nəzərdən keçirdikdə bir çox faktlar aşkarlanmış olur. Belə ki, Alyaskanın satın alınması potensial xəz və balıqçılıq ticarətinin ələ alınmasına, Asiya -Çin və Yaponiya ilə iqtisadi əlaqələrin qurulmasına, İngiltərənin və Rusiyanın regionda möhkəmlənmək cəhdlərinin əngəllənməsinə şərait yarada və Amerikanı super gücə çevirə bilərdi. Həmçinin, prezident Conson ölkədə yenidənqurma işləri ilə məşğul idi və bu sövdənin narazı ölkə vətəndaşlarının diqqətini məişət problemlərindən yayındıracağına ümid edirdi. Bunlar hamısı göstərir ki, hər iki tərəfin bu alqı-satqı üçün əlində əsaslı arqumentləri var idi.

Satışa hazırlıq mərhələsi
Təklifi ilk dəfə Şərqi Sibir valisi Nikolay Muravyov-Amurskinin etdiyi məlumdur. Onun fikirlərinə görə, Çar imperiyası bu torpaqları qorumaq iqtidarında deyildi. Səbəb kimi isə hərbi və iqtisadi cəhətdən zəifliyi göstərirdi. Ona görə Rusiya Uzaq Şərqdə daha çox möhkəmlənməyə diqqət yetirməli idi. Amma Alyaskanın satılması qərarının qəbul edilməsində digər təşəbbüskar çarın kiçik qardaşı Konstantin Nikolayeviçin təsiri böyük oldu. O, RAC-ın gəlirlərinin azalmasını bəhanə gətirirdi və şirkətin gözdən salınması üçün bir sıra addımlar atmağa başladı. Nəticədə, Çar II Aleksandr qərarın qəbul edilməsinə razılıq verdi. Məsələylə bağlı Rusiyanın Amerikadakı səfiri Baron Edvard Steklə xüsusi göstəriş verildi. Tapşırığa Amerika hakim dairələrini razı salmaq və dövrü mətbuatda məsələylə bağlı xəbərlərin dərc olunmasına nail olmaq da daxil idi. Amerika mətbuatında Alyaskanın satın alınmasıyla bağlı xəbərlər arasında “Amerika bu buz kütləsi və əlli min eskimosla nə edəcək?” sualını verənlər də var idi.Rusiya mətbuatında isə verilə biləcək müsbət qərara qarşı xəbərlər yer almaqda idi. Başlıqlarda “Çar bu qədər dəyərli torpaq parçasını necə sata bilər?” kimi suallar öz əksini tapırdı.

Alyaskanın taleyi 1866-ci ilin dekabrında keçirilmiş gizli toplantıda həll olundu. Peterburqda Çarın da şəxsən qatıldığı görüşdə Alyaskanın satılması haqqında qərar rəsmən qəbul edildi. Görüşün çox gizli saxlanıldığı bildirilir. Hətta bəzi tarixi faktların iddiasına görə, Rusiyanın  bir sıra dövlət rəsmiləri bu qərarı qəzetlərdən öyrənmişdilər.

Alyaskanın satılması
İngilis və fransız dillərində tərtib edilən müqavilə 30 mart 1867-ci ildə Rusiya tərəfdən Çar hakimiyyətinin Amerikadakı səfiri Baron Edvard Stekl və Amerikanın Xarici İşlər naziri Vilyam Sevard tərəfindən Vaşinqtonda imzalandı. 7,2 milyon dollar qarşılığında 1 milyon 519 min km2 ərazi Amerikaya satıldı. Müqayisə üçün demək olar ki, bu müasir Fransanın ərazisinin bir neçə qatı və ya Türkiyə Cumhuriyyətinin 3 qatı böyüklüyündə ərazi deməkdir. Amerika bu məbləği hissə-hissə ödəməyi boynuna götürürdü. Ərazidə olan bütün daşınmaz əmlaklar da (kilsələrdən başqa) Amerikanın mülkiyyətinə keçdi. 18 oktyabr 1867- ci ildə Alyaska rəsmi olaraq ABŞ tabeliyinə keçdi. Bu ərazilər Rusiyanın təxminən 10%-ni təşkil edirdi və satış məbləği bugünkü məzənnə ilə 110 milyon dollara bərabər idi. Bugün Alyaska ABŞ-ın 49-cu və ən böyük ştatıdır.

