Daxil olQeydiyyat

XANIMLARIN TƏK SƏYAHƏTİ ÜÇÜN AFRİKANIN TOP 5 TƏHLÜKƏSİZ ÖLKƏLƏRİ

SENTYABR 30, 2019 7 dəq. oxu
XANIMLARIN TƏK SƏYAHƏTİ ÜÇÜN AFRİKANIN TOP 5 TƏHLÜKƏSİZ ÖLKƏLƏRİ

 Dünyada planlarında və ya arzularında Afrika səyahəti olan yəqin ki, yüz milyonlarla insan var; Afrika və ölkələri kimsə üçün ekzotik balayı ünvanı, başqası üçün fəth edəcəyi daha bir zirvənin yerləşdiyi qitə, digəri üçün səyahət etdiyi ölkələrə ‘’sanballı’’ bir əlavə ola bilər və sairə. Bütün bu arzular və planlarla bağlı spesifik ölkələr, bu insanlarin profili, büdcəsi, dünya görüşü və xüsusi xırda zövqlərinə görə dəyişir. Və əlbəttə Afrika özü, dünyada ən çox ölkə sayına malik bir qitə kimi, regional olaraq çox rəngarəndir və səyahət arzusunda olanlar üçün təklif edə biləcəyi hər növdən əyləncə və macəra seçimləri var. Ancaq həqiqət budur ki, Afrikanın bir turistə təklif edə biləcəyi külli miqdarda cəlbedici seçimləri olmasına baxmayaraq, qitənin ölkələri iqtisadi və siyasi cəhətdən heç də həmişə stabil deyil. Belə olan halda nəinki turistlər üçün, hətta yerli əhali üçün də ölkə təhlükəli məkana çevrilir. Bu yerdə Avstraliyada yerləşən Institute for Economics and Peace nəhəng tədqiqat mərkəzinin hazırladığı Qlobal Sülh indeksinə baxmaq daha dəqiq təsvir yaradar: Afrikanın bəzi ölkələri ilk 50-likdə olmasına baxmayaraq, sona yaxın və son 10-luqda Afrika ölkələrinin dominant olması artıq işarə ola bilər ki, belə ölkələrə hazırlıqsız getmək qadınlar qədər elə kişilər üçün də təhlükəli ola bilər. Lakin düzgün tədqiqat, tədbir və seçimlərlə qarşısı alına biləcək təhlükələrə görə Afrikaya yox demək şiddətli şəkildə ədalətsiz olardı, buna görə də bu məqalədə siz Afrikanın ən təklükəsiz, ümumiyyətlə, dünyanın təhlükəsizlik baxımından ilk 50-liyinə düşən ölkələrini və orada bir qadın kimi solo səyahətinizdə edə biləcəklərinizi öyrənə bilərsiniz.

Afrika və qadınlar: Afrika əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir və bütün yerli istehsalatın yarıdan çoxu qadınların hesabına başa gəlsə də böyük əksəriyyəti əməklərinin qarşılığını ala bilmir və dövlət səviyyəsində də qadınların belə ibtidai haqları qorunmur. Buna baxmayaraq qadınlar arasında sahibkarlıq fəaliyyəti son dövrlərdə qərb tərəfindən ruhlandırılır və böyük sürətlə artır. Ancaq çox təəssüf ki, hələ də bəzi ölkələrdə qadınların nəinki iqtisadi, hətta həyati təhlükəsizliyi belə ciddiyə alınmır. Məsələn, inkişaf etmiş yeganə Afrika ölkəsi sayılan CAR mətbuatına sadəcə qısa bir nəzər salsaq bu ölkədə qadınlara qarşı təcavüz və öldürülmə hallarının çox yüksək olduğunu və təəssüf ki, cəmiyyət tərəfindən belə halların artıq getdikcə ‘’adi’’ qəbul edildiyini görə bilərik. Bu cür situasiyalara görə tək səyahət planlaşdıran xanımlar elə ölkələr seçməlidirlər ki, orada turizm dövlət səviyyəsində dəstəklənir, əsas turistik zonalar polislərlə təmin olunur.

