Daxil olQeydiyyat

DÜNYADA ƏN ÇOX AZƏRKEŞİ OLAN 10 FUTBOL KLUBU

OKTYABR 30, 2019 6 dəq. oxu
DÜNYADA ƏN ÇOX AZƏRKEŞİ OLAN 10 FUTBOL KLUBU

Hər il yüzlərlə futbol komandaları arasında minlərlə oyun keçirilir, müxtəlif transferlər baş tutur, fərqli mükafatlandırma mərasimləri keçirilir. Bundan da asılı olaraq hər il bu klubların azarkeş sayı artır və ya azalır. Bəzi insanlar heç nəyə baxmayaraq sadiq azarkeş olsa da, bəzi insanlar sevdikləri oyunçunun transferindən, klubun həmin ilki qalibiyyət sayından və ya başqa səbəblərdən artıq azarkeşlik etdiyi klubu dəyişə və başqa kluba pərəstişkarlıq edə bilərlər.    

İndiki dövrdə əvvəllər olduğu kimi hansı klubun ən çox azarkeşi olduğunu stadiona gələn insan sayından, formalarının satılma sayından deyil, sosial şəbəkələrdə olan izləyici sayından müəyyən edirlər. Təbii ki, onlar da önəmli faktorlardır və klub üçün bilinməyi lazım olan statistik göstəricilərdir. Lakin biz bu gün müasir dövrümüzə uyğun olaraq bir araşdırma aparacağıq və sosial medialarda ən çox izlənmə sayına görə dünyada ən çox azarkeşi olan klubları müəyyən edəcəyik. (Bütün göstəricilər 29 sentyabr tarixinə aiddir və Twitter göstəriciləri hər klubun yalnız öz təmsil etdiyi ölkəsinin rəsmi səhifəsinə əsasən yazılmışdır)

 

         10) Machester City F.C.

         Ümumilikdə: 61.61 mln
         Instagram: 15.3 mln

         Facebook: 37 mln

         Twitter: 7.28 mln

         YouTube: 2.03 mln

 

Siyahımıza bir ingilis klubu ilə başlayırıq. Hər kəsə yaxşı tanış olan Manchester City futbol klubu Mançesterdə yerləşən və Premyer Liqada rəqabət aparan bir klubdur. Əslində 1880-ci ildə qurulsa da 16 aprel 1894-cü ildə indiki adıyla fəaliyyət göstərməyə başlamışdır. Citizens, Sky Blues, City kimi ləqəblərə malikdir. 6 dəfə Premyer Liqa qalibi olan bu klubun son 2 qalibiyyəti 2017-2018 və 2018-2019 illərinə təsadüf etdiyi üçün son illərdə azarkeşlərinin də sayı get-gedə artır. Mançester şəhərinə səyahət etməyi düşünürsünüzsə, ən azından bir dəfə də olsa bu klubun oyununa baxmadan və 55 mindən artıq azarkeşə ev sahibliyi edən görkəmli Etihad Stadionunu görmədən getməməyiniz tövsiyə olunur.

 

         9) Arsenal F.C.

         Ümumilikdə: 69.3 mln
         Instagram: 15.8 mln

         Facebook: 37 mln

         Twitter: 15 mln

         YouTube: 1.5 mln

 

Siyahımıza bir digər ingilis klubu olan Arsenal ilə davam edirik. 1886-cı ildə əsası qoyulan bu klub da Premyer Liqada çıxış edərək Manchester City ilə rəqabətdədir. Ləqəb olaraq onlara The Gunners (Silahçılar, Topçular) deyilir. Həcmi 60 mindən artıq olan Emirates Stadionu da səyahət zamanı futbol azarkeşləri üçün baş çəkiləsi yerlərdən biri olaraq siyahıda olmalıdır. Elə düşünürəm ki, klubun ən uğurlu meneceri sayılan və 1996-cı ildən 2018-ci ilə qədər onu idarə edən Arsen Venger klubdan gedərkən bu, onlar üçün azarkeş itkisinə səbəb oldu, lakin yenə də ilk onluğa girməyi bacardılar.

