Daxil olQeydiyyat

Dünyanın ən qeyri-adi içkiləri

YANVAR 23, 2020 4 dəq. oxu
Dünyanın ən qeyri-adi içkiləri

Mütləqdir ki, hər birimiz həyatımızın fərqli zamanlarında yenilik və fərqlilik etmək üçün müxtəlif içkilər dadmışıq. Müxtəlif qarışımlı fərqli spirtli və ya spirtsiz kokteyllər, yüz illərlə tarixə malik şərablar və s. Ancaq əminəm ki, həyatınızda heç vaxt dadmadığınız və dadmağa cəsarət belə edə bilməyəcəyiniz içkilər vardır. Dünyanın ən qeyri-adi və qəribə içkiləri ilə yaxından tanış olaraq onları dada biləcək cəsarətli insanları bir addım irəliyə dəvət edirəm.

 

İlan şərabı
Adını ilk dəfə eşidənlər üçün şok yarada bilər, ancaq həqiqətən də belə şərablar mövcuddur. Asiyada içki mağazalarında ilan tərkibli düyü şərabı satmaq olduqca populyardır. Qədim zamanlarda ilk öncə dərman kimi istifadə olunurdu, çünki ilan zəhərinin sağaldıcı təsiri olduğuna inanılırdı. İlan zəhərindən istifadə olunması sizi qorxuda bilər, ancaq spirt ilə təsirə girdiyi üçün zərərsizləşdirilmiş olur və insan orqanizminə heç bir təhlükə törətmir. Bu ənənəvi içki minilliklər boyu Çində istehlak edilmişdir və hələ də orada, həmçinin, Hindistanın müəyyən bölgələrində və Cənub-Şərqi Asiyada tapıla bilər.

Nəzərə alsaq ki, bu şərabların tərkibində ilanlar olur, tarix ərzində bəzi hallar olmuşdur ki, içmək üçün şüşəni açdıqdan sonra hələ də içində sağ qalmış ilanlar insanlara hücum etmişdir. Yaşanılan dəhşəti təssəvür edə bilirsiniz?

Bir maraqlı faktı da qeyd edə bilərik ki, bu şərabların həmçinin əqrəb və kərtənkələrlə olan növləri də vardır, həm də ilan şərabında olduğu kimi tam formada içində olmaqla.

 

Kumis (At südü alkoqolu)
Hələ eramızdan əvvəl 5-ci ildə ilk dəfə qeyd olunan qədim bir içkidir. Əsasını at südü, daha doğru desək ana atın südü təşkil edir. Monqolustan, Qazaxıstan, Qırğızıstan kimi yerlərdə sevilən spirtli içkidir. Atın südü olduğu kimi içilə bilmədiyindən Orta Asiyada min illər boyu onu mayalandırıb spirtli içkiyə çevirərək içmişlər. Ancaq buna baxmayaraq tərkibindəki spirtin miqdarı o qədər də yüksək deyildir, təxminən 7-8% spirt tərkiblidir, daha çox pivəyə bənzəyir. Həmçinin nisbətən kefir dadı gəldiyini də deyə bilərik. Bununla birlikdə, istehsalında şəraba daha yaxındır, çünki fermentasiya taxıl əvəzinə maye şəkərdən (şərabdakı fruktoza, kumisdəki laktoza) gəlir. Əsl kumisi dadmaq istəyirsinizsə mütləq şəkildə hazırlandığı ölkələrdə sınamalısınız. Belə düşünürəm ki, siyahımızda heç kimin tərəddüd etmədən dadacağı ən məqbul içkilərdən biri olaraq saya bilərik.

 

Sourtoe Kokteyli
İndi bəhs edəcəyimiz içki növü isə 1 nömrəni geridə buraxacaq qədər sensassionaldır. Sourtoe Kokteyli 1973-cü ildən bəri, Yukon Bölgəsinin Dawson şəhərində Sourtoe Kokteyl Klubu tərəfindən təqdim olunur. İçində isə heç bir içkidə heç vaxt tapa bilməyəcəyiniz bir şey var: insanın ayaq barmağı. Bəli, düz oxudunuz, insanın ayaq barmağı ilə hazırlanan bir kokteyldən bəhs edəcəyik indi.

Bir çox insanlar bu bara öz ayaq barmaqlarını hədiyyə etmişlər, indi isə barın kokteyllərinə qatmaq üçün kiçik bir kolleksiyası belə var. Burada öncələr bu içkini barmaq ilə içə bilən birinə 500 dollar məbləğində mükafat verilməsi üzrə bəhs elan edilmişdi. Ancaq 2013-cü ildə bunu həqiqətən də edə bilən biri çıxdı və bu məbləğ artıq 2500 dollara qaldırıldı. Yəni, əgər anidən 2500 dollara ehtiyac duysanız və ya sadəcə “asanlıqla” pul qazanmaq istəsəniz bu içkini içmək barədə düşünə bilərsiniz. Qayda isə sadədir: İçkini asta və ya sürətlə içmək sizin seçiminizdir, əsas məsələ odur ki, barmaq dodağa toxunsun.

