Daxil olQeydiyyat

DÜNYANIN RƏNG DOLU BAYRAMLARI

OKTYABR 31, 2019 2 dəq. oxu
DÜNYANIN RƏNG DOLU BAYRAMLARI

Bir ölkənin mədəniyyəti, tarixi ilə tanış olmaq istəyirsizsə, onun bayramlarında iştirak edin.Hər birimiz bayramları çox sevir, səbirsizliklə gözləyirik. Bayram günlərində bütün ailə, dost, tanış, qohumlar bir araya gəlib unudulmaz günü qeyd edir. Bəs başqa bir yerdə, tanımadığınız insanlar arasında bayram keçirməyə nə deyərsiz?

Sizin üçün dünyanın ən parlaq bayram və festivallarını bir araya gətirdik ki, səyahətə yollananda bayram vaxtında gedəsiz. Bununla siz səyahətinizi iki qat maraqlı edəcəksiniz.


Burnig man festivalı.
Festival 1986-cı ildən bəri hər il ABŞ-ın Neveda ştatının Blək-rok səhrasında keçirilir. O, avqust ayının son bazar ertəsində 00:01- də başlayır və səkkiz gün davam edir. Ağlasığmaz ideyalarla, rəngbərəng kostyumlarda, öz hazırladığı nəqliyyatla 70 mindən artıq adam hər il burning man festivalında iştirak edir. Əslində bu heç də festival deyil, ağlını dəyişdirəcək, reallıqdan uzaqlaşdıracaq mühitdir. Əsas məqsəd insanları daha kreativ, mehriban və açıq etməkdir. Festivalda qəhvə və buzdan başqa heçnə ala bilməzsiz, yalnız başqaları ilə dəyişdirmək olar. Yüzlərlə “mutant” maşın və qeyri-adi geyimdə olan insanlar musiqinin ahənginə uyğun hərəkətdədir. Landşaft, musiqi, işıqlandırma daim dəyişir, siz özünüzü də, əşyalarınızı da itirə bilərsiz. Burning man üçün bu təbiidir.
Bura özünü ifadə etməyə gələnlər səhranın ortasında müxtəlif art obyektlər tikir, əylənir və öyrənirlər. Festivalın sonunda iştirakçılar bütün izlərini məhv edir – yandırırlar. Ən əsası isə son gündə festivalın simvolu olan taxtadan hazırlanmış insan heykəli yandırılır.
Biletlər orta qiymətdə 500$ olsa da, bu insan axının qarşısını almır.


Ölülər günü.
Meksikanın ən fərqli bayramlarından biri olan ölülər günü noyabrın 1-i, 2-si tarixlərində keçirilir. Bayramın tarixi kökləri asteklərə gedib çıxır.
Ölülərin anılma gününü bayrama çevirməyi ancaq Meksikalılar bacarardı. Bayramdan öncəki hazırlıqlar sadəcə evi bəzəməklə bitmir. Meksikalılar ölənləri üçün qurbangahlar hazırlayırlar. Qurbangahların əsas hissəsi ölən ailə üzvlərin şəkilləridir. Həmçinin qurbangahlara vəfat etmiş şəxsin sevdiyi yeməkləri, şəkərdən kəllə və bəzək-düzəklər qoyulur. Hər tərəf şam və məxmək gülü ilə bəzədilir.
Meksikalılara görə əsl ölüm unutulduqda olur. Adətə görə, həmin günlərdə ölülər öz evlərinə qayıdırlar. Bu günlərdə bədnam heçnə baş vermir, əksinə olaraq Meksikalılar öz ölülərini daha çox şənləndirməyə borcludurlar.
Əgər siz ölülər günü Meksikadazsızsa, mütləq Sokolo mərkəzi meydanına getməlisiz. Bayram günlərində bura bəzənmiş qəbirstanlığa bənzəyir, hər tərəfdə skelet qrim və kostyumları ilə insanlar gəzişir.
Mexikonun digər tərəfinə - San Andres Mixquicada isə Ölülər gününün bütün mistikasını hiss edə bilərsiz. Bura özünəməxsus gecələri ilə yadda qalır. Gecə şamlarla göstərilən şoular bayrama daha da rəng qatır.


Holi bayramı.
Hindistanın yaz rəngarəngliyini nümayiş etdirən bayram fevral-mart aylarına təsadüf edir. Bayramın yaranması haqqında əfsanələr qədim dövrlərə çıxır. O, Holika şeytanın adı ilə bağlıdır. Buna görə də hər il bayramda qəddar Holikanın heykəlini yandırırlar.
Bayram qabağı binalar parlaq rənglərə boyadılır, hər tərəf güllərlə bəzədilir, müxtəlif içkilər hazırlanır, su çilləyən aparatlar quraşdırılır və ən əsası sakinlər rəngbərəng boyadılmış tozlar alırlar. Maraqlısı budur ki, yaşından asılı olmayaraq hamı bayramda fəal iştirak edir.
Hindistandasızsa, geyiminizin ləkələnməsindən qorxmayıb bir-birini rənglərə boyayan insanlara qarışın. Sözsüz ki, Hindistandan rəngli xatirələriniz qalacaq.


Sapporo Qar Festivalı.
Hər il Yaponiyada keçirilən qış festivalına 2.000.000-dən artıq turist gəlir. Amma vaxtı ikən – 1950-ci ildə hər nə uşaqların hazırladığı 6 fiqurdan başlamışdır. O gündən etibarən Sapporo “qış şəhəri” kimi turizmə vəsiqə qazandı.
Fevral ayında keçirilən festivalda müxtəlif ölkələrdən 25 komanda yüzdən artıq qardan fiqur hazırlayır. Siz də bu qeyri-adi sərgidən zövq ala bilərsiz.


Rio karnavalı.
Dünyanın ən maraqlı bayramlarından biri çətin xoreoqrafiyası, musiqisi və unikal geyimləri ilə hər zaman seçilib. Braziliyanın milli simvoluna çevrilmiş karnaval hələ quldarlıq dövründə yaranıb.
Rio-de-Janeyronun 14 ən yaxşı sambo məktəbi karnavala 1 il boyunca əsaslı şəkildə hazırlaşır. Musiqili tamaşalar qurur, rəqqaslar üçün xüsusi, parlaq, təkrarsız kostyumlar tikdirir, rəngli dekorasiyalar hazırlayır. Karnaval başlayan gün isə bütün bunlar təntənə ilə nümayiş etdirilir.
Turistlər üçün bayram günlərində küçə rəqs şənlikləri, küçə musiqiçilərin paradı, gecə konsertləri və müxtəlif ballar keçirilir. Karnavalda iştirak edən turistlər bildirirlər ki, bu bayram onların ən gözəl və unudulmaz xatirəsinə çevrilib. Siz də Rio-de-Janeyroya gedin və bu unudulmaz anları yaşayanlardan olun!


Dünyanın rəngarən, fərqli bayramları bununla bitmir, demək olar hər xalqın öz qeyri-adi ənənələri, maraqlı bayramları var. Bizim sadaladıqlarımızdan başqa portağal, pomidor döyüşləri, Electric Daisy Carnivalı, Divali və s. kimi pozitiv enerjili, fərqli bayramlar var. Səyahətinizi dayandırmayın, hələ sizin görə biləcəyiniz yüzlərlə yer, yaşaya biləcəyiniz minlərlə hiss var!

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.