Daxil olQeydiyyat

İlk pasportun tarixi

FEVRAL 24, 2020 4 dəq. oxu
İlk pasportun tarixi

Hər birimizin də bildiyi kimi müxtəlif ölkələrə səyahət etmək üçün bizə ilk gərəkli sənəd pasportumuzdur. Daha ətraflı formada bir açıqlama versək, pasport - bir ölkə hökuməti tərəfindən vətəndaşlarına verilən, ilk növbədə beynəlxalq səyahət məqsədi ilə sahibinin şəxsiyyətini və milliyətini təsdiq edən bir sənəddir. Standart pasportlarda şəxsin adı, doğulduğu yer və tarix, şəkli, imzası və şəxsin özünə aid aktual olan digər müvafiq məlumatlar ola bilər. Ancaq əlbəttə ki, hər şey sadəcə pasport əldə etməklə bitmir, hər bir ölkənin öz qaydaları və digər ölkələrin vətəndaşları üçün qoyduğu qadağalar və icazələr vardır.

Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, səyahəti sevən insanların hər zaman ən aktual məsələsi pasportlarının nə qədər güclü olmasıdır. Daha ətraflı desək, vətəndaşı olduqları ölkənin hökuməti tərəfindən onlara verilən pasport onlara hansı ölkələrə vizasız səyahət etmək imkanı verir. Bu ölkələrin sayı nə qədər çox olarsa, pasport bir o qədər "güclü" sayılır. Digər ölkələrə səyahət üçün isə müəyyən proseslərdən keçməli və viza almalısınız. Bu, bəzən çox asan, bəzən isə xüsusi ölkələr üçün (Rusiya, Şimali Koreya, İran, Pakistan, Türkmənistan və s.) çox çətin bir proses olur. Hətta bu hal-hazırda vətəndaşı olduğunuz ölkədən asılı olaraq da dəyişə bilər. Daha aydın olması üçün belə deyə bilərik ki, Azərbaycan vətəndaşları olaraq biz Rusiyaya vizasız gedə bilsək də, dünyanın bir çox ölkələri üçün Rusiya ən çətin viza alınan ölkə sayılır, əsasən də Amerika Birləşmiş Ştatlarının vətəndaşları həftələrlə vaxt ala biləcək çox mərhələli proseslərdən keçməlidirlər. Bundan da başqa, əgər həmin ölkələrdə müharibə şəraitidirsə viza almaq üçün əngəl törədən bir digər faktor da bu ola bilər. Gördüyünüz kimi, həqiqətən də qaydaları müəyyən edən bir çox fərqli faktor vardır.

Lakin heç düşünmüsünüzmü müasir dövrümüzə gələnə qədər tarix ərzində qaydalar necə dəyişmişdir? Ümumiyyətlə, ilk pasport necə və niyə yaranmışdır? Kim bu fikri irəli sürmüşdür? Hansı ölkədə yaranmışdır? Bu qayda digər ölkələrə necə keçmişdir? Əgər bu suallar sizi maraqlandırıbsa, o zaman, gəlin, tarixin səhifələrinə bir səyahət edək və ilk pasportun harada, necə və ən maraqlısı da kimin üçün yarandığı ilə yaxından tanış olaq.

Tarixdə ilk dəfə indiki pasportun vəzifəsini daşıyan kağıza aid məlum olan ən erkən istinadlardan biri onun İbrani Müqəddəs Kitabında qeyd olunmasıdır. Nehemiah 2:7–9, eramızdan əvvəl təxminən 450-ci ildə Fars padşahı I Artaxerxesə xidmət edən Nehemiya Yəhudeyaya getmək üçün icazə istəyir. Nehemyanın ziyarətinin məqsədi Yerusəlim divarlarını bərpa etmək idi. Padşah da bu səyahətə icazə verir və ona "çayın digər tərəfindəki valilərə" adı ilə bir məktub verir, hansı ki, onların ölkələrini gəzərkən onun təhlükəsizliyinin təmin edilməsi üçün onlardan xahiş edir. Həmçinin, Arthashastra (Arthashastra - Sanskritdə yazılmış, sənətkarlıq, iqtisadi siyasət və hərbi strategiya mövzusunda qədim bir Hind traktatıdır) dünya tarixindəki ilk pasport və pasport kitabçalarından bəhs edir. Yazılanlara görə, pasportların rəhbərləri biri kənd ərazisinə girməzdən və ya çıxmazdan əvvəl pasportlar üçün möhürlənmiş keçid icazəsi kağızı verməlidirlər.