 

Pizza Pivəsi
Hamı tərəfindən sevilən pizzanınm adına xələl gətirən yoxsa ən uğurlu ixtiralardan biri olduğu haqqında insanları tərəddüddə qoyan bir digər içki – Pizza pivəsi. “Dünyanın İlk Kulinariya Pivəsi” ilk dəfə Amerika Birləşmiş Ştatlarının şərqinin mərkəzində yerləşən İllinoys ştatında 2006-cı ildə bir cütlük tərəfindən ixtira olunmuşdur. Onlar pivəni bişirərkən oraya pomidor, sarımsaq və göyərtilər əlavə edərək bir çox insanın pizzanın dadına bənzədiyini təsdiqləyən bir pivə hazırlamışlar. Qısacası, Margarita Pizzasının inqredientlərindən istifadə edərək pivəyə pizza dadı qatmağa çalışmışlar. “Mamma Mia! Pizza Bear” adlandırdıqları marka həqiqətən də bəzi insanların sevimlisinə çevrilsə də, bəzi insanlar üçün bir daha heç vaxt dadmayacaqları bir içkidir. Siz də onu dadaraq hansı tərəfdə olduğunuzu seçə bilərsiniz.

 

Soğan və sarımsaq şirəsi
Sizə ilk olaraq qəribə görünsə də, bu şirələr Cənubi Koreyada çox məşhurdur. Sarımsaq şirələri qara sarımsaqdan hazırlanır. Onlar polifenolların miqdarını artırır və təzə sarımsaqda tapılmayan, suda həll olunan kükürd tərkibli amin turşusu olan S-allilsistein istehsal edir. Bu o deməkdir ki, içki heç xoş görüntüyə və dada sahib olmasa da, əslində sağlamlığınız üçün çox xeyirlidir. Əgər saç problemləriniz varsa bunu soğan şirəsi ilə birləşdirərək çox uğurlu nəticələr əldə edə bilərsiniz.

Bunlara əlavə olaraq bir də Coca-Colanın sarımsaq dadlı içkisini göstərə bilərik. İlk dəfə 2017-ci ildə Coca-Cola bu içkilərini satışa buraxdı. Tərkibi isə çox sadədir: sadəcə adi Coca-Colanın yer sarımsağı ilə qarışdırılmış halı. Yenə bir Asiya ölkəsi olan Yaponiyada tezliklə bir çox insan tərəfindən sevildi.

 

Pepsi növləri
Coca-Coladan heç də fərqlənməyərək Pepsi də müəyyən zamanlarda fərqli və qeyri-adi dadlar yaratmağa çalışmışdır. Məsələn, Kapuçinolu Pepsi, hansı ki, Rusiya, Rumıniya və digər Avropa ölkələrində satışa çıxarılmışdır. Lakin sonradan tamamilə hər yerdən yığışdırılmışdır və indi artıq onu tapmaq imkansızdır. Pepsinin bir digər qəribə içkisi də qatıq dadlı Pepsidir. Yenə sadəcə Yaponiyada satılan bu məhsul ilk dəfə 2008-ci ildə satışa buraxılmışdır. Maraqlısı odur ki, “Ağ Pepsi” və ya “Qatıqlı Pepsi” kimi adlandırılsa da, tərkibində heç yerdə qatıqdan istifadə olunduğu göstərilməmişdir. Dadanlar isə onun vanil və limon qarışımı daddığını bildirir.

 

Quş yuvası içkisi
Son olaraq elə adını eşitdiyimiz anda bizi təəccübləndirən bir içki ilə siyahımızı bitiririk. Yeməli quş yuvaları Çin mədəniyyətində çox populyardır, çünki çinlilər onları olduqca doyumlu və çox dadlı hesab edirlər. Yuvalar olduqca bahalıdır, hər funt 3000 dollara satılır. Buna görə də bir quş yuvasından həcmi 240 ml olan bir şüşə içki 52 dollara başa gəlir.

Bəzi quş növləri çubuqlardan istifadə etmək əvəzinə yuvalarını yaradarkən qalın yapışqan yaratmaq üçün tüpürcəklərini istifadə edir. Ənənəvi Çin şəfaçıları inanırlar ki, növbəti divarlar incə toz formasına düşdükdə, insanın immunitetini artıran rola malik ola bilər. Ona görə də hal-hazırda bu içkilər dünyada çox geniş miqyasda satılır və həqiqətən də çox məşhurdur.

Bundan da əlavə maraqlı fakt olaraq qeyd edə bilərik ki, onlar quş yuvasından nəinki içki, hətta şorba da hazırlayıb yeyirlər, hansı ki, şirin və ləzzətli bir dada malik olur.

Həqiqətən də, insanların xəyal gücünün nəyə qadir olduğunu gördükcə heyrətə düşməmək imkansızdır. Bunların içində xeyirli sayılanlar, dadlı sayılanlar, insanlar tərəfindən həqiqətən sevilənlərin olması da həm qəribə, həm də maraqlı nöqtələrdən biridir. Nəticə etibarı ilə, əgər hələ də hazırlanırsa deməli həqiqətən də onlar içənlər var, elə deyil? Ancaq inanın ki, bu siyahı daha da ağlagəlməz və hətta görməyə belə dözə bilməyəcəyiniz başqa içkilərlə artırıla bilər.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

LOS-ANCELESİN QEYRİ-ADİ KOKTEYİL BARLARI

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.