Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Arzu ÇinarlıArzu Çinarlı 28 NOYABR 2019 1088 views 2 dəq. oxu

HƏDİYYƏ ALMAQ VAXTIDIR! SƏYAHƏTDƏN DÖNƏRKƏN YAXINLARIMIZA NƏ GƏTİRƏK?

1088 views 2 dəq. oxu
uploads/blog/Time to buy a gift! What should we bring to our relatives from traveling.jpg

Hamımızın evində soyuducunun üstündə müxəlif ölkələrin görüntüsü ilə maqnitlər olmamış olmaz. Uşaqlıqda onlara baxıb səyahət etməyi arzulamışıq. İndi isə arzularımız gerçəkləşib və səyahətdəyik. İstirahətimiz bitib və hələ də qohumlara, dost-tanışa hədiyə almamışıq. Vəziyyətdən necə çıxaq? Bəlkə biz də soyuducu üçün maqnit alaq? Əslində pis fikir deyil, onlara indi başqa uşaqlar baxıb xəyallar qurar. “Amma bu çox sadədir, daha kreativ hədiyyələr lazımdır” deyirsiniz, o zaman hədiyyələrdən söhbət edək.

Hədiyyələr rəngarəng olmalıdır. Ona görə də rəng dolu Hindistandan başlayaq. Müxtəlif ədviyyatlar - zəfəran, uzun sarıkök(kurkuma), zirə, mixək, darçın, şüyüd və s. həm ətri ilə, həm görünüşü ilə hamını valeh edəcək. Aşpaz dostunuz varsa, bu lap mükəmməl hədiyyə olacaq. Bir də, ədviyyatları ən yaxşısı bazarda deyil, mağazalarda alın. Bazarlarda onlar açıq kisələrdə satılır, həm toz olur, həm ətri azalır.

Xanımlar üçün isə Hindistandan xına gətirə bilərsiniz. Burada onun keyfiyyətinə söz ola bilməz, o həqiqətən də təbii boyadır. Həmçinin kosmetik kokos yağına da xanımlar sevinər. Əl, üz dərisinə qulluq üçün kokos yağı əvəzsizdir.

Hind filmlərinə baxanlar onların bəzək əşyalarını diqqətdən qaçırmaz. Ölkənin zərgərləri öz işlərinin ustadlarıdırlar, zinət əşyaları kiçik detallarına qədər möhtəşəmdir. Hindistan qızılında gümüş qatışığı daha az olduğundan, o davamlı və incə olur.

Maraqlı stillərlə “təcrübə” aparan tanışınıza Hindistandan geyim gətirməsəniz, günahkar olarsınız. “Ali baba” şalvarları, muncuqdan toxunma köynəklər, rəngli gödəkçələri turistlər almadan ölkəni tərk edə bilməz.

“Esto es Italia!” deyib İtaliyadan nə gətirəcəyiniz bilmirsiniz? Sizə çox qəribə gələcək, amma Ma-ka-ron. İtaliyada olan makaron çeşidi heç yerdə yoxdur. Növbəti deyəcəyimiz makarondan da qəribə gələ bilər, amma pendir alın, gətirin, hədiyyə edin. Axı Parmesan pendiri yalnız İtaliyada hazırlanır. Qurman dostunuzsa, belə hədiyyəni yüksək dəyərləndirəcək. İtaliyadan şərab da gətirsəz yanılmazsınız.

Suvenirlərdən isə İtaliya öz mətbəx əşyalarının qeyri-adiliyi ilə seçilir. Yerli sənətkarlar tərəfindən hazırlanmış keramika mətbəx əşyaları unikallığı ilə göz oxşayır. Analarımız üçün mütləq burdan bərbəzəkli bir qab götürməliyik.

Yolunuz Fransaya düşüb ordan nə gətirim deyə götür-qoy etməyin. Mümkün deyil ki, Fransa dedikdə parfümeriya, incə ətirlər düşünməyəsiniz. Chanel, Guerlain, Christian Dior, Cartier, Givenchy marklarının hamısının özünəməxsus ətirləri var. Bir neçəsini alın, bu ətirləri bəyənməyən insan tapılmaz. Bundan başqa moda dünyasına düşüb geyimsiz qayıtmayacaqsınız. Bütün moda nümayişlərini izləyən, dəbdəbəni sevən rəfiqənizə André, Sandro, Eram kimi butiklərdən hədiyyə ala bilərsiniz.

Böyük Britaniya – böyük hədiyyələr. Çay sevərlərinizə Böyük Britaniyadan ləziz erl grey və çay dəsti, miniatür fincanlar hədiyyə edin. Yanında Britaniya şirniyyatları da gətirsəniz, tam mükəmməl olar. Amma bəzi dostlarınız çay deyil, spirtli içki sevir? Problem deyil, Böyük Britaniya cin və şərabı ilə də tanınır. Səyahətdən sonra dostunuzla xoş xatirələri yada salıb keçmişi xatırlayarsınız.

Dostlarınızın içində Şerlok Xolms, Harri Potter və ya M&M's fanatları varsa, onları hədiyyələriniz nəyinki sevindirəcək göyün yeddinci qatına qaldıracaq. M&M's World mağazısında sarı və qırmızı personajlara həsr olunmuş müxəlif mallar tapa bilərsiniz. Şerlok Xolms muzeyində isə detektivin şlyapasını əldə etmək olar. King Croos vağzalnın lap içində yerləşən Harry Potter Shop-da Harri dünyasına aid hər nə var.

Meksikadan isə çox qəribə bir hədiyyə gətirə bilərsiniz. Mistikanı sevən, cəsur dostunuza “ölülərlə bayram” keçirən bu ölkədən rəngarəng boyanmış kəllə sümüyü bağışlayın. Belə suvenirlər Meksikada çox geniş yayılıb və turistlər üçün maraqlı bir seçim olur.

Tekila da gözəl seçimdir. Don Julio, Herradura, Corralejo tekilalarını Meksikalılar özləri sizə təklif edir. Sınamağa dəyər, elə deyilmi?!

Meksikadan həm də kofe, şlyapalar, mədəniyyətlərini əks etdirən qəribə fiqurlar və başqa hədiyyələrinizlə tanışlarınızı sevindirə bilərsiniz.

Hədiyyə alarkən onu kimə alacağınızı düşünün, sizin yaxınlarınızı sizdən yaxşı tanıyan yoxdur. Onların zövqünə uyğun böyük şəhərlərdə çoxlu seçimlər olacaq. Unutmayın ki, nə hədiyyə alsanız belə, dostlarınız da, ailəniz də sevinər. Kiçik bir konfet də kiminsə üzünü güldürə bilər. Düz deyiblər, “Hədiyyələrin böyüyü kiçiyi yoxdur, əsas diqqətdir.” Ən gözəl hədiyyəniz isə yaxınlarınıza istirahətinizin gözəlliyindən danışıb onları səyahət etməyə ruhlandırmağınızdır!

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

BLACK FRIDAY YOXSA CYBER MONDAY? FƏRQLƏRİ NƏLƏRDİR

SƏYYAH FOTOQRAFA LAZIM OLAN AVADANLIQLAR

SƏYAHƏT VƏ ŞOPİNQ

Paylaş

Arzu Çinarlı psyChopsis

2001-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya göz açıb. 2006-cı ildən isə Azərbaycanda yaşayır. Səyahət etməyi çox sevir. Rusiyanın və Azərbaycanın bir neçə şəhərini gəzib-görüb. Uşaqlıqdan ən böyük arzusu Parisin gözəlliklərini öz gözləri ilə görməkdir. Bu arzusunun gerçəkləşməsini səbirsizliklə gözləyən Arzu, artıq bir neçə arzusunun reallaşdığını da bildirib. Reallaşan arzularının sırasına jurnalistika fakültəsində təhsil almaq da daxildir. Bu sahənin dərinliyinə yiyələn Arzunun təcrübələrini, oxuduqlarını qələmə almaqla arası yaxşıdır.

Bütün bloqlar