Daxil olQeydiyyat

VİZUAL SƏYAHƏT VƏ YA İZLƏYƏRƏK SƏYAHƏT ETMƏK

MART 3, 2020 12 dəq. oxu
VİZUAL SƏYAHƏT  VƏ YA İZLƏYƏRƏK SƏYAHƏT ETMƏK

 

Səyahət etməyin insana qazandırdığı ən önəmli təcrübələrdən biri və elə bəlkə də birincisi, müxtəlif ölkələri, maraqlı yerləri, fərqli məkanları gəzmək, eyni zamanda tanımaqdır. Lakin hər kəsin müxtəlif səbəblərdən səyahət etmək kimi şansı olmur. Buna görə də vətəndaşı olduğu ölkədən savayı digər ölkələri tanıya, başqa ölkələrin təbiətinə, tarixi abidələrinə, adət-ənənələrinə, müasir mədəniyyət və mentalitetinə bələd ola bilmir. Amma buna səyahət etmədən də, sadəcə film izləyərək də nail olmaq olar. Vizual səyahətin üstün cəhətlərindən biri də sizdə səyahət istəyini artırmasıdır. Əgər sizin də səyahət etməyə maddi durumunuz, vaxtınız və ya mövcud şəraitiniz imkan vermirsə, elə isə vizual səyahətə hazır olun!

Səyahəti sevdirən filmlər

1. Eat, Pray, Love – Ye, Dua et, Sev
Nyu-Yorklu yazıçı Elizabeth Gilbertin qələmə aldığı “Ye, Dua et, Sev” kitabının əsasında ekranlaşdırılan eyni adlı film boşanana qədər xoşbəxt olduğunu düşünmüş, boşandıqdan sonra isə əslində xoşbəxt olmadığının fərqinə varmış baş qəhrəmanın beyninin qarışması və ümidsizliyə düçar olmasından sonra özünü yenidən kəşf etmək və xoşbəxtliyi tapmaq məqsədilə səyahət etməsindən bəhs edir. Səyahət 3 hissədən ibarətətdir: Yemək, dua etmək və sevmək. 1-ci hissəyə əsasən yeməyi ilə məşhur Romaya səfər edir. 2-ci hissəyə əsasən səfərin növbəti dayanacağı əhasilisinin dini inanclarına görə məşhur olan Hindistan olur. Sonuncu hissədə isə qəhramanımız sevgi axtarışını Balidə davam etdirir. Dünyanın əksər ölkələrində milyonlar tərəfindən sevilən bu filmdə səyahət zamanı həmin ölkələr o qədər möhtəşəm təsvir olunub ki, izləyicidə həmin ölkələrə qarşı səyahət hissinin, marağının, sevgisinin yaranmaması mümkün deyildir.

2. Seven years in Tibet – Tibetdə 7 il
Heinrrich Harrerin öz həyatını qələmə aldığı kitab əsasında çəkilmiş eyniadlı “Tibetdə 7 il” filmi əsas mövzusu insanın yaxşıya doğru dəyişməyindən bəhs edir. 1939-cu ildə məşhur Avstriyalı alpinist Heinrich Harrer və dostu Peter Aufschaiter Himalayın ən yüksək zirvələrindən biri olan Nanga Parbata dırmaşmaq məqsədilə yola çıxırlar. Ancaq Himalay dağlarının əlverişsiz hava şəraiti və qar uçqunu təhlükəsi onlara mane olur. Alpinistlər düşərgələrinə qayıdarkən ingilis əsgərlərinə əsir düşürlər. İngilis əsgərləri iki dostu əsir düşərgəsinə aparırlar. Dostlar burada nə qədər qaçma planları qursalar da, neçə dəfə buna cəhd göstərsələr də hər dəfəsində uğursuz alınır. Amma bir gün qaçmağı bacarırlar və Hindistan dağlarını aşıb Tibetə yola düşürlər. Başlarına gələn onlarla çətinlikdən sonra bu iki dost müqəddəs şəhər hesab edilən Lhasaya çatırlar. Lhasa xalqı əvvəllər Harrer və dostunu yad olduqları üçün öz aralarına qəbul etməsələr də, sonradan qısa müddətdə onları qəbul edirlər. Bundan sonra isə Heinrich Harrer və Peter Aufschaiterin Tibetdə davam edən maraq dolu həyatları əks olunur. “Tibetdə 7 il” filmində bu iki dostun macəraları ilə bərabər Tibetin yüksək dağlığını, sıx meşəliyini, yaşıl düzənliklərini, canlılarını, əhalisini; əhalinin məşğuliyyətini, kənd təsərrüfatını, bir sözlə, Tibetin əsrarəngiz yaşam tərzi də əks olunur. Buna görə də “Tibetdə 7 il” Tibetə səyahət istəyimizi artıracaq motivasiya filmi olaraq yadda qalmışdır.

