Daxil olQeydiyyat

QOZBELİN İNTİQAMI.PARİS NOTR-DAM KİLSƏSİ  

OKTYABR 29, 2019 4 dəq. oxu
QOZBELİN İNTİQAMI.PARİS NOTR-DAM KİLSƏSİ   

15 aprel 2019-cu il. Notr-Dam kilsəsi yandı. Böyük bir tarixin şahidi külə çevrildi. Paris sakinlərinin göz yaşları və duaları belə onu xilas edə bilmədi. Janna Darka bəraət verən, Napeolonu taclandıran , 200 ilə inşası bitən kilsə bir neçə saat içərisində alovlar içərisində qaldı. Notr-Dam yandı. Şərəfinə Parisin bütün kilsə zəngləri çalındı.

 

19-cu əsrdə baxımsızlıqdan kafedral sökülmə təhlükəsi yaşayırdı. Paris inqilabı zamanı kral hakimiyyətinin simvolu hesab edilən kilsə hücumlara,yanğınlara məruz qalmışdı və ərzaq anbarı kimi istifadə olunmağa başlanılmışdı. Bu vaxt nəzərləri kilsəyə yönəltmək üçün Hüqo 1831-ci ildə məşhur “Notr-Dam Paris” əsərini qələmə alır. Fransanın cari hadisələrini, siyasi şüurunu ustalıqla qotik üslubda tarixi motivlər üzərinə köçürülməsi əsərin məşhurluq qazanmasına səbəb olur. Nəticədə, kilsə sökülmək təhlükəsindən xilas olur və hətta bərpası üçün təmir işlərinə də başlanılır. 

 

Paris Notr-Dam kilsəsi nə vaxt tikilib?

VII Lüdovikin sifarişi ilə 1163-cü ildə Parisin mərkəzində inşası başlanan Paris Notr-Dam və ya Paris Məryəm Ana kilsəsi 1345-ci ildə tamamlanmışdı. Əlbəttə, kafedralın inşasının belə uzun müddətdə tamamlanması onun memarlıq üslubunda da hiss edilirdi. Amma ümumilikdə qotik üslublu memarlıq nümunəsi kimi qəbul edilmişdir və inşası bir neçə mərhələdə tamamlanmışdır.

 Tikintinin birinci mərhələsi 1163-1250-ci illəri əhatə edir. Bu illər ərzində kilsənin inşası tamamilə başa çatdırılmışdır. Xor və onun iki ambulator quruluşu, nef, dəhliz və tribunalar, fasad və iki qüllənin, eləcə də, su arkalarının inşası bu dövrə daxildir.

İkinci mərhələ isə kilsənin dizaynı və bəzədilməsi işlərinin həyata keçirildiyi mərhələdir(1250-XIV əsrin ortaları). Bu zaman roman üslubunda tikilmiş transeptik portallar qotik üsluba zidd olduğu üçün dəyişdirilir. İntibah dövründə isə qotik üslub barbar mədəniyyəti hesab edildiyi üçün kilsə Borokko tərzində dizayn edilməyə başlanılır. Qurbangahlar, kenotaflar(simvolik boş qəbirlər)Barokko üslublu heykəllərlə əvəz edilir.

Kilsənin özünəxas memarlıq üslubunda ən çox nəzərləri cəlb edən 13 metr diaqramı olan “qızılgül pəncərələri”dir. Transeptin hər iki tərəfində yerləşən bu pəncərələr həcminə görə Avropada birincidir.

