Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Nərmin AydınqızıNərmin Aydınqızı 28 YANVAR 2020 853 views 6 dəq. oxu

Filippinin ən məşhur adaları. Palavan, Borakay yoxsa Sebu?

853 views 6 dəq. oxu
uploads/blog/Travel-destinations-in-the-Philippines-Palawan-Boracay-or-Cebu.jpg

Filippin Asiyanın cənub-şərqində 7100 adada yerləşir. 7100 adadan yalnız 860-da məskunlaşma vardır. Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəd olan Filippinin sahəsi 300 min kvadrat kilometr, əhalisi isə 82 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 47%-i şəhərlərdə yaşayır. Rəsmi dil Filippin dilidir. Burada ispan və ingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +28°C dərəcədir. Ən iri adaları Luson, Mindoro, Samar, Panay, Palavan, Neqros, Sebu, Leyte və Mindanao adalarıdır. 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippin Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Burada pul vahidi isə pesodur. Ölkənin rəsmi adı İkinci Dünya Müharibəsindən etibarən Filippin Respublikasıdır.

Fiesta ölkə mədəniyyətinin ayrılmaz hissəsidir. Filippinlilərin bayram və festivallarının sayı həddindən artıq çoxdur. Əyalət, kənd və şəhərdə festivallar keçirilir. Sebuda “Diniyanq” bayramı (18-19 yanvar), Bagioda gül (23 fevral-3 mart), Malaybalayda “Kaamulan” (28 fevral-1 mart), Marinduk adasında “Moriones”, Las-Pinasda beynəlxalq bambuk, Suriqaoda “Bonok-bonok” etnik, yay aylarında isə manqo və ananas festivalları keçirilir. Bundan başqa, filippinlilərin balıq ovu turnirinin də adını bu festivallar içərisində çəkə bilərik. Bayram günlərində gözəllik müsabiqəsi keçirilir, fiesta, universitet, şəhər və kəndlərin “şahı” və “şahzadəsi” seçilir.

Filippin mətbəxi də bir o qədər zəngindir. Yerləşdiyi coğrafi mövqe də  buna öz təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Bu ölkədə əti müxtəlif üsullarla hazırlayırlar. Onlardan biri adobedir (əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayır, daha sonra qızardırlar). Hər bir əyalətdə adobeyə yerli inqrediyent əlavə edilir. Məsələn, kokoslu qaymaq və ya sarıkök. “Leçe flan” adlanan məşhur desertin dadına baxsanız yaxşı olar

Respublikanın ərazisi, mədəniyyəti və mətbəxi ilə tanış olduq. Bəs, Filippin Respublikasını təşkil edən 7100 ada hansıdır? Əlbəttə ki, hamısını bu məqaləyə yerləşdirmək biraz qəliz olardı. Ona görə də Filippin adaları içərisində ən populyar və ən turistlik 3 adanı sizlər üçün araşdırdıq.


Palavan adası

Palavan adası Filippinlərin ən məşhur adalarından biridir. Lüks hotellər, mükəmməl ağ qumlu çimərliklər, vəhşi təbiət, əl dəyməmiş meşələr və milli parklar buranı turistlər üçün əvəzolunmaz edir. 2007-ci ildə National Geographic Traveler jurnalı tərəfindən Şərqi və Cənub-Şərqi Asiyanın ən göstərişli adası seçilmişdir. Elə həmin jurnalda dünyanın ən gözəl 13-cü adası olaraq göstərilən Palavan Adası “Əvəzolunmaz gözəllikdə quru və dəniz mənzərəsinə sahib, flora və fauna etibarilə olduqca zəngin bir ada” başlığı ilə tirajlanmışdı.

Cənub Çin dənizində yerləşən Palavan adası Filippinlərə səyahət edənlərin ən çox seçim etdiyi yerlər sırasındadır. El Nido Palavan adasının şimal ucunda yerləşən və Conde Nast Traveler və CNN kimi prestijli nəşrlərin “ən yaxşı plyaja sahib yer” olaraq seçdiyi bir sahil qəsəbəsidir. Bura elə adanın ən çox sevilən və ziyarət olunan məkanlarındandır.

Adada çox zəngin bir təbii həyat var. Ümumilikdə, Palavan adasında 25 məməli heyvan növü var ki, bunun da sadəcə 11-inə yalnız bu adada rast gələ bilərsiniz. 100 minlərlə il bundan öncə Palavan adasının Borneo adasıyla birlikdə olması nəticəsində hal-hazırda bu iki adanın təbiəti həm fauna, həm də flora etibarilə bir-birinə çox bənzəyir. Ancaq qeyd etmək lazımdır ki, Palavan adasında siz daha çox təbiət sakinləri ilə tanış ola bilərsiniz.

İspanlar Palavan adasına 16-cı əsrdə gəlmişdirlər. Deyilənlərə görə, adanın adı bağlı bir çətirə bənzədiyi üçün ispan dilindən götürülmüş “parague” sözündən gəlməkdədir. Bir neçə mütəxəssis isə bu adın Çin dilindən götürüldüyünü iddia edir. Adı hansı dildən gəlirsə gəlsin, Palavan adası kilometrləri heçə sayıb qaçaraq gediləcək və gəziləcək yerlərdən birisidir...

Paytaxt Maniladan 1 saatlıq uçuş ilə Palavanın paytaxtı Puerto Princesa-ya çatmaq mümkündür. Filippinlərin sahib olduqları bir neçə havayolu şirkətləri adalar arasında günlük bir neçə uçuş gerçəkləşdirməkdədir. Burada həm təyyarə ilə, həm də gəmi ilə səyahət etmək mümkündür. Hansının daha əyləncəli və maraqlı olduğunu söyləmək isə biraz çətindir.

Palavan adasına səyahət etməzdən əvvəl özünüzə kiçik qeydlər götürməyi unutmayın. Çünki burada gəziləcək yerlər həddən artıq çoxdur.

Puerto Princesa, Palavan adasının paytaxtıdır. Filippinlərin heç bir asılılığı olmadan özü-özünü idarə edən 38 şəhərindən birisidir. Puerto Princesada şəhər mərkəzi çox valehedici olmasa da Palavan adasının ən yaxşı turistlik yerlərindəndir. Həmçinin, ölkənin ən yaşıl və ən təmiz şəhəridir. Kifayət qədər böyük və yerli əhalisi çox olan paytaxtın küçələri üç təkərli motosikletlərin səsi ilə birləşəndə bir xeyli səs-küylü və hərəkətli olur.

Şəhərin 25 kilometr uzağında yerləşən adanın ən gözəl yerlərindən olan Honda Bay-da siz Kəpənək Bağçasını və World War II Memorial Museum-u ziyarət edə bilərsiniz.

Timsah görmək istəyənlər isə Palawan Wildlife Rescue&Conservation Center turlarında iştirak edə bilər. Burdan isə şəhər mərəzindəki tarixi yer olan Plaza Cuartel-ə getməyinizi şiddətlə tövsiyə edirik.

Paytaxtın ən gözəl memarlıq nümunəsi isə İmmaculate Conception kilsəsi hesab edilə bilər. Kilsənin düz qarşısındakı Piazza Cuartel parkı isə İkinci Düny Müharibəsinə şahidlik etmiş qədim şəhər sakinlərindəndir.

Paytaxtda hər növ yeməklə rastlaşa bilərsiniz. Yerli və dünya mətbəxindən seçilmiş təamlar burada elə də baha qiymətə təklif olunmur. Rizal küçəsində siz həm yerli restoranlar, həm də fast food restoranları tapa bilərsiniz.

Puerto Princesa Underground River adı ilə tanınan bu məkan UNESCO Dünya Mirasları siyahısında yer alır. Dağların altında bir yol kimi axan, 8.2 km uzunluğunda yeraltı göl və mağaralardan ibarət bu fantastik mənzərəni görmək mütləqdir.

Eyni zamanda sözügedən yer New 7 Wonders of Nature (Dünyanın yeni möcüzələri) siyahısına da öz adını yazdırmışdır. Bu milli parkda 800-dən çox bitki, 300 ağac növü, 195 quş, 30 məməli və 19 sürünən canlı yaşamaqdadır.

Buranı ziyarət etmək istəyirsinizsə, öncədən paytaxtdakı turizm ofislərindən birində tur üçün rezervasiya etməniz lazımdır. Yoxsa, fərdi şəkildə buranı ziyarət etmək sizə 700 pesoya başa gələcək.

Adanın ən şimalında yerləşən El Nido ən gözəl yerlərdəndir. Bacuit körfəzinə yayılmış, 45-dən çox adası ilə turistlərə cənnət həzzi yaşadır desək, yəqin ki, günah etmiş olmarıq. Bacuit Bay kimi də tanınan yer eyni zamanda Marine Park olaraq qorumaya alınıb. Buna görə də buranı ziyarətə gələn turistlərdən kiçik bir məvacib qoparırlar.

Burada 1 gün qalmaq şəhərdən doymağa kifayət etməz. Ona görə də, bot turlarında və sualtı gəzintilərdən həzz almaq üçün münasib qiymətli otellərdə özünüzə 3 gün 2 gecə otaq tutmağı unutmayın.


Borakay adası

Borakay adası Filippinin qərb Visayas bölgəsindəki Panay adasının şimal-qərb ucundan 2 kilometr (1.2 mil) cənub-şərqdə, Maniladan təqribən 315 kilometr (196 mil) cənubda yerləşir və uzunluğu 1 km olan kiçik bir adadır. Borakay-ın təqribən 33 min nəfər əhalisi var. Borakay adası çimərlikləri və çox sayda səyahət nəşrlərinə görə bir neçə agentlikdən mükafat almışdır. Ada, Aklan əyalətindəki Malay bələdiyyəsindəki Manoc-Manoc, Balabag və Yapak barangaylarını əhatə edir. Ada Boracay Agentliklərarası İşçi Qrupu tərəfindən idarə olunur. Ağ qumlu çimərliklərindən başqa, Borakay istirahət üçün dünyanın ən yaxşı yerlərindən biri olması ilə də məşhurdur. 2013-cü ildən etibarən, əmin-amanlıq və gecə həyatı üçün ən yaxşı yerlər arasında Borakay adasının adı ortaya çıxmışdır.

Borakay beynəlxalq səyahət jurnalı tərəfindən "Dünyanın 2012 ən yaxşı adası" mükafatına layiq görülüb. 2014-cü ildə beynəlxalq "Condé Nast Traveler" jurnalının dərc etdiyi "Dünyanın ən yaxşı adaları" siyahısının başında da bu adanın ismini görmək mümkün idi. 2016-cı ildə Borakay jurnalların "İzləyəcək 10 ən yaxşı yer" siyahısına başçılıq etmişdir.

2018-ci ilin aprel ayında Filippin hökuməti köhnə və yetərsiz hala düşmüş kanalizasiya sisteminin əsaslı təmir işləri aparmaq üçün turistlər üçün adanın 6 aylıq bağlanmasına qərar vermişdi. Müxtəlif məsələlərin həlli üçün nəzərdə tutulmuş yeni qaydalar ilə birlikdə ada 2018-ci ilin oktyabrında yenidən açıldı. Hazırda da ildə 10 minlərlə tursit qəbul etməkdədir.

Bu adanın faunası zəngin və bir o qədər qəribədir. Borakayda ən az üç növ uçan tülkü, yəni nəhəng qızıl taclı uçan tülkü (Aceradon jubatus), nəhəng meyvə yarası (Pteropus vampyrus) və kiçik uçan tülkü (Pteropus hypomelanus) yaşayır. İnsanlar tərəfindən bu heyvanların ovlanması və ya hər hansısa bir zərərin vurulması nəinki qadağandır, hətta birbaşa cinayət məsuliyyətidir.

Külək və hava normalarına görə, Borakaydakı turizm amihan mövsümündə zirvədədir (sentyabr və ya oktyabr aylarında başlayır, may və ya iyunda bitir). Amihan zamanı şərqdən üstünlük təşkil edən külək əsir. Borakay'ın əsas turizm sahəsi olan White Beach, adanın qərb tərəfindədir və küləkdən qorunur. Amihan mövsümündə White Beach-də su çox vaxt hamar olur. Bu, sahildən qaya ilə qorunan suları nisbətən təhlükəsiz edir və dalğıc, windsurfing və uçurtma uçurtmaq üçün idealdır.

2011-ci ilin iyun ayında, Megaworld Korporasiyasının, Andrew Tanın rəhbərlik etdiyi bir daşınmaz əmlak inkişafı qrupunun, Borakay və Cavite'de səviyəli kurort məkanları turizm obyektlərini inkişaf etdirmək üçün PHP 20 milyard pul ayırdığı bildirildi. Planlaşdırılan Borakay layihəsi, Borakay Newcoast, 1500 otağı olan dörd oteli, plaza və əyləncə mərkəzini əhatə edir.

Borokaydakı digər kurortlara Discovery Shores, Discovery Leisure Company Inc adlı bir Filippin qrupu tərəfindən idarə olunan və Discovery World Corp-a məxsus olan 88 lüks, bir spa və dörd restoran və bar, lüks beşulduzlu kurort daxildir. White Beach də Birinci Stansiyada dayanır və Borakay-ın ən çox ziyarət edilən məkanlarındandır.


Sebu adası

Sebu adası Filippin adalarından biridir. Bu ada ölkənin Manila bögəsinin 587 kilometr cənubunda yerləşir. Sebu əyalətində olan Visayan adalarının əsas baş adası olaraq tanınır. Paytaxtı özü ilə eyni adı daşıyan Sebu şəhəridir və eyni zamanda ərazisinə görə bu adanın ən böyük şəhəri hesab olunur.

Negros adasının şərqində uzanan Sebunun öz şərqində isə Leyte, cənub-şərqində Bohol adası yerləşməkdədir. Sebu adası şimaldan cənuba doğru 225 kilometrə qədər uzanan dar və uzun bir adadır. Ətrafında irili-xırdalı düz 167 ada yerləşməkdədir. Bunlara misal olaraq Mactan, Bantanyan, Malapascua, Olanga və Camotes adalarını göstərə bilərik.

Sebu yerləşdiyi bölgədə kifayət qədər önəmli bir ticarət mərkəzidir. Əkinçilik, balıqçılıq, dəniz məhsullarının yetişdirilməsi, gəmiqayırma, mis və beton emalı burada olduqca populyar və inkişaf etmiş sahələrdəndir. Sebu həmçinin təhsil mövqeyindən də olduqca vacib yerdir. Siz burada çoxlu universitetlərlə rastlaşa bilərsiniz. University of San Carlos, Sebu Normal University, University of the Philippines, Sebu Technological University kimi təhsil ocaqları burada təhsilə verilən dəyərin əyani göstəricisidir.

Bu adaya gəlib San Pedro Qalasını ziyarət etməmək günah hesab olunur. Qala dedikdə ağlınıza Avropanın keçilməz və yüksək qalaları gəlməsin... San Pedro Qalası şəhərin içində və dəniz kənarında yerləşir. Hündürlük etibarilə Qız Qalamızdan biraz alçaqdır. Ancaq şəhərin qədim tarixini özündə əks etdirməsi onu heyrətamiz və görməli edir.

1565-ci ildə tikilən bu qala filippinlilərin Fatehi kimi tanınan Miguel Lopez de Legazpi tərəfindən inşa olunmuşdur. Keçmişdə ordu qarnizonu, həbs düşərgəsi və zoopark olaraq xidmət göstərmişdir.

Qaladan 5 dəqiqəlik məsafədə isə Magellan Xaçı (Magellan`s Cross) yerləşir. Bura filippinlilərin tarixi memarlığının ən gözəl nümunələrindən biridir. Bu qədim tikilinin inşa tarixi isə dəqiqliklə 1521-ci ilə təsadüf edir.

Sebuda gəzib görüləcək digər bir yer isə Sebu Metropolitan Cathedral-dır. Bu baş kilsə mərkəzə çox yaxındır. Xarici görünüşü, önünü və ətrafını əhatə edən bağçası insanı ilk görüşdə valeh edir. 1595-ci ildə tikilmiş kilsə keçmişdə zəlzələlər və İkinci Dünya Müharibəsi ucbatından bir xeyli zərər görsə də, müasir dövrə qədər gəlib çatması onu tarix qoxan turistlik bir məkana çevirmişdir.

Sebu adası nə qədər zəngin və yamyaşıl təbiətə malikdirsə, paytaxt Sebu şəhəri bir o qədər təbiətdən kənar, səs-küylü və inşaatı ilə məşhurdur.

 

Paylaş

1998-ci ilin payızında Almaniyanın paytaxtı Berlində dünyaya göz açıb. Bürclərə inanır, hətta əqrəb bürcünün bütün özəlliklərini daşıyır. Təhsilini, işini, mütaliə etməyi, araşdırmalarını hamı ilə bölüşməyi sevir. Jurnalistika fəaliyyəti üzrə xüsusi izlər qoymağı hədəfləyir. Musiqi dinləmək, yeni məkanlar kəşf etmək, gördüklərini lentə almaq, səyahət etmək həyatının ayrılmaz hissəsidir. Avrasiya materikindəki ölkələrin yarısını gəzib görüb. Görmək istədiyi ölkələr siyahısını daima yeniləyir. Heyvanlara qarşı hədsiz sevgisi var.

Bütün bloqlar