Bir xanım turist olaraq dövlət səviyyəsində qorunacağınız ölkəni seçdikdən sonra gərək şəxsi tədbirlərinizi də əldən verməyib ehtiyatlı olasınız. Sizi səyahət etdiyiniz ölkədə gedəcəyiniz yerə qədər təqib edəcək əzmkar dilənçilər, yolda və ya ictimai nəqliyyatda rastalaşa biləcəyiniz cibgirlər, üzərinizdə olan bahalı mücəvhərləri və ya sadəcə pul kisəsini almaq üçün silah qaldıracaq yerli cinayətkarlar problem yarada bilər. Ona görə də bu qoca qitəyə getməyi planlaşdıran hər kəsə yuxarıda yazılanlarla bağlı məsləhətlər görülür: məsələn, pul kisənizdə çox az nağd saxlamaq, özünüzlə işlək olmayan kartlar gəzdirmək lazımdır ki, sizə silahla yaxınlaşan quldurlarla rastlaşanda canınız əvəzinə malınıza görə sövdələşməyə getməyəsiz. Və yaxud lazım olmadıqca çalışın küçələrdə ATM-lərdən istifadə etməyəsiniz və ya restoranda hesabı ödəmək üçün plastik kartınızı ofisianta verəndə müəyyən qədər müşahidədə olun ki, kimsə kartınıza göz qoymasın. Və həmçinin gündüzlər insan az olan yerə, gecələr isə ümumiyyətlə küçələrə tək çıxmamaqda fayda var və əgər təcili vəziyyət yaranarsa yaxşı olar ki, bir çox böyük Afrika şəhərlərində fəaliyyət göstərən Uber taksilərindən istifadə edəsiniz. 

Bəs bu ibtidai tədbirləri möhkəmləndirdikdən sonra hansı ölkələrə ürəklə, qorxmadan səyahət etmək olar? 2018-ci il Qlobal Sülh İndeksinə əsasən 5 ən təhlükəsiz Afrika ölkələri (əgər yuxarıda gözünüz qorxdusa müqayisə üçün qeyd edək ki, Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Amerika heç ilk 100-lüyə belə düşmür):

  1. Mavritaniya, 20-ci
  2. Botsvana, 29-cu
  3. Qana, 41-ci
  4. Malaviya, 44-cü
  5. Zambiya, 48-ci

Hər bir Afrika ölkəsinin özünəməxsus çalarları var və bu 5-lik də istisna deyil. ‘’... niyə səyahət edək?’’ başlığı ilə zövqünüzə uyğun təhlükəsiz ölkə ilə qısaca tanış olun!

Mavritaniyaya niyə səyahət edək? Bu klassik Hollywood səhnəsi hamıya tanışdı: obraz necəsə huşunu itirib okean dalğaları ilə sahilə gəlib çıxır və kamera onun yarı açılmış gözlərindən birinci palma ağaclarını, günəşi, sonra təmiz okean suyunu və qızılı sahili göstərir- bax, bu, Mavritaniyadı! Bəlkə də adanın elə bu cür reputasiyasına görə burada tez-tez öz ‘’dream’’ bal ayını keçirən cütlükləri görmək olar. Madaqaskardan biraz sağda, Hind Okeanında yerləşən bu adada ilboyu demək olar ki, xoş havalar hökm sürür; ən aşağı tempratur İyun-Avqustda 26-28 dərəcə ətrafında olur. Yanvar və Mart ərzində isə daha yağışlı olduğu üçün sırf qum və dəniz axtarışına çıxan turistlər gərək bunu nəzərə alsınlar. Bir adada su ilə bağlı ola biləcək hər cür əyləncə növünü Mavritaniyada tapmaq mümkündür: skuba dayving, Blue Bay Marine Parkında sörfinq və s. Afrikanın tarixi keçmişi ilə maraqlanan turistlər isə mütləqdir ki, paytaxt Port Louisdə ölkənin yeganə UNESCO Dünya İrsinə düşmüş nümunəsi olan Aapravasi Ghat abidəsinə baş çəksinlər. Bu abidə dünyanın ən böyük işçi miqrasiyalarından birinə mənzil olub; belə ki, 1834-1920-ci illər ərzində yarım milyona yaxın hindistanlı və Karib adasından, Avstraliyadan ucuz əməkçilər ağır şərtlər altında britaniyalıların şəkər plantasiyalarında işləmək üçün buraya köç edirlər və sonradan bu insanlar gələcək mavritaniyalıların əcdadı olur. Ölkədə halhazırda buddist dini hakim olsa da paytaxt şəhərdə müxtəlif dinlərə aid məbədlər görmək olar: çinlilərin Nam Sun Tin How məbədi, Mərkəzi Univermaqda Cümə məscidi, Port Louis məbədi və s. Və əgər britaniyalıların ölkəyə mədəni təsirlərindən birinin şahidi olmaq istəsəniz onda qış aylarında şənbə günləri keçirilən at yarışlarını dünyanın ikinci ən qədim cıdırında- Champ de Mars Racecourse-da izləyərək ingilissayağı vaxt keçirə bilərsiniz.