 

Kilsənin Restavrasiyası

Əvvəldə də qeyd etdiyim kimi, Fransa inqilabı zamanı kilsə sökülmək təhlükəsi ilə üz-üzə qalmışdı. Təhlükə sovuşduqdan sonra kilsənin restavrasiya işləri həyata keçirilməyə başlanıldı. Heykəllərin yenilənməsi prosesi məşhur heykəltaraşlar tərəfindən həyata keçirilmişdi. Amma bundan sonra da Paris Kommunası tərəfindən kilsənin dağıdılması haqqında qərar qəbul edilir. Kilsəni yandırmağa çalışsalar da, abidəyə bir o qədər də ziyan vura bilmirlər. 1965-ci ildə daha bir əsaslı təmir həyata keçirilir.Bu zaman “qızılgül pəncərələri”nin solmuş hissələri vitraj hissələrlə əvəz edildi. Əsaslı təmir zamanı mavi və qırmızının qərbdən şərqə doğru dəyişən on beş çalarından istifadə olundu. 1990-cı ildə fasad daşlarının ağardılması üçün lazer və mikro kompressorlar vasitəsilə restavrasiya işləri kafedrala ziyan vurmadan həyata keçirilmişdir.

 

Yubiley hazırlıqları

Notr Dam Paris kilsəsinin 850 illik yubileyi ilə əlaqədar olaraq, iri miqyaslı hazırlıq işləri 2013-cü ildən etibarən başlanılmışdı. Bu həm də kilsəni XXI əsrə hazırlamaq üçün atılmış addımlar idi. Belə ki, ilk dəfə 2013-cü ildə böyük orqan komputerləşmiş idarəetmə sisteminə keçirildi. Kilsənin elektriklə təchiz edilməsinə başlanıldı.

 

Böyük yanğın

850 il ərzində kafedral tarixində bir çox yanğınları, hücumları, iki dünya müharibəsini geridə qoyub bütün təhlükələrdən xilas ola bilmişdi. 2019-cu il aprelin 15-i saat 18:20-də başlayan yanğında isə Paris Notr-Dam kilsəsi, təəssüf ki, alovlar içərisində qaldı. Bütün Parisin, bütün dünyanın gözləri qarşısında Notr-Dam yandı. Kilsənin damından başlayan yanğın 8 saat ərzində böyük bir əraziyə yayıldı. Yanğında 96 metrlik ən böyük qüllə külə döndü. Yanğından sonra kilsə istifadəyə yararsız hala düşsə də, sonda kafedralın əsas hissəsi və şimal zəng qülləsi yanğından xilas oluna bildi. 500 nəfərə yaxın yanğın söndürənin cəlb edilməsinə baxmayaraq, kilsənin bütün dam örtüyü çökdü. Paris şəhər prokuroru Remi Heitz yanğının qəsdən törədilmədiyini və qəza nəticəsində baş verdiyini dilə gətirdi. Çünki həmin vaxt kilsənin divarlarında yaranan çatların restavrasiyası ilə bağlı başalanan 6 milyon avroluq təmir işləri həyata keçirilirdi. Fransa prezidenti Emmanuel Makron vəziyyəti daha ciddi dəyərləndirərək hətta “sarı jiletlilərə” qarşı təşkil edilmiş tədbiri də təxirə salıb hadisə yerinə gəldi. Yanğından sonra o, öz çıxışında bu sözləri ilə yadda qaldı: “Notr-Dam bizim tariximiz, ədəbiyyatımız, savaşlarımızın və azadlıq mübarizəmizin yaşandığı yer. Ölkəmin hər bir vətəndaşı kimi bu axşam bir parçamızın yandığını gördüyüm üçün çox kədərliyəm. 800 il əvvəl bu kafedralı biz inşa edib böyütdük. Bu gecə əminliklə deyirəm ki, birlikdə yenidən inşa edəcəyik”. Əlbəttə, onun bu çıxışından sonra Notr-Dam kilsəsi üçün yardım kompaniyaları başlandı. Fransanın məşhur milyarder Pinault ailəsi,məşhur kosmetika şirkətləri, milyonçular və daha neçələri Notr-Dam üçün ayağa qalxdılar. Əslində, bu səfərbərliyi Fransanın tarixi uğrunda apardığı mübarizə kimi başa düşmək lazımdır. 8 əsrdən çox bir müddət ərzində Parisin simvoluna çevrilmiş bu abidə fransalılar üçün elə tarixin özü deməkdir. Hər il 10 milyondan artıq turistin ziyarət etdiyi abidənin təmiri üçün dünyanın bir çox yerindən də yardım edilməyə başlanıldı. Bir zamanlar Viktor Hüqonun qoruduğu kafedral üçün hər kəs birləşdi.

