Daxil olQeydiyyat

Dünyaya öz mətbəxini ən çox tanıtmış 10 xalq

DEKABR 27, 2019 4 dəq. oxu
Dünyaya öz mətbəxini ən çox tanıtmış 10 xalq

Tarix boyunca bir çox mədəniyyətlərin bir-birinə inteqrasiya etməsi, xalqların iqlim və ya müharibə səbəbilə bir yerdən başqa yerə köçməsi, asılılıqda olan ölkələrin başqalarına tabe olması nəticəsində xalqların mətbəxlərində də müxtəlif dəyişikliklər və yeniliklərə rast gəlinmişdir. Dünya mətbəxi dedikdə əsasən bir çoxlarının ağlına Çin, İtalyan və Türk mətbəxi gəlir. Lakin, bu 3 xalqın mətbəxilə kifayətlənmək olmaz. Meksika, Fransa, Yaponiya və hətta Almaniya mətbəxi belə kifayət qədər zəngin və dadlı təamları ilə məşhurdur. Müxtəlif dadlar ilə qarşılaşacağımız millətlərin yeməkləri ilə tanış olmaq üçün 10 xalqın mətbəxini sizlər üçün sıralayırıq...

 

10. Tayland mətbəxi

Çin mətbəxi ilə olduqca yaxın və bənzər olan Tayland mətbəxində dəniz məhsulları olduqca çoxluq təşkil edir. Buradakı əsas inqrediyent düyüdür. Əsas yeməklərin bir çoxunun yanında düyüyə rast gəlmək mümkündür.

“Köri” adı verilən sulu yeməkləri olduqca populyardır. Müxtəlif ədviyyatlarla dadlandırılan və Tayland xalqının sevimlisi olan “köri” tam buğda unuyla bişirilmiş çörəklə restoranlarda servis olunur.

Meksikalılar qədər olmasa da kifayət qədər acını sevən xalqdırlar və öz yeməklərində özlərinə məxsus ədviyyat və tərəvəzlərdən istifadə edirlər. Süfrələrində şirin, duzlu, turş və acını balanslaşdırmağa və hər birindən istifadə etməyə çalışırlar. Şirniyyatlarının bir çoxu meyvələrlə hazırlanır və demək olar ki, hər birində kokos südü istifadə olunur.

 

9. Çin mətbəxi

Çin mətbəxini dünyanın ən zəngin mətbəxi adlandırmaq mümkündür. Düyü, tərəvəzlər, dəniz məhsulları, Pekin ördəyi, xəmir və toyuq yeməkləri ilə öz mətbəxini xeyli zənginləşdirən Çinlilər, yeməklərində ən çox soya lobyasını istifadə edir. Ədviyyatlar və turş-acı souslar istənilən yeməyin olmazsa olmazıdır. Dəniz məhsullarından ən çox krevetə müraciət olunur və istər qızartma, istər soyutma, istər çiy olsun, krevet çinlilər tərəfindən hər halı ilə sevilir.

Yemək süfrələrində duz və istiot kimi ədviyyat və souslara rast gəlmək olmur, çünki onlar yeməyin hər bir ədviyyatını qatıb o cür servis edirlər. Bütün bu yeməkləri yeyərkən isə çəngəl-bıçaqdan yox, özlərinə məxsus yemək çubuqlarından istifadə edirlər.

 

8. Almaniya mətbəxi

Uzun-uzun düşünüb “Almaniya necə ilk 10-luğa daxil olub?” deyə özlüyünüzdə danışdığınızı sanki eşidirik. Amma qeyd etməliyik ki, almanların xəmir, ümumiyyətlə şirniyyat işlərinə çatmaq olduqca çətindir. Alman çörəklərinin nə qədər məşhur olduğunu da bilirik. Belə ki, siz Almaniyada istənilən marketə daxil olduqda azı 25 növ çörəklə qarşılaşa bilərsiniz. Hansını seçəcəyiniz isə sizin damaq zövqünüzə qalıb. Hətta, qeyd etmək çox yaxşı olar ki, Dünyanın ən qəribə muzeylərindən biri olan “Çörək Muzeyi” də məhz Almaniyada yerləşir və onların zəngin kulinariyasından xəbər verir.

Həmçinin, alman mətbəxində salatlar da olduqca geniş yer tutur. Təzə tərəvəzlərlə hazırlanan, müxtəlif souslarla dadlandırılan salatlar almanların uzunömürülük və gənclik sirlərindən biridir.