3. One Week – Bir həftə
Əgər ömrününüzün sonuna bir gün, bir həftə, bir ay, ya da bir iliniz qaldığını öyrənsəydiniz, nə edərdiniz? “One Week” gənc məktəb müəllimi olan Benin xərçəng xəstəliyinə tutulması və maksimum iki il ömrünün qalması səbəbilə bir motosiklet alıb hər şeyi geridə buraxaraq Torontodan Vancouverə qədər – təxmini 4500 km – bir həftəlik səyahət etməsindən bəhs edən macəra dolu bir filmdir. Ben xərçəng xəstəliyinə tutulduğunu öyrənəndən sonra həyata marağı ölür. Bir gün evə gedərkən motosiklet satan yaşlı bir adamla qarşılaşır. Motosiklet “1973 Norton Commando” markalı idi və Benin diqqətini çəkir. Ben motosikleti aldıqdan sonra bir kafedə kofe içir. Kofe fincanının başlığında “Qərbə get, gənc (Go West Young Man)” yazısına rast gəlir. Bundan ilhamlanan Ben 2 günlük səyahətə çıxmaq istəyir. Nişanlısı Samanthaya motosiklet ilə 2 günlük səyahətə çıxmaq istədiyini bildirir. Samantha etiraz edir, dərhal müalicəyə başlamalı olduğunu bildirir. Ben də onun sözlərini təsdiqləyir, lakin müalicədən öncə səyahət etməyə ehtiyacı olduğunu bildirir. Nişanlısından onunla gəlməsini istəyir, amma Samantha razılaşmır. Belə olduğu halda, Ben səyahətə tək çıxır. Torontodan yola düzələn Ben səyahətini 2 gündən 1 həftəyə qədər uzadaraq Vancouverdə tamamlayır. Filmin əsas sujet xəttində Benin həyatı sorğulaması, sevginin evliliyin anlamını qavramağa çalışması dayanır. Amma səyahət zamanı başına gələnlər izləyicilərin diqqətini çəkir. Məsələn, hündür məsafədən gölə tullanmaq, yol maşınları ilə yarışa girmək, yüksək dağlıq ərazilərdən gün batımı izləmək və s. Bu da izləyicidə səyahət sevgisini artırır.

4. Tracks – İzlər
Avstraliyalı yazıçı Robyn Davidsonun öz səyahəti zamanı xatirələri və başına gələnləri qələmə aldığı “İzlər (Tracks)” kitabı əsasında çəkilmiş filmdir. 1977-ci ildə Robyn Davidson Avstraliyada Brisbanedən çölün ortasında yerləşən Alice Springsə getmək istəyir. Robyn bu səfərini heç bir nəqliyyat vasitəsindən istifadə etməyərək, piyada yeriyərək qət etmək niyyətindədir. Ailəsinin və dostlarının etirazlarına baxmayaraq səyahət üçün lazım olan avadanlığı və məmulatları hazırlmağa başlayır. Səyahətə hazırlanma müddətində ailəsinin və dostlarının etirazları ona təsir edir və piyada yox, dəvəylə səyahətə çıxmağı qərara alır. 2 illik hazırlıqdan sonra, nəhayət, bir it və 4 dəvəylə 2700 km-lik səfərə çıxmağı bacarır. Avstraliyanın ucsuz-bucaqsız çöllüyündə səyahət etmək elə də baha başa gəlmir. Vəhşi heyvanlar və susuzluq kimi çətinliklərdən ibarət səyahətdə National Geographic fotoqrafı Rick Smolan Robyna yol yoldaşı olur. Avstraliyalı yazıçı Robyn Davidsonun avtobioqrafik kitabı əsasında çəkil film cazibədar görüntülərlə nəfəskəsici səyahəti təsvir edir. Film səyahəti mənasız hesab edən, uzun və kimsəsiz yolları qət etməyin vaxt itkisi kimi qəbul edən insanlara cavabdır. Səyahət istəyinizi artıracaq bu filmi mütləq izləməlisiniz.