Etimoloji mənbələrdə "pasport" ifadəsi insanların şəhər divarının qapısından keçməsi və ya bir ərazidən digərinə keçməsi üçün tələb olunan orta əsr sənədlərindən biri olaraq göstərilir. Orta əsr Avropasında bu cür sənədlər xarici səyyahlara yerli hakimiyyət orqanları tərəfindən verilmişdir (yerli vətəndaşlardan fərqli olaraq müasir təcrübədə qəbul olunduğu kimi) və ümumiyyətlə sənəd sahibinin giriş və ya keçməsinə icazə verilən şəhər və şəhərlərin siyahısı mövcud idi. Açıq ticarət nöqtələri sayılan dəniz limanlarına getmək üçün isə sənədlər tələb olunmurdu, lakin dəniz limanlarından daxili limanlara getmək üçün sənədlər tələb olunurdu.

İngiltərə Kralı Henri V bizim indiki mənası ilə istifadə etdiyimiz “pasport” sözünün ixtiraçısı kimi qələmə verilir. Bu sənədlərə ən erkən istinad 1414 Parlament Qanununda tapılmışdır. 1540-cı ildə İngiltərədə səyahət sənədlərinin verilməsi İngiltərə Şəxsi Şurasının rolu oldu və təxminən artıq bu ərəfələrdə "pasport" ifadəsi istifadə edilirdi. 1641-ci il 16 İyun tarixində verilmiş və Çarlz I tərəfindən imzalanan bu dövrdən olan bir pasport hələ də mövcuddur. 1794-cü ildə İngilis pasportlarının verilməsi Dövlət Katibi Aparatının işi oldu. Bu dövrdən bəri verilən hər İngilis pasportunun qeydləri hələ də qalır. Onlar xarici vətəndaşlar üçün mövcud idi və 1858-ci ilə qədər fransız dilində yazılırdı.

XIX əsrin ortalarında başlayaraq Avropada dəmiryolu infrastrukturunun sürətlə genişlənməsi və sərvətlərinin artması beynəlxalq səyahətlərin həcminin iri miqyasda artmasına və pasport sisteminin I Dünya Müharibəsindən əvvəl təxminən otuz il ərzində davamlı olaraq zəifləməsinə səbəb oldu. Sərhədləri keçən insanların sayında ciddi artımlar pasport sisteminin tətbiqini həqiqətən də çox çətinləşdirdi. XIX əsrin sonlarından Birinci Dünya müharibəsinin başlamasına qədər olan müddətdə Avropa daxilində səyahət üçün pasport tələb olunmurdu və sərhədi keçmək nisbətən sadə bir prosedur idi. Nəticə etibarilə, çox az insan pasport sahibi idi.

Ümumiyyətlə, Birinci Dünya Müharibəsinə qədər beynəlxalq səyahətlər üçün pasportlar tələb olunmurdu. 1914-1918-ci illəri əhatə edən Birinci Dünya Müharibəsi zamanı Avropa hökumətləri təhlükəsizlik səbəbi ilə və müharibə üçün faydalı bacarıqları ola biləcək insanların mühacirətinə nəzarət etmək üçün artıq sərhəd pasportu tələblərini yaratdı. Ümumi olaraq da müharibə səbəbi ilə mühacirlərin sayı kəskin artdığından artıq bir yoxlanış sistemi qoymaq şərt olmuşdu. Və nəhayət bu nəzarət prosesləri müharibədən sonra da qalmağa davam etdi. Bəziləri üçün bütün bu yeni qaydalar və dəyişiklilər mübahisəli hal olsa da, artıq standart prosedura çevrilirdi. 1920-ci illərdəki İngilis turistlər xüsusən də əlavə edilmiş fotoşəkillərdən və fiziki təsvirlərdən şikayət edirdilər. Bu pasportlarda bir fotoşəkil və imza ilə yanaşı, "üz forması", "dəri rəngi" və "üz cizgiləri" kimi detalları da əhatə edən fərdi təsvirlər təqdim edilirdi. Bu son detallara yazılan xarakteristikalar da belə idi: "Alın: Geniş; Burun: Böyük; Gözlər: Balaca" və s. Haqlı olaraq da insanlar bunu biyabırçı və alçaldıcı hesab edirdilər.

