Daxil olQeydiyyat

STONHENGE-Ə SƏYAHƏT: XƏRCLƏR VƏ MÜDDƏT

SENTYABR 20, 2019 2 dəq. oxu
STONHENGE-Ə SƏYAHƏT: XƏRCLƏR VƏ MÜDDƏT

Təxminən 5000 il əvvəl konstruksiya olunmuş və ya ‘’əmələ gəlmiş’’ nəhəng qayalardan ibarət çevrələr dünyanın bəzi nöqtələrində hələ də mövcudluğunu qoruyur və turistlərin tez-tez ziyarət etdiyi nöqtələrdəndir. Belə qaya çevrələrin ən bilinən nümunələri Britaniya adalarında yerləşir. Daha spesifik desək, Birləşmiş Krallıq ərazisində yerləşən Avebury və Stonehenge ən bilinən nümunələrdir. Bu ikili birlikdə ölkənin UNESCO-nun Dünya İrsinə daxil edilmiş ilk nümunələrindən hesab olunur. Ən birinci cümlədə məqsədli şəkildə qeyd olunmuş ‘’konstruksiya olunmuş və ya əmələ gəlmiş’’ ifadəsi Avebury və Stonehenge-i fərqləndirmək üçün yaxşı başlanğıcdır. Belə ki, bu qaya çevrələrin kim tərəfindən və nə məqsədlə tikildiyi və ya hansı şəraitdə əmələ gəldiyi haqda dəqiq cavab yoxdur, əvəzində isə çoxlu fərziyyələr, əks arqumentlər və onları dəstəkləyən tədqiqatçı-arxeoloq qrupları var. Bu gün pop mədəniyyətdə ən çox təmsil olunan, 20-dən çox kino və seriallarda öz kameosunu oynamış ən məşhur megalitik abidə sözsüz ki, Stonehengedir. Xüsusilə də abidəni daha ‘’yabanı’’ Aveburydən fərqləndirən onun nəhəng hamar qayalarının- tirilitonlarınözünəməxsus  quruluşudur. Bu məqalə hər il özünə 1 milyona yaxın turist cəlb edə bilən, ingilislər tərəfindən vasvasılıqla qorunan məşhur Stonehenge və sizin ora necə gedib çıxa biləcəyiniz haqdadır.

Stonehenge abidəsi Wiltshire qraflığında, paytaxt Londondan 140 km cənubda böyük bir ərazini əhatə eliyir. Abidənin əsas hissəsi olan qayaları ətrafdan at nalına bənzər xəndək çevrə örtür ki, bu çevrənin də daxilində 100-ə yaxın qaya və daş parçaları var. 2 vertikal və bunların üstündəki 1 horizontal yerləşmiş nəhəng sarsen daşı birlikdə Stonehenge ikonası- tirilitonları meydana gətirir. Çevrənin lap daxilindəki daha kiçik olan ‘’mavi daşlar’’ isə abidənin əsas sirlərindəndir çünki təxminən 5 ton ağırlığa malik bu ‘’kiçik’’ daşlar Wiltshire ərazisinin coğrafiyasına əslində yaddır və  200-300 km aralı ərazidən daşındığı güman olunur. Məsələ də əslində burasındadır ki, axı bu daşları kim, niyə və necə daşıya bilərdi eramızdan 3000 il əvvəl, heç bir evakuator olmadığı zamanlarda. Bəlkə ümumiyyətlə bu, insan əliylə baş vermiyib, buzlaqların əriməsi nəticəsində Stonehenge sadəcə əmələ gəlib. Onda bu əks arqument yerinə düşərdi ki, bəs buzlar tərəfindən tirilitonlar və mavi daşlar necə belə dəqiq dizayn olunub?!Və yenidən insan yaradıcılığı faktoruna qayıdan tədqiqatçılar könüllülərdən ibarət komanda ilə  onlarla ton ağırlığında olan bir sarsen daşını hərəkət etdirməyə çalışıb və qismən də müvəffəq olublar. Deməli, əgər insan yaradıbsa məqsəd nə ola bilərdi? Variantlar:

a)qədim cəmiyyətin üst təbəqəsi üçün məzarlıq  (100-ə yaxın sümük nümunələri aşkarlanıb);

b)Seltik  pagan tayfaları olan Druidlər üçün məbəd  (baxmayaraq ki, müasir pagan Druidlər bu gün də hər yay Stonehenge-ə öz ritualları üçün yığışır lakin əslində hesab olunur ki, Druidlər ən azı Stonehenge-dən 1000 il sonra yaranıblar);

c)təbii fəlakətlərdən qorunmaq üçün tanrılarla sövdələşməyə astronomik məbəd; axı hər ilin 22 iyununda, yay gündönümündə günəş məbədin qədim girişindən doğur. Onda əks arqument: bilirik ki, İngiltərə dumanlı olması ilə məşhurdur, doğurdan da neolit insanları 5000 il əvvəl belə astronomik sərrastlıqla 8 metr hündürlüyü, 40 ton ağırlığı olan daşı daşımağ haqda düşünə biliblər?!

Və daha neçə neçə fərziyyələr.

Stonehenge-in bu qeyri-müəyyənliyi onu çox cəlb edici qılır və əlbəttə ki, ingilislər bundan turistik üstünlük kimi istifadə etməyi bacarıblar. Bəs onda bu nəhəng qayalara necə gedə bilərik?

Məbədə getmək üçün 2 rahat yol təklif olunur: birincisi, Londondan qatarla 1 saat yarımlıq Salisbury şəhərinə gediş və oradan 30 dəqiqəlik tur avtobusları (ümumilikdə 40-50 avro);ikincisi isə Londondan bir başa məbədə 2 saat yarıma çatan marşurutlardan istifadə etmək olar, bu isə nisbətən daha ucuz, 30-40 avroya başa gəlir. Bütün bu qiymət və zaman intervalları sizin bileti nə qədər öncədən almağınızdan və  London tıxaclarından asılıdır. Məbədə giriş üçün biletin qiyməti isə 20 avrodur və böyük marağı nəzərə alaraq öncədən rezerv edilməsi məsləhətdir.

Tutaq ki, Stonehenge-ə gəldik, nələr edə bilərik və bilməli olduqlarımız:

Ərazidə dron istifadəsi qadağandır və ancaq rəsmi icazəsi olan partnyorlar dron çəkilişi edə bilərlər (bax:Youtubeda ‘’Stonehenge drone view’’). Təəsüf ki, Aveburydən fərqli olaraq Stonehenge-də qayalara yaxınlaşmaq, qucaqlamaq (istəyə görə)məbəd ətrafdan kəndirlə hasara alındığı üçün mümkün deyil. Ancaq əmin ola bilərsiniz ki, bu nəhənglikdə ekzotik qayaları ətrafdan asanlıqla gəzişərək görmək mümkündür. Neolit dövrü həvəskarları üçün yaxınlıqda Neolit daş evlər də qurulub. Ətrafda həmçinin sadə nahar etmək üçün kafe və sizə sonralar Stonhenge səyahətinizi xatırladacaq suvenir dükanları da var.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.