5. Wild – Vəhşi (2014)
Filmin qəhrəmanı Cheryl Strayed anasının ölümünün verdiyi sarsıntıdan xilas olmaq, həyatının son dönəmlərində qarşılaşdığı problemlərə həll axtarmaq, özünü yenidən kəşf etmək və xoşbəxtliyin sirrinə bələd olmaq ümidi ilə Amerikanın ən uzun, çətin və təhlükəli bölgələrindən biri olan “Pacific Crest Trial”-ı tək başına qət etmək qərarına gəlir. Səyahət boyunca qarşısına çıxan əngəllərə, çətinliklərə, problemlərə baxmayaraq Cheryl Strayed səfərinə davam edir və qətiyyətlə kilometrlər qət edir. Filmi izlədikcə “Pacific Crest Trial”-ın necə möhtəşəm olmasını və səyahətin insanı necə dəyişdirməsinin şahidi oluruq.

6. The Way – Yol (2010)
Həm həyati, həm də bədii film olan “Yol” filmi bizi həyatı sorğuladan süjet xətti ilə qarşı-qarşıya qoyur. Filmin baş qəhrəmanı Camino de Santiagoda gəzintidəykən qəfildən qopan fırtına nəticəsində ölən oğlunun son arzusunu yerinə yetirir. Oğlunun səyahətini tamamlamaq məqsədi ilə yola çıxır. Səyahət əsnasında dünyanın dörd bir yanından gəlmiş bir çox insanla tanıış olur və yaşadığımız həyat ilə seçdiyimiz həyat arasındakı fərqi kəşf edir.

7. The Motorcycle Diaries – Motosiklet gündəliyi (2004)
Ernesto Che Guevaranın eyni adlı kitabı əsasında ekranlaşdırılmış “Motosiklet gündəliyi” filmi yazıçının avtobioqrafiyasıdır. Ernesto və dostu Alberto Argentinanın paytaxtı olan Buenos Aires-dən bir motosiklet ilə yola çıxırlar. Bir xeyli yol qət etdikdən sonra dostların motosikletləri xarab olur və başqa çıxış yolları qalmadığı üçün avtostopdan istifadə edirlər. Beləliklə, səyahətlərinə təkbaşlarına yox, xalqla bir yerdə davam edirlər. Bu vəziyyət onlara Latın Amerikasının düşündüklərindən fərqli yer olduğunu sübut edir. Qitədə baş verən pis hadisələr, ədalətsizliklər, insanların məruz qaldığı işgəncələr və s. bu iki gənci dəyişdirməyə başlayır. Bu sürprizlərlə dolu səfər sadəcə bu iki dosta deyil, bir çox ölkənin taleyinə də təsir göstərəcəkdir. Film səyahət sevgisini artıran motivasiya mənbəyi olmaqla yanaşı, həm marksist, inqilabçı, siyasətçi Ernesto Che Guevara-nın avtobioqrafik həyatını da bizə çatdırır.