Botsvanaya niyə səyahət edək? UNESCO-nun Dünya İrsində 1000-ci yerdə əzəmətli Okavango çayının deltası durur. Burada yerli bələdçilərlə birlikdə mokoro kanolarını tutub, Afrikanın vəhşi həyatını müşahidə edə bilərsiniz: sizin ətrafınızda fillər su içəcək və begemotlar isə həmişəki kimi suyun içindəki həyatlarına davam etməkdə olacaqlar. Əgər fillərin həyatına daha da nüfuz etmək istəsəniz onda May-Sentyabr ayları ərzində qışda ölkənin ilk milli parkı sayılan Çobedə, suda çimməyi xoşlayan 10 000-dən çox filləri, antilopları, yırtıcı pişik və vəhşi quşları görmək imkanını əldən buraxmayın. Botsvana hökuməti ölkə ərazisinin, onun təbiətinin iqtisadi əhəmiyyətini nəzərə alır və təbiiliyi son dərəcə qoruyub saxlamağa təşəbbüslər göstərir. Buna görə də professional tur bələdçiləri çox əlçatandır və sizin rahatlıq və təhlükəsizliyinizi təmin etmək üçün yüksək xidmət göstərməyə çalışırlar. Botsvananın turizm sektoru ölkəyə gələn hər cür turisti razı salmağa çalışır və ucuz seçimlərlə yanaşı çox lüks otellər də təklif edir və hətta bu lüks otellər də Afrika təbiətini yadırğamamağa çalışır- dizayn və otaqlar yerli motivləri kifayət qədər minimalist şəkildə əks etdirir. Botsvana haqqındakı digər bir möhtəşəmlik isə dünyada Tanzaniyadakı Serengeti ekosistemindən sonra 2-ci ən böyük zebra köçünə ev sahibliyi etməsidir. Bunun üçün siz yağışlı mövsümlərin başlanğıcında, noyabrda Nxai Pan milli parkına ziyarət etməlisiniz və bundan sonra necə 25 000-ə yaxın zebranın su ehtiyatlarına görə 1000 kilometr qət etməsini öz gözlərinizlə görə bilərsiniz. Bəxtiniz gətirsə zebralarla birlikdə antilop sürülərini və onların ovuna çıxmış şirləri, kaftarları və geopardları da görəcəksiniz. Botsvana tur xidmətlərinin əlavə üstünlüklərindən biri də sizə bu cür safari təcrübəsini həm də at belində kəşf etməyi təklif etməsidir.