Əlavə olaraq ölkəmizdə də ilk dəfə pasportun verilməsi tarixi və onun haqqında ətraflı məlumat vermək istərdim. Azərbaycan pasportu Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarına beynəlxalq səyahətlər üçün verilir. Azərbaycan vətəndaşlarına pasport ilk dəfə 28 May 1991-ci ildə, yəni, müstəqilliyimizi əldə etdiyimiz tarixdə verilməyə başlanıldı. Yeni biometrik Azərbaycan pasportları isə 17 İyul 2012 tarixində elan edildi, 1 Sentyabr 2013-cü il tarixiylə isə əhali artıq pasportlara keçid almağa başladı. Qaydalara əsasən, pasportlar: 1 illik - 3 yaşa qədər uşaqlar üçün; 5 illik - 3-18 yaşa qədər uşaqlar üçün; 10 illik - 18 yaşdan yuxarı şəxslər üçün olur. Şəkil, ad, soyad, doğum tarixi, cinsiyyəti, doğulduğu yer, pasport nömrəsi və s. kimi məlumatlar əks olunur. 1991-ci ildən əvvəlki tarixdə isə ölkəmiz Sovet Sosialist Respublikasının tərkibində olduğu üçün buraya daxil olan digər bütün ölkələr kimi onlara yeganə eyni Ümumvətəndaş Xarici Pasportu verilirdi (заграничный паспорт, загранпаспорт - "xarici pasport" olaraq tərcümə olunur).

Necə də maraqlı bir tarixə malikdir pasportların yaranması! Bütün bunları danışdıqdan sonra günümüzdə gəldiyimiz son nəticədən də bəhs etmək və fərqi görmənizi istərdim. İndi dünyada artıq ən son texnologiyalar ilə başqa növ pasportların təqdim olunması başlanılır ki, gələcəyin pasportlarında quraşdırılmış mikroçiplər və fotoşəkillər, barmaq izləri və s. kimi biometrik məlumatlar veriləcəkdir. Malayziya bu texnologiyanı tətbiq edən ilk ölkə oldu. Onun ardınca isə Avstraliya, Yeni Zelandiya, Yaponiya, İsveç, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya, İrlandiya Respublikası və bu yaxınlarda Polşa bu yeni sistemi tətbiq etdi. Əslində yaşadıqca şahidi olduğumuz üçün bizə heç də qəribə gəlməyən bu proses az öncə danışdığımız tarix ilə qarşılaşdırıldıqda texnologiyada necə də böyük bir irəliləyiş qət edildiyini açıq aydın göstərir. Kim bilir, bəlkə də indi bizə mümkünsüz gəlsə də, gələcəkdə heç bir pasporta ehtiyacımız olmadan sadəcə barmaq izimizlə və ya üzümüzün skan edilməsi ilə bütün məlumatlarımız alınacaq və artıq heç bir prosesə, əziyyət çəkməyimizə ehtiyac qalmayacaq. "Elə şey ola da bilməz!" deməyin, unutmayın ki, 2-3 əsr öncə yaşayan insanlara da indi gəldiyimiz nöqtə danışılsaydı onlar da buna "Ola bilməz!" deyə reaksiya verərdilər. Odur ki, hər şey mümkündür, gələcəyi isə təxmin edə bilmərik!

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

DÜNYANIN ƏN QEYRİ-ADİ 10 BAYRAĞI VƏ ONLARIN SİRLƏRİ

KEYPTAUNA SƏFƏR ÜÇÜN 5 SƏBƏB

SƏYAHƏTİMİZİ ASANLAŞDIRACAQ FAYDALI TELEFON PROQRAMLARI

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.