 

“The Hunchback” filmi

Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” və ya “Notr-Dam kilsəsinin Qozbeli” əsərinin motivləri əsasında filmlər, seriallar, animasiyalar, müzikallar səhnələşdirilmiş,video oyunlar hazırlanmışdır..1905-ci ildə ilk dəfə səssiz variantda “Esmeralda” adı ilə tamaşaçı qarşısına çıxan səssiz filmin daha sonra ard-arda müxtəlif illərdə 15 versiyası ekranlaşdırılmışdır.Bunlar arasında 1956-cı ildə və 1997-ci ildə lentə alınmış filmlər xüsusilə diqqət çəkir.Hüqonun yazdığı bu əsərin tarixi motivləri güclü olsa da,baş qəhrəmanlar-qaraçı qızı Esmeralda, kisə zəngçisi qozbel Kvazimoda(Quasimoda), arxidyakon Klod Frello və gənc aşiq Feb tamamilə xəyali obrazlardır.Ekran əsərlərində də hadisələrin cərəyanı bu dörd obrazın ətrafında davam edir. 1956-cı ildə çəkilmiş filmdə Esmeralda rolunda Cina Lollobricida məharətlə aktyorluq nümayiş etdirir.1997-ci ildə Piter Medakın rejissoru olduğu versiyada isə bu obrazda məşhur Hollivud ulduzu Salma Hayeki görürük.Eləcə də,mükəmməl obrazlar yaradan Mendi Patinkin-Kvazimoda,Riçard Harris-Klod Frollo rollarıyla tamaşaçı rəğbəti qazana bilirlər.Hadisələr Parisdə baş verir. Gözəl qaraçı qızı Esmeralda qarşı cinsi həm də öz rəqsləri ilə ovsunlayır.Onun ovsunladıqları arasında Notr-Dam kilsəsinin keşişi Klod Frollo,Kvazimoda və Feb də var.Qaraçı qızı isə Febi sevir.Esmeralda keşişin sevgisini rədd etdikdən sonra hadisələr yüksələn xətlə davam etməyə başlayır.Artıq ilahi sevgisini də itirmiş Klod Frollo qaraçı qızından qisas almaq üçün onun cinayətdə ittiham olunmasına səbəb olur.Esmeraldanın köməyinə isə Kvazimoda gəlir.Burada Esmeraldanı gerçəkdən sevən şəxsin əslində,Kvazimoda olduğunu görürük.Bütün bu hadisələrin fonunda isə Notr-Dam kilsəsi daş sükutu ilə baş verənlərə şahidlik edir.

Filmlərdən əlavə,əsərin motivləri əsasında yazılmış müzikal da olduqca gözəl təsir bağışlayır.1998-ci ildə ilk dəfə Fransada səhnələşdirilən müzikalın orijinal versiyası digərlərindən özəlliklə fərqlənir.Quaro, Daniel Lavoie, Patrik Fiori və Helena Segaranın baş rolunu paylaşdığı müzikalın birinci pərdəsində ifa edilən “Belle” adlı musiqi parçası olduqca məşhurdur.

 

Son olaraq qeyd edim ki,Notr-Dam kilsəsi daha bir təhlükəni bu dəfə ağır xəsarət alsa da,sovuşdura bildi.Notr-Damın restavrasiya işləri artıq başlanılıb.Təmir bərpa zamanı əsas öhdəliklər olaraq abidənin memarlıq üslubuna sadiq qalaraq restavrasiyanın həyat keçiriləcəyi bildirilir. Görünür,kafedralın zəngləri hələ uzun müddət Sena sahillərini bürüyəcək.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.