Qanaya niyə səyahət edək? Qana Afrikanın kəşfi edilməmiş incisi elan olunmalıdır; halhazırda qitənin ən demokratik və stabil iqtisadiyyata malik ölkəsinin keçmişi 17-19-cu əsrlərdə mövcud olmuş qüdrətli Aşante imperiyası ilə bağlıdır. Ölkənin indiki adı yerli afrikan dillərindən olan Soninke dilindən gəlir və ‘’döyüşçü hökmdar’’ mənasını verir, bu  isə britaniyalıların imperiyaya olan siyasi müdaxiləsi bitdikdən sonra qürurlu bir ‘’comeback’’ addımı olur. Qana zəngin qızıl ehtiyatlarına görə ‘’Afrikanın qızıl sahili’’ hesab olunur. Ekvator və Qvineya körfəzi yaxınlığında yerləşdiyi üçün qitənin darvazası rolunu oynayan Qana strateji mövqeyinin və onun gətirdiyi ticari-iqtisadi üstünlüklərin hesabına əzəldən qonşulara nisbətən daha firavan həyat yaşayıb. Bütün bu firavanlıqlar içində qanalılar elə istiqanlı, elə həyatdolu ömür sürüblər ki, daima rəngli paltarlarda əyləncəli festivallar keçirmək üçün səbəblər tapıblar: düyü festivalı, Aboakir maral ovu festivalı, çayların daşıb yerliləri narahat etməsin deyə Çay tanrısı festivalı və s. Bundan əlavə hindistanlılar kimi oynamağa, musiqiyə meyilli olan qanalıların milli mətbəxi də onlarınkı kimi bol ədviyyatlıdır və onları streetfood kimi küçələrində dada bilərsiniz. Qananın təkcə mədəni və tarixi irsi yox, həm də təbiəti də əsl ‘’Afrika’’ adına layiqdir- buradakı şəlalələr, dağlar, kəpənəklərin və meymunların həssaslıqla qorunduğu milli parklar həm də macərapərəst ruhlar üçün uyğun seçimdir. Ən əsası isə qitədəki digər ölkələr kimi turistlər tərəfindən hələ intensiv istismar olunmadığı üçün siz bütün bu gözəl təcrübələri daha az büdcə ilə yaşaya bilərsiniz.  

Malaviyə niyə səyahət edək? Təəssüf ki, Malavi Qana qədər zəngin deyil və iqtisadiyyatı da tədricən inkişaf edir ancaq bunun kompensasiyası kimi Malavi sizə hədsiz qonaqpərvərliyini təklif edə bilər. Hətta bəzən dünyanın(!) ən insansevər ölkəsi elan olunan Malavi, öz adını 16-cı əsrdə mövcud olmuş krallıqdan götürür, mənası isə ‘’alov’’ deməkdir. Qətiyyən təsadüf deyil çünki ölkənin görülməsi vacib olan hadisələrindən biri, bəzilərinin ‘’Nyasa gölü’’ kimi tanıdığı Malavi gölündən, hər səhər ətrafı alov kimi işıqlandıran günəşin doğmasıdır- bu da öz növbəsində ölkənin rəmzinə çevirilib və bayraqlarında da öz əksini tapıb. Malavi gölü Tanzaniya və Mozambik arasında yerləşir və çox zəngin canlılar aləminə malikdir. Bu təmiz sularda turistlərə kano, sörfing və sair su idman və əyləncə növləri təklif olunur. Lakin baxmayaraq ki, göl hətta üzmək üçün də təhlükəsiz hesab olunur, göldən başlayan Shire çayında üzmək isə tamam ayrı mövzudur, daha dəqiq ölümə bərabərdir. Çünki çayın başladığı bu hissədə çoxlu timsahlar və begemotlar var; hətta belə bir yerli söhbət var ki, ‘’hansı tərəfindən öldürülmək, görəsən, daha qorxuludu?’’ Bu isə sizin birbaşa yoxsa tədricən ölmək istəyinizdən asılıdır. Hətta timsahın əlində qaça biləcək insanın çox güclü çənəyə sahib begemotla şansı daha aşağıdır. Timsahın reputasiyasının daha yayğın olmasının səbəbi sadəcə rəqibləri olan bu ‘’çay atlarına’’ nisbətdə yayılma areallarının daha geniş olmasıdır. Ancaq narahat olmağa o vaxt dəyər ki, siz qaranlıqda, insan olmayan, qamışlıq yerlərdə üzürsünüz; çalışın çayın başladığı, töküldüyü yerlərdən uzaq olasız. Gölün Malaviyə aid hissəsi olduqca sakit, təhlükəsizdir; hətta belə ki, dərində üzməyi təzə-təzə öyrənən şəxslər üçün də bu bol balıqlı və şəffaf sular ideal hesab olunur. Malavini digər ‘’qitədaş’’larından fərqləndirən həm də onun mətbəxidir; milli mətbəxdə daha çox ət yerinə dəniz məhsulları üstüklük təşkil edir. Bu isə göldə 600-dən çox balıq növünün olmasına görədir. Sonda isə qaynar və rütubətli havalara düşməmək üçün bu ölkəyə ən yaxşısı qışda, May- Sentyabr ərzində gəlmək lazımdır.