 

         8) F.C. Liverpool

         Ümumilikdə: 70.56 mln
         Instagram: 20 mln

         Facebook: 35 mln

         Twitter: 12.6 mln

         YouTube: 2.96 mln

 

Siyahı hələ də ingilis klubları ilə davam edir. Belə görünür ki, dominantlıq onlara məxsus olacaq. Elə Premyer Liqada da vəziyyət hər zaman belə olur. Bir çox ölkələrdən fərqli olaraq burada bir-biriylə mübarizə aparan güclü komanda sayı çoxdur. Hal belə olduqda ən son oyunlara kimi kimin qalib gələcəyi bəlli olmur və bu da ingilis liqasını daha da maraqlı edir.

The Reds (Qırmızılar) ləqəbi ilə tanınan və əsası 1892-ci ildə əsası qoyulan bu klub 53 mindən artıq tutuma malik Anfield stadionunda meydanlara çıxır. Son dəfə qalib gəldiyi 2018-2019 illəri də daxil olmaqla 6 dəfə Çempionlar Liqasını qazanan klubun azarkeşlərinin sayının çoxluğu bəlkə də elə bununla bağlıdır. Bir futbol azarkeşi olaraq oyununa canlı şəkildə baxmaq istədiyim sayılı klublardandır deyə bilərəm!

 

         7) Paris Saint-Germain

         Ümumilikdə: 70.98 mln
         Instagram: 24.7 mln

         Facebook: 37 mln

         Twitter: 7.3 mln

         YouTube: 1.98 mln

 

Çox kiçik bir fərqlə özündən əvvəlki rəqibini üstələyərək 7-ci yerə sahib olan Paris Saint-Germain futbol klubu. Çox cavan olan bu klubun əsası 1970-ci ildə qoyulmuşdur. Buna baxmayaraq bu qısa müddət ərzində bir çox mühüm qalibiyyətlər əldə etmiş, güclü komandalardan biri olaraq öz sözünü demiş və özündən çox əvvəl yaranan klubları geridə qoyaraq ən çox azarkeşə sahib olan klublardan biri ola bilmişdir. 47 mindən artıq həcmə sahib olan Parc des Princes stadionu klubun oyunlarına ev sahibliyi edir. Daha çox qısa şəkildə PSG kimi deyilən bu klubun Les Parisiens (The Parisians - Parislilər) və Les Rouge et Bleu (The Red and Blues - Qırmızı və mavilər) kimi ləqəbləri vardır. 2017-ci ildə dünyanın ən bahalı transferi sayılan 222 milyon avroluq bir məbləğə Neymarı transfer etdikdən sonra, əminəm ki, bu, onun azarkeş sayının artmasına və Neymara rəğbət bəsləyən hər kəsin diqqətlərinin bu kluba çevrilməsinə səbəb olmuşdur.

 

         6) FC Bayern Munich / Fußball-Club Bayern München

         Ümumilikdə: 73.37 mln
         Instagram: 18.4 mln

         Facebook: 49 mln

         Twitter: 4.71 mln

         YouTube: 1.26 mln

 

Siyahımızı rəngləndirmək üçün alman klubu ilə davam edirik. Əsası 1900-cü ildə qoyulmuş 75 minlik möhtəşəm Allianz Arena stadionuna sahib olan bu klub rəqabətini Bundesliqada aparır. Der FCB (The FCB), Die Bayern (The Bavarians), Stern des Südens (Star of the South), Die Roten (The Reds), FC Hollywood kimi ləqəbləri vardır. Ümumilikdə 29 dəfə olaraq 2012-ci ildən etibarən Bundesliqada qalibiyyəti əldən vermir. Həmçinin 5 dəfə Çempionlar Liqasının qalibi olmuşdur. Qeyd edilməyə dəyər bu uğurların nəticəsidir ki, klubun həqiqətən də böyük və sadiq azarkeş kütləsi var. Əgər Almaniyaya baş çəkmək qərarına gəlsəniz, alman futbolunda tarix yazmış bu klubun oyununa baş çəkmədən qayıtmamağı məsləhət görürəm.

 

         5) Juventus F.C.

         Ümumilikdə: 80.8 mln
         Instagram: 32.2 mln

         Facebook: 39 mln

         Twitter: 7.33 mln

         YouTube: 2.27 mln

 

Son zamanlar etdiyi transferlə adından tez-tez bəhs etdirən bir italyan klubu ilə siyahının tam olaraq mərkəzindəyik. Daha çox qısaldılmış halda Juve (Yuve) olaraq adını eşitdiyimiz klubun əsası 1897-ci ildə qoyulub. Ev oyunlarına sahiblik edən Juventus Stadium (bəzi sponsoruluq səbəblərinə görə Allianz Stadium) 41 mindən artıq tutuma malikdir. Stadionun rekord iştirakçı sayı heç də uzaq olmayan bir tarixdə - 7 Dekabr 2018-ci il tarixində İtaliya A seriyasının İnter Milana qarşı oyun zamanı qeydə alınmışdır. 35 dəfə İtaliya A seriyasında, 13 dəfə İtaliya Kubokunda, 8 dəfə İtaliya Super Kubokunda, 2 dəfə Çempionlar Liqasında qalib olmuşdur. 2011-ci ildən etibarən İtaliya A seriyasında qələbəni əldən verməyən Yuve 2018-ci ildə Real Madridin 9 illik ulduzu Cristiano Ronaldonu transfer etməklə sensasiyaya səbəb olmuşdu. Təbii ki, instagramda ən çox izlənən insanı və illər ərzində milyonların sevimlisinə çevrilmiş oyunçunu transfer etməklə öz azarkeşlərinin də sayını artırmış oldular.

 

         4) Chelsea F.C.

         Ümumilikdə: 81.63 mln
         Instagram: 18.9

         Facebook: 48 mln

         Twitter: 13.4 mln

         YouTube: 1.33 mln

 

Siyahımızda yenidən ingilis klublarına dönüş edirik. The Blues, The Pensioners kimi ləqəblərlə anılan Chelsea Futbol Klubu 1905-ci ildə yaranmışdır və hal-hazırda Londonda yerləşir. Bu şəhəri sevənlər, əminəm ki, hər zaman çoxdur. Onları Stamford Bridge stadionunda yağışlı bir gündə ingilis komandasının Premyer Liqadakı performansına baxmağa dəvət edirəm. Klub sadəcə 1 dəfə, 2012-ci ildə Çempionlar Liqasını qazana bilmişdir. İllər boyu da hər zaman qalmaqallı transferlərdə adı davamlı olaraq çəkilmişdir. Klubun əfsanəsi sayılan Frank Lampard komandanın hazırkı baş məşqçisidir.

 

         3) Manchester United F.C.

         Ümumilikdə: 126.98 mln
         Instagram: 31.6 mln

         Facebook: 73 mln

         Twitter: 20.3 mln

         YouTube: 2.08 mln

 

Özündən əvvəli rəqibindən böyük bir fərqlə 3-cü yerə sahib olan Qırmızı şeytanlar! Qəribə də səslənsə illərdir hər kəs Manchester United klubunu belə tanıyır və belə səsləyir. Əsası 1878-ci ildə qoyulsa da, 1902-ci ildə hamımızın tanıdığı və sevdiyi indiki adıyla yaşıl meydanlarda mübarizə aparmağa davam etmişdir. Old Trafford kimi həcmi 74 mindən artıq möhtəşəm bir stadion mütləq görmək istədiyim stadionlar siyahısına əlavə olunub artıq! 20 dəfə Premyer Liqa qalibi olmuşdur ki, bu da rekord göstərici sayılır. Klub 3 dəfə Çempionlar Liqası qalibi olmuş və onun ikisi Sir Alex Fergusonun baş məşqçilik etdiyi illərə təsadüf edir. Ümumiyyətlə, Alex Ferguson, baş məşqçilik etdiyi 1986 ilə 2013 illəri arasında 13 Premyer Liqa, 5 FA Kuboku və 2 UEFA Çempionlar Liqası da daxil olmaqla 38 kubok qazanmışdı. Artıq təqaüdə çıxdığını elan edəkən, əminəm ki, azarkeşi olduğu komandadan asılı olmayaraq bir çoxları bir əfsanənin bitişinə və onun komandadan gedişinə üzülmüşdü.

 

         2) FC Barcelona

         Ümumilikdə: 219.66 mln
         Instagram: 77.7 mln

         Facebook: 103 mln

         Twitter: 30.9 mln

         YouTube: 8.06 mln

 

Və nəhayət siyahımızın ilk ispan klubu! 3-cü yer ilə arasına demək olar ki 100 milyonluq bir fərq qoyan Barcelona. 1899-cu ildə əsası qoyulmuş və Barça və ya Blaugrana (team), Culés və ya Barcelonistas (supporters) və Blaugranes və ya Azulgranas (supporters) kimi ləqəblərlə tanınır. 99 mindən artıq azarkeşə qapılarını açan Camp Nou Barselona, Kataloniya, İspaniyada yerləşir. 2014-dən etibarən liderliyi əldən verməyərək 26 dəfə La Liga, 30 dəfə Copa Del Rey, 13 dəfə İspan Super Kuboku və 5 dəfə Çempionlar Liqası qalibi olmuşdur. Barcelona dedikdə ağla ilk olaraq gələn təbii olaraq 32 yaşlı Argentinalı futbolçu Lionel Messidir. Lionel Messi avrokuboklarda və UEFA Çempionlar Liqasında ən çox qol vuran (112) futbolçular arasında ikinci yeri tutur. Dünyanın ən yaxşı oyunçularından birinə sahib olmaq da beləcə klubun sadiq azarkeşlərinin sayının çoxluğunu izah edir. Bundan əlavə bir çox rekordlara imza atmış, əfsanələrə məktəb olmuş klubun Real Madrid ilə keçirdikləri "El Clasico"-ya baxmaq bütün futbol azarkeşləri üçün mütləq yaşamağa dəyər təcrübələrdən biridir.

 

         1) Real Madrid CF

         Ümumilikdə: 227.01 mln
         Instagram: 78.9 mln

         Facebook: 110 mln

         Twitter: 33 mln

         YouTube: 5.11 mln

 

Hala Madrid! Ronaldonun gedişi ilə azarkeş sayında ciddi azalma gözlənsə də, Kral Klubu liderliyi əldən vermədi. Əsası 1902-ci ildə qoyulan bu klub 13 dəfə Çempionlar Liqası qalibi olaraq bir rekorda sahibdir. La Ligada isə 33 dəfə birinciliyi əldə edə bilmişdir. Sosial medialardan əlavə ümumilikdə bütün dünyada yarım milyardı keçən azarkeş kütləsi olduğu deyilir. 81 mindən artıq həcmə sahib olan Santiago Bernabéu stadionu İspaniyaya baş çəksəniz mütləq gedib görməli olduğunuz yerlərdəndir. Ümumiyyətlə, dünyanın ən yaxşı klublarından ilki sayılan bu klubun oyununa baxmadan Madriddən qayıtmaq günah olardı. Tarix boyu bir çox əfsanələrin yetişdirdiyi və hal-hazırda o əfsanələrdən biri olan Zinedine Zidane tərəfindən başçılıq edilən klubun Los Blancos (The Whites), Los Merengues (The Meringues), Los Vikingos (The Vikings) və La Casa Blanca (The White House) kimi ləqəbləri vardır. Klubun azarkeşləri isə özlərini MADRİDİSTAS adlandırırlar.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.