Axmağı oynama,Amerika!
Alyaskanın satılması ilə bağlı illərdir ki, həqiqəti əks etdirməyən miflər dolaşmaqdadır. Bunlar arasında ən çox məşhur olanı isə Alyaskanın Amerikaya məhz II Yekaterinanın hakimiyyəti dövründə satılmasıdır. Amma bu sövdə Çariçanın ölümündən illər sonra həyata keçirilib. II Yekaterina 1796-cı ildə beyninə qan sızması nəticəsində vəfat etmişdi. Məlum alqı-satqı isə 1867-ci ildə, yəni çariçanın ölümündən 71 il sonra baş tutmuşdu. Bəs belə bir yalan məlumatın yayılmasına nə səbəb olmuşdu? 1989-cu ildə yaranmış “Lyube” rok qrupunun Alyaska məsələsindən bəhs edən “Axmağı oynama, Amerika!” (Не валяй дурака, Америка!) mahnısından sonra belə bir fikir formalaşmağa başladı. Belə ki, mahnıda “Yekaterina, sən düz hərəkət etmədin” ifadələrinin işlənməsi hər kəsi bu fikirə inandırdı. Burada başqa bir məqamı da qeyd etmək yerinə düşərdi. Sovet dövründə imperializmə qarşı insanlarda sərt düşüncələr formalaşdırılırdı. Ən çox isə imperiyanın “qızıl dövrü” hesab edilən illər, yəni Yekaterinanın hakimiyət illəri hədəf alınırdı. Görünür, 70 illik süuraltı təsirlərin də burada rolu az deyildi. Belə bir mahnının isə Sovet imperiyasının dağılması ərəfəsində populyarlaşması başqa bir mövzudur.

Alyaskanı geri almaq mümkündür?
Ağ Evin saytında Alyaskanın Rusiyaya ilhaq edilməsinə çağıran petisiya 35 mindən çox səs toplasa da nəticəsiz qaldı. Bir çox insanlar nədənsə hələ də Alyaskanın geri qaytarılmasına ümidlə yanaşırlar. ABŞ-ın Alyaskanı Rusiyadan kirayələdiyi və geri qaytaracağı düşünülür. 2017-ci ildə Konstantin Şuqayev adlı bir şəxs daha bir maraqlı faktla gündəm yarada bildi. Onun sahibi olduğu şirkət tarixi sənədlərin yenidən araşdırılması ilə məşğuldur və Alyaska müqaviləsini yenidən gözdən keçirdikləri zaman bəzi məqamları aşkar etdiklərini iddia etdi. Araşdırmalara görə, satışın baş verdiyi gün həm də ABŞ Nümayəndələr Palatasının da səlahiyyətlərinin bitdiyi gün imiş. Qanunlara görə Senat da bu sənədi təsdiq etməyib və ona görə də heç bir hüquqi əsasa malik deyil. Amma bütün bunlara baxmayaraq, Alyaskanın satılması hər iki tərəfin razılığı ilə həyata keçirilmişdi. Bugünkü Rusiya isə Çar Rusiyasının atdığı bu addımı səhv hesab edir. Belə iddiaların qarşısında Amerikanın da mövqeyi maraqlıdır. Bu yaxınlarda ABŞ prezidenti Donalad Trampın Qrenlandiyanı öz ərazilərinə qatmaq istəməsi haqqında xəbərlər yayılmağa başladı. Təkcə bu xəbər özlüyündə Amerikanın mövqeyini azdan-çoxdan bəlli edir. Digər tərəfdən Alyaskanın satın alınması Amerika tarixində alınmış ən uğurlu siyasi qərar kimi qəbul edilir. Bu qərar dünyanın geosiyasi vəziyyətinin dəyişməsinə səbəb oldu. Birlikdə qısaca Rusiyanın nələr itirdiyinə, Amerikanın qazandıqlarına nəzər salaq.

Təbii sərvətləri və gəlir qaynaqları
Alyaska satıldıqdan bir müddət sonra zəngin qızıl yataqları kəşf edildi və bura Amerikadan qızıl “ovçuları” axın etməyə başladı. Buranın satışından 50 il sonra ABŞ-ın Alyaskaya ödədiyi məbləğin təxminən 50 qatı dəyərində qazanc əldə etdiyi bildirilir. Qızıldan başqa ərazidə zəngin kömür, molibden, platin, təbii qaz yataqları da var. Ən böyük təbii sərvətləri arasında neft yataqlarının payı daha çoxdur. İl ərzində 80 milyon tondan artıq neft hasilatı həyata keçirilir ki, bu da Kuveyt və Birləşmiş Əmirliyin illik ortaq hasilatına bərabərdir. Bir neçə il öncə Amerika Alyaskada daha bir neft yatağının aşkar olunduğunu dünya ictimaiyyətinə çatırdı. Kəşf edilmiş yeni yataqların rezervlərinin olduqca zəngin olduğu bildirilir. Alyaska ərazisindəki şirin su qaynaqları balıqçılıq və dəniz məhsulları ticarətindən də böyük gəlir əldə etməyə imkan verir. Son dövrlər turizm də ən çox gəlir gətirən sahələrdəndir.

Alyaskanın coğrafiyası
Amerikanın şimal-qərbində yerləşir və Asiyadan Berinq boğazı vasitəsilə ayrılır. Sahillərini cənub və cənub-qərb istiqamətində Sakit okeanın suları yuyur. Alyaskada 1800 ada, 3 milyon göl, 3000 çay var. Sahil bölgələrində mülayim hava şəraiti hökm sürsə də, böyük bir hissəsində mənfi temperatur müşahidə olunur. Şimali Amerikanın ən hündür zirvəsi Mak Kinley də burada yerləşir və ən çox turist cəlbedən ərazi kimi bilinir. Alyaskanın üçdə biri meşəlik ərazilərlə örtülüdür.

Alyaskada turizm
Bura çox soyuq bilinən təbiəti ilə bir çoxlarını səyahət üçün əlverişsiz olduğuna inandıra bilər. Amma Alyaska bugün möhtəşəm təbiəti sayəsində çoxsaylı turist cəlb edə bilir. Bura səyahət etmək üçün ən münasib vaxt yay ayları, xüsusilə avqust ayıdır. ABŞ-ın ən böyük 6 milyon hektarlıq Denali Milli Parkı da burada yerləşir. Faunasına təkcə 167 quş növü daxildir. Ucsuz-bucaqsız meşəlik sahələri, yerli əhalinin həyat tərzi, itlərin qoşulduğu xizək yarışları, qızıl mədənlərinə səfər və bu kimi başqa cəhətlər Alyaskaya turist axınını hər il bir az daha artırır. Burada eksterminal turizm növlərindən raftinq, xizək, eləcə də dağ velosipedi turları, təbiətdə gəzinti turları və s. üçün uyğun təbbi şərait var.

Və satışın nəticəsi
Düz 153 il keçir satışın üstündən. Bugün Amerika dünyada super gücə malik bir ölkədir. Beynəlxalq səviyyədə siyasi, hərbi, elmi və mədəni gücə sahib bir ölkə kimi siyasi arenada ən böyük söz sahibinə malikdir. Vaxtilə alınmış satış qərarı onu əvvəl geosiyasi güc sahibi edə bildi. Beləcə, imperialist ölkələri və real təhlükələri öz sərhədlərindən uzaqlaşdırdı. Böyük sərvət- ən böyük neft rezervləri sahibi oldu. Rusiya isə bu böyük fürsətləri əlindən verərək böyük qınaq obyektinə çevrildi. Çar II Aleksandr zamanında verdiyi bu qərara görə qonşu ölkələrin mətbuatında gülüş hədəfinə alınırdı. Amma ona zamanında da ,elə bugün də haqq qazandıranlar yox deyil. XIX əsrin mövcud siyasi ağırlığı onu belə bir addım atmağa sövq etmişdi. Nə də olsa, Rusiya bu torpaqları  əziyyətsiz, heç bir qanlı döyüşə getmədən əldə etmişdi. Bəlkə də, bu səbəbdən Alyaskadan belə asanlıqla vaz keçə bilmişdi. Necə deyərlər, əgər uğrunda ölən varsa, Vətəndir. Əziyyətsiz əldə olunan torpaqlar kimi, satın alınmış ərazilər də, görünür, bir çoxları üçün sadəcə torpaq parçasıdır.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.