Zambiyaya niyə səyahət edək? Şübhəsiz ki, Zambiyaya gələnlər dünyanın ən böyük şəlaləsi, Viktoriyanı, görmədən əl çəkməzlər və elə düz də edirlər. Lakin bizi Zambiyaya cəlb edən sadəcə belə populyar məntəqələr olmamalıdır; əgər ürkməyəcəksinizsə Oktyabr-Dekabr aylarında Kasanka Milli parkına 10 milyon yarasanın necə köç etdiyini görmək üçün ziyarət etmək çox maraqlı təcrübə olardı.  Zambiyalıların tünd çalarları bununla da bitmir; Lusaka adlı milli muzeylərində cadugərlik və cadugərlərə həsr edilmiş hissədə sözün əsl mənasında əndirəbadi eksponatlar görmək olar. Zambezi çayını kano ilə gəzmək, Viktoriya şəlaləsini yuxarıdan helikopterlə izləmək, ‘’Zambiya Rivierası’’nda kruz gəzintisi, Milli parklarda gün batandan sonra yol maşını ilə gecə heyvanlarının ova çıxmalarını də izləsəz Afrika səyahətiniz çox ideal keçmiş olacaq. Və sonda təbii ki, Zambiya da bir Afrika klassikasıdır və safariyə çıxmaq üçün idealdır. Ölkədə safari rəhbərləri bu ixtisas üzrə çətin imtahanlardan keçirlər, ona görə də bələdçilərinizdən razı qalmamaq ehtimalınız da çox aşağı olacaq.

Uzaq diyarlara səfər zamanı vacib məsələlərdən biri də peyvəndlərdir, Afrikaya gedənlər üçün müəyyən vaksinasiyalar var ki, tətbiqi vacib sayılır. Məsələn, difteriya, tetanoz, qaynar öskürək və poliomielitə qarşı. Ancaq ümumiyyətlə bu cür peyvəndlər gedəcəyiniz ölkə, istifadə edəcəyiniz nəqliyyat vasitələri, sanitariya şəraiti və qalacağınız müddətdən asılı olaraq dəyişə bilər. Belə peyvəndləri səyahətinizdən ən azı 1 ay öncə qəbul etmiş olmalısınız ki, immunitet artıq hazır olsun.

Əsl macəra və Afrikapərəst şəxslər sözsüz ki, daha çoxunu tələb edəcək və təhlükəli ölkələrə də gözüyumulu atılacaq. Lakin bunun üçün artıq təcrübəli səyyah olmaq lazımdır. Əgər ki, hələ də kifayət qədər gəzib, görüb öyrənməyə macal tapmamısınızsa, məsləhətdir ki, ehtiyat tədbirlərini həmişə əldə tutub təhlükəsiz məntəqələri seçəsiniz və beləcə səyahətdən zövq alıb evinizə bütöv halda qayıdacaqsınız. Hər bir halda sağ-salamat və əyləncəli səyahətlər!

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.