8. 1800 South – 180 dərəcə cənub (2010)
Daim diqqət mərkəzində olan yerlərdən biri olan Pataqonyanın təbiətini, relyefini, yaşam tərzini bizə çatdıran “180 dərəcə cənub” filmi baş qəhrəmanlar Jeff Johnson, Yvon Chouinard və Doug Tompkinsin səyahətindən bəhs edir. Filmdə bu 3 səyahətçinin səyahət zamanı başlarına gələn məcaralarla yanaşı həyatı sorğulama söhbtələrinə də yer ayrılmışdır. İstər həyatlarında gördükləri ən böyük dalğada sörfinq etməkləri, istər yüksək dağ zirvələrinə heç dayanmadan dırmaşmaqları, Jeff Johnsonun həyatı bura bir zamanlar alpinistlik və sörfinq sevgisiylə gəlib sonradan vəhşi təbiət təcrübəsini hər şeydən üstün tutmağa başlayan və sərvətlərini Pataqonyanı qorumaq üçün xərcləyən Yvon Chouinard və Doug Tompkinslə tanışmağı ilə dəyişir.

9. In July – İyulda (2000)
Filmin baş qəhrəmanı olan Daniel müəllimdir. Heç kimlə yaxınlıq etməyən Daniel bir gün Juli adlı bir qızla tanış olur. Juli Danielə çox qısa zamanda əsl sevgini tapacağını deyir. Daniel buna inanır və həmin anın baş verməsini gözləyir. Bir gün Daniel Mələk adlı bir Türkə aşiq olur. Sevgisinə sahib çıxmaq məqsədilə Daniel Mələyin arxasınca Türkiyəyə qədər gedib çıxır. Bu səfər zamanı Danielin başına min bir cür məcaralar gəlir.

10. The Darjeeling Limited – Küsülü qardaşlar şirkəti (2007)
İnsanları xoş hadisələr birləşdirsə də, bəzən elə olur ki, xoşa gəlməz hadisələr də buna gətirib çıxarır. Bir-birinə yad olan olan üç qardaşın ataları ölür. Bu hadisədən bir il sonra qardaşlar Hindistana bir qatar səfərinə çıxırlar. Yolda dalaşsalar da, bir-birilərindən küsüşsələr də, sonda bir-birilərinə yaxından tanıyırlar və mehribancasına dostlaşırlar. Film ailə məfhumunu anlatsa da, səyahətin məğzini də ortaya qoyur.

11. Lost in Translation
Orta yaşı çoxdan keçmiş, evil və ata olan film ulduzu amerikalı aktyor Bob Harris “Suntory” viski reklamının çəkilişi üçün Yaponiyaya gəlir. Tokyoda qaldığı oteldə bir başqa amerikalı gənc universitet məzunu, fotoqraf ərinin ardınca buraya gəlmiş olan sevimli, amma ciddi Charlotte ilə tanış olur. Yaş və mədəniyyət fərqinə baxmayaraq aralarında yaranan əlaqə onları Tokyoda gəzintiyə çıxarır. Gəzinti əsnasında filmoqraflar Tokyonun gözəlliklərini, mədəniyyət və günlük həyatını mükəmməl təsvir ediblər.

12. Into the Wild – Vəhşiyə doğru (2007)
Məşhur bir universitetdən dərəcə ilə məzun olan Christopher eyni zamanda bacarıqlı bir atletdir. Məzuniyyət sonrası qurulan məclisdə ailəsinə istədiyi həyatın bu olmadığını, bir şeyin əksik və yanlış olduğunu deyir.  Gənc bütün mal-dövlətini xeyriyyə qurumlarına bağışlayıb sahib olduğu hər şeyi evində qoyaraq bambaşqa bir həyata doğru uzun bir səfərə çıxar. Alyaskanın kimsəsin meşələrində sona varan bu səfər əsnasında Christoper həyatını kökündən dəyişdirəcəkdir. Səyahat edərək yeni insanlarla tanışlığın nəticəsində həyatın anlamını və ölümün qaçınılmazlığını dərk edir.