 

7. Yaponiya mətbəxi

Ənənəvi yapon mətbəxinin olmazsa olmazı düyüdür. Demək olar ki, bütün yeməklərində onlar düyüdən istifadə edirlər. Hətta səhər süfrələrində də siz düyü ilə qarşılaşa bilərsiniz. Yaponiya bir ada olduğu üçün burada dəniz məhsullarına tez-tez rast gəlinir və yapon mətbəxinin böyük bir qismini də dəniz məhsulları ilə hazırlanmış ləziz təamlar tutur. Bu mətbəxi digər dünya mətbəxlərindən fərqləndirən ən əsas cəhətlərdən biri yağ və ədviyyatı olduqca az istifadə etmələridir. Onlar mövsümi tərəvəzlərdən bol-bol istifadə edərək sağlam qidalanırlar. Yaponlar da işlərini bilir ha...

Məşhur Yapon mətbəxindən takoyaki, suşi, tempura, somen, ramen, ishiyaki və başqa yeməklərin adını çəkə bilərik. Dünyaca məşhur bu yeməklərin böyük bir qisminə Bakıda rast gəlmək və yemək mümkündür. Əsasən də suşi. Son zamanlar suşi restoranlarının sayı bir xeyli artıb.

 

6. Meksika mətbəxi

Meksika mətbəxi dedikdə bir çoxlarının ağlına “acı” gəlir. Çili adı verilən qurudulmuş acı bibər ölkə mətbəxinin ən vacib inqridentlərindən biri hesab olunur və yeməklərin hazırlanmasının böyük bir qismində istifadə edilir. Qarğıdalı, lobya, kakao, düyü, tərəvəz çeşidləri, eqzotik meyvələr və müxtəlif növ ədviyyatlar Meksika mətbəxinin əsasını təşkil edir.

Yeməklərin yanında yeyilən “Tortilla” – qarğıdalı və buğda unundan hazırlanmış, lavaşa bənzər bir çörək növüdür. Tortillanın içərisinə bir neçə ingredientin qoyulması ilə hazırlanan “Taco” isə nəinki ölkədə, həm də dünyada olduqca məşhur yeməklərdən biridir.

Müəyyən bir qisminin okeanla əhatələnməsi Meksika mətbəxində də dəniz məhsullarının yer almasına gətirib çıxarmışdır. Onlar əsasən böyük balıqlardan və ilan balığından müxtəlif növ yeməklər hazırlayırlar.

Sözügedən mətbəxdə şorbaların əhəmiyyəti də böyükdür. Meksika dünyanın ən çox şorba yeyilən ölkələrindəndir.

 

5. Hindistan mətbəxi

Bol ədviyyatlı olması ilə Hindistan mətbəxi olduqca məşhur bir mətbəxdir. İnancları ilə əlaqədar olaraq mal əti istifadə etmir, əsasən toyuq ətinə üstünlük verirlər. Burada vegeterian tərzi yeməklərə tez-tez rast gələ bilərsiniz. Həmçinin “köri” ilə hazırlanan yeməklərə hindlilər üstünlük verirlər. Eyni ilə Tayland mətbəxində olduğu kimi.

Yemək yeyərkən çəngəl-bıçaq yerinə əsasən əllərini istifadə edirlər. Bu bənzərliyə bəzi ərəb ölkələrində də rast gəlmək mümkündür.

Ümumiyyətlə, Hind mətbəxi Şimal Hind və Cənub Hind mətbəxi olmaqla iki hissəyə bölünmüşdür. Şimal Hind mətbəxində acısı çox olan yeməklərə daha çox rast gəlinir. Ətdən də çox az istifadə etdikləri üçün vegeterian yeməklərinə çox bənzəyir Şimal mətbəxinin yeməkləri. Cənub mətbəxində isə əsasən ətdən və taxıllı bitkilərdən hazırlanan yeməklərə rast gəlinir.

Yeməkləri bir azərbaycanlının damaq zövqünə nə qədər uyğun deyilsə, şirniyyatları bir o qədər dadlıdır. Hindistanlılar öz şirniyyatlarının böyük bir qismini süt ilə hazırlayırlar.

 

4. Yunan mətbəxi

Yunan mətbəxi ən qədim və dadlı mətbəxlərdən biridir. Balkan və Ağdəniz mətbəxlərini özündə birləşdirən yunan mətbəxi “Girit” mətbəxini də özündə ehtiva edir. Yeməklərinin böyük bir qismi türklərin “zeytinyağlı” adlandırdığı kateqoriyaya daxildir. Elə bu bənzərlikdəndir ki, yunan mətbəxi Anadolu Türk mətbəxilə bir çox ortaq məqamları paylaşmaqdadır.

Yunanların çox ləzzətli xəmir yeməkləri və həmçinin ətli yeməkləri mövcuddur. Təzə tərəvəzləri elə təzə mal əti ilə bir bütün bişirməyi əla bacaran yunanlar buna görədir ki, antik dövrdən bəri dünyanın zəngin mətbəxinə sahib xalqlardandır.

Yunan mətbəxindən ən çox adını eşitdiyimiz və bizə tanış olan yemək isə yunan salatıdır. Olduqca asan və tez başa gələn yunan salatının dadı isə heç də elə-belə deyil. Dadmayanlar üçün şiddətlə tövsiyyə edirik.

 

3. İspaniya mətbəxi

Özünəxas ləzzətləri ilə İspaniya mətbəxi heç də digər mətbəxlərdən geri qalmır. Hətta 3-cü sırada yerləşməsilə birlikdə sizin ilkin təəssuratlarınız da yəqin ki, yaranmışdır.

Dadlı və yumşaq, növbənöv ispan çörəkləri, təzə tərəvəzlər, duzlu-istiotlu yeməklər İspan mətbəxinin olmazsa olmazlarındandır. Ən məşhur yeməklərindən olan “Gazpacho” şorbası hər damaq zövqünə uyğundur. Bu supun dadına baxmaq istəyirsinizsə, yolunuzu mütləq Sevilladan salmalısınız.

Digər bəhs etmək istədiyimiz yemək isə Tortilladır. İspaniya qayğanağı olaraq tanınan bu yemək səhər süfrələri üçün deyil. Yəni ispanlar bunu günorta və ya axşam yeməklərində əsas ana yemək kimi yeyirlər. Yumurta, kartof, soğan və rəngli, müxtəlif bolqar bibərlərindən hazırlanan bu yeməyi də şiddətlə dadmağınızı məsləhət görürük.

 

2. Fransa mətbəxi

Sahib olduqları yeməkdən tutun, bu yeməkləri bişirmə texnikasına və metodlarına kimi dünyanın ən zəngin mətbəxlərindən biri Fransız mətbəxidir. Ət, tərəvəz və xəmir yeməklərini mükəmməl şəkildə bişirən fransızlar balığa və ümumən dəniz məhsullarına da öz mətbəxlərində geniş yer ayırırlar.

Bizlər kimi gündə 3 dəfə yemək yeyirlər. Pendir və şərab markaları dünyaca məşhurdur. Şərabdan həmçinin ət bişirərkən istifadə edirlər. Axşam yeməklərində də şərab süfrələrin olmazsa olmazı hesab edilir.

Sufle, karamel və makaron kimi şirniyyatları ilə dünyada məşhur olan Fransız mətbəxinin digər məşhur və dadlı şirniyyatı “kruassan” isə ölkəmizdə ən çox alınan və yeyilən şirniyyatlardandır.

 

1. İtaliya mətbəxi

İtalyan mətbəxi dünyanın ən sevilən mətbəxlərindən biridir. Onlar yemək yeməyi təbii ehtiyacdan daha çox, birisiylə söhbət edərkən və ya vaxt keçirmək üçün yeyirlər.

İtaliya mətbəxi dedikdə heç şübhəsiz çoxumuzun ağlına ləziz pizzalar, souslu makaronlar gəlir. Ölkədə yezlərlə sous çeşidi və makaron mövcuddur. “Risotto” adı verilən düyü plovu isə olduqca məşhurdur. Şirniyyatlardan isə ən dadlı və ən populyarı “tiramisudur”.

Fransa kimi İtaliya mətbəxi də pendir, şərab və həmçinin qəhvəsiylə məşhurdur.

 

Axtarışa dəvam edin – bu bloqlarıda oxuya bilərsiniz:

İSPANİYA MƏTBƏXİ

PİZZANIN YARANMA TARİXÇƏSİ

SUŞİNİN YARANMA TARİXÇƏSİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.