13. Y Tu Mama Tambien – Ananı da (2001)
Bir çox festivallardan mükafat alan bu film meksikalı 17 yaşlarında iki dost olan Julio və Tenochun hekayəsini ekranlaşdırmaqdadır. Səyahətə çıxdıqdan sonra Julio və Tenochun özlərindən yaşca böyük olan yetişkin bir dostları – Luisa da onlara qoşulur. “Y Tu Mama Tambien” filmi gənclərin çıxdıqları səyahətdə qazandıqları təcrübələri, bir-birilərini kəşf etməyi, yaşadıqları dünyanın  anlamını izləyiciyə bəxş edir. Bu film məşhur Azərbaycan məsəlini xatırladır:

“- Qardaşını tanıyırsan?
- Hələ yol yoldaşı olmamışam”

“Y Tu Mama Tambiien” filmi də bu məsəl əsasında filmin qəhrəmanlarını bir-birinə tanıdır.

14. Encounters at the End of the World – Dünyanın sonundakı qarşılaşmalar (2007)
Filmin rejissoru və ssenari müəllifi Werner Herzogun Antarktikaya etdiyi səfərdə obyektivinə rast gələn özəl görüntülər əsasında çəkilmiş maraqlı sənədli film səyahət sevginizi artıracaqdır.

15. Up – Yuxarı (2009)
“Yuxarı” – 3D formatlı komediya-macəra cizgi filmidir. Utancaq, səssiz bir uşaq olan Carl Fredricken məşhur tədqiqatçı Charles F. Muntza heyranıdır. Bir gün Carl Ellie adında enerjili və pozitiv bir qızla dost olur. O da Carl kimi Muntz heyranıdır. Uşaqlıq dostları tərk edilmiş bir ev olan “Klub evi”-ni “Cənnət şəlaləsi”-nə açılan mənzərəyə sahib olan bir qayalığa aparmaq xəyalları qururlar. Gün gəlir Carl və Ellie evlənirlər və həmin “Klub evi”-ni təmir edib orda yaşayırlar. Carl şarsatan işləyir. Cütlük “Cənnət şəlaləsi”-nə səyahət üçün dəfələrlə pul yığırlar, lakin daha təcili xərclər üçün xərcləyirlər. Beləcə, aylar, illər keçir, cütlük yaşlanır. Bir gün Carl arzularını gerçəkləşdirmək məqsədilə yola çıxmağa qərar veri, lakin həyat yoldaşı Ellie qəfil xəstələnir. Xəstəlikdən qurtula bilməyərək dünyasını dəyişən Ellie həyat yoldaşı Carlı yalnız qoyur. Bir müddət keçdikdən sonra Carl evi satmağa qərar verir. Evlərinə məxsus poçt qutusunu zədələdiyi üçün inşaat işçisini yaralayır. Bu səbəbdən məhkəmə Carlın evi boşaltmağına və qocalar evinə yerləşməyinə qərar verir. Amma Carl həyat yoldaşına sadiq qalaraq uşaqlıq xəyallarını həyata keçirmək üçün bir yol axtarır və ağlına bir fikir gəlir: Evi yerindən oynadıb havaya qaldırmaq və “Cənnət şəlaləsi”-nə daşımaq üçün evə minlərlə helium şarlar taxmaq. Məqsədi “Yaşlılara yardım” mükafatını almaq olan Russell adlı gənc oğlan da Carla qoşulur. Evə minlərlə helium şar taxırlar və ev havaya qalxır. Beləliklə, yaşlı  Carl və gənc Russell “Klub evi” ilə birlikdə “Cənnət şəlaləsi”-nə doğru səyahətə çıxırlar. Başlarına gələn min bir bəlaya baxmayaraq Carl və Russell “Klub evi”-ni Ellienin xəyalını gerçəkləşdirərək “Cənnət şəlaləsi”-nə yaxın qayalıqda yerləşdirirlər və şəhərə doğru yol alırlar.

16. Easy Rider
Filmin qəhrəmanları Wyatt və Billy sərbəst yaşam tərzində yaşayam motosikletçidirlər. Meksikadan Los Angelesə qaçaqmalçılıq edirlər və bu işin nəticəsində külli miqdarda pul əldə edirlər. Dostlar varlandıqdan sonra New Orleansa getməyi və “Mardi Gras” festivalında iştirak etməyi planlaşdırırlar. Arzularına çatmaq üçün yola çıxan motosikletçilər şərqə doğru irəliləyirlər. New Orleansa bir-başa səyahət etməyən dostlar əvvəlcə Arizonaya səfər edirlər. Orada fermer ailəsiylə nahar edir edir, kəndi gəzir və kənd həyatı ilə daha yaxından tanış olurlar. Daha sonra səfərlərimə davam edən dostlar New Mexicoya gedirlər. Burada icazəsiz paraşütdən tullanma adıyla həbs olunurlar. Həbsxanada kamerada vəkil George Hanson ilə dost olurlar. George dostların həbsdən çıxmasına kömək edir. Bu jestinə görə dostlar George ilə aralarında yaranan dostluq daha da möhkəmlənir və George onlarla birlikdə New Orleansa səyahət etməyə qərar verir. Həmin gecəni balaca bir qəsəbə olan Louisiananın qırağında çadır quraraq keçirirlər. Növbəti gün Louisiana restoranında sifariş etdikləri yeməklər ucbatında  xalqın diqqətini çəkirlər. Qəsəbənin yerli qızları onlarla tanış olmaqdan ötrü fürsət axtarırlar. Bu vəziyyətdən narahat olan qəsəbə kişiləri və bir polis işçisi dostlara qəzəblənsələr də, heçnə edə bilmirlər. Wyatt, Billy və George heç bir problem yaratmamaq üçün qəsəbədən çıxmağa qərar verirlər. Qəsəbədən qıraqda yenidən düşərgə salıb çadırda qalırlar. Gecə yarısından keçmişdi ki, bir qrup qəsəbə sakini yatan dostlara hücum edib onları sopa və ağaclarla döyməyə başlayır. Qrup və üçlü arasında dava başlayır. Billy digər dostlardan cəld hərəkət edərək bıçağa əl atır və hücumçuları qovmağı bacarır. Lakin Wyatt ve Billy kiçik yaralanmaya məruz qalırlar. George isə ağır yaralandığı üçün canını tapşırır. Səyahətlərinə dava Səyahətlərinə davam edən dostlar nəhayət ki, New Orleansa çatırlar. Lakin bununla da macəra bitmir. Burda da dostların başına minbir müsibət gəlir. Film sonunda Wyatt və Billinin motosikletlərinin partlaması və bütün pullarının yox olması, dostların səfil qalmalarına baxmayaraq bir-birilərinə olan sevgisi üçün fəxr etmələri ilə bitir. Filmin mövzusu digər səyahət filmlərinə nəzərən fərqlənsə də səyahətin insana yaşatdığı əyləncələr daha qabarıq təsvir edilmişdir. Hələ səyahətə dostunla çıxırsansa, bu daha da əyləncəli və maraqlı xatirəyə çevrilir.

17. Grimsby (2016)
Filmimizin qəhrəmanları Nobby və Sebastian adlı qardaşlardı. Hələ uşaq ikən valideynləri dünyasını dəyişdiyi üçün  qardaşlar uşaq evinə təhvil verilir. Tək başına qalan qardaşlar bir-birilərinə söz verirlər ki, onları heç kim ayıra bilməyəcək. Lakin bir müddət sonra uşaq evinə bir ailə gəlir və balaca qardaş Sebastianı oğulluğa götürür. Bu hadisənin nəticəsində qardaşlar ayrı düşürlər. Yetimxanada böyüyən böyük qardaş Nobby illərlə qardaşının həsrətini çəkməyə başlayır. Nəticədə alkolik futbol həvəskarına çevrilir. Aradan 28 il keçir. Böyük qardaş Nobby həyat yoldaşı Dawn ilə evlilikdən olan on bir uşağı ilə birlikdə İngiltərə liman kəndi olan Grimsbydə yaşayır. Kiçik qardaş Sebastian isə “MI16” adlı məxfi təşkilatın ən yaxşı agentlərindən birinə çevrildi. Bir gün Sebastian “WorldCure” adlı səhiyyə təşkilatının prezidenti Rhonda Georgeyə qarşı sui-qəsd ehtimalının qarşısını almaq üçün həmin təşkilatın keçirdiyi tədbirdə iştirak etmək tapşırığı alır. Nobbyin dostları Sebastianın “WorldCure”-da olacağını öyrənir və Nobbyə bildirirlər. Nobby həmin tədbirə qatılır. Tədbirdə Sebastian Rhondanı bir video kameranın içinə quraşdırılmış silahla öldürməyi planlaşdıran sui-qəsdçi Pavel Lukashenkonu görür. Sebastian silahı sui-qəsdçiyə çevirib onu nişan alsa da, sui-qəsdçinin mövqeyi Sebastiana onu vurmağa imkan vermir. O da kameranın içindəki silahı vuraraq sıradan çıxarmaq qərarına gəlir. Bu zaman ərzində Nobby qardaşını görür və onun yanına qalxır. Sebastian kameranı tuşlayaraq vurmaq istədikdə Nobby qəfildən onu arxadan qucaqlayır. Nəticədə hədəfin yeri dəyişir və Sebastian yanlışlıqla AIDS xəstəliyi tutmuş Yəhudi-Fələstinli Schlomo adlı uşaöl vurur. Qan fışqırır və Daniel Radcliffenin ağzına girir və o da xəstəliyə tutulur. Qardaşlar cangüdənlərdən qaçmağa başlayırlar. Sebastian öz gizli yerlərindən birində qalmağı qərara alsa da, qardaşı Nobby onu inandırır ki, ən təhlükəsiz məkan onun evidir. Axtarışda olan cangüdənlər, polislər və MI16 agentləri qardaşları tapa bilmirlər. MI16 Sebastianı izləmək və ələ keçirmək üçün Chilcott adlı çox təhlükəli sui-qəsdçini bu işə daxil edirlər. Sebastian iş yoldaşı və sevgilisi Jodie iləqə saxlayır və onu günahsız olduğuna inandırır. Məsələnin aydınlaşması üçün sui-qəsdçi Lukashenkonu tapmaqda kömək istəyir. Jodie sui-qəsdçinin Cənubi Afrikada olduğunu tapır və Sebastiana göndərir. Sebastian qardaşı Nobby ilə Cənubi Afrikaya gedir. Qardaşların başına Cənubi Afrikada min bir müsibət, macəra gəlir. Sui-qəsdçini və adamlarını tapan qardaşlar öyrənirlər ki, sən demə sui-qəsdi təşkil edən elə “WorldCure” təşkilatının prezidenti Rhonda Georgedur. Bununla bərabər onu da öyrənirlər ki, Rhondanın məqsədi Çilinin paytaxtı Santyaqoda keçirilən İngiltərə - Almaniya futbol final oyununda “WorldCure” adlı virusu yaymaqdır. Virus oyundan sonra partladılacaq olan hava fişənglərinin içinə yerləşdirilib. Qardaşlar buradan Çiliyə uçurlar və virusun yerləşdirildiyi fişənglərin partlamasına imkan vermirlər. Qardaşlar ağır zədə alır və xəstəxanaya yerləşdirilirlər. Xəstəxanada TV xəbərləri Rhondanın həbs olunduğunu, Grimsby qardaşlarının dünyanı qurtardıqdan sonra “öldüyü” haqqında məlumat verir. Film burada yekunlaşır. Həm komediya, həm də dram janrında olan bu macəra filmində İngiltərədən Cənubi Afrikaya, Cənubi Afrikadan Çiliyə qədər olan səyahətlərdə bu üç müxtəlif məkanın ayrı-ayrı gözəllikləri əks olunur. İnigiltərənin Grimsby kəndinin necə sadə, amma maraqlı həyat tərzi, Cənubi Afrikanın təbiəti, Çilinin müxtəlif aktiv tədbirləri izləyiciləri bir növ səyahətə sövq edir.

18. Knockin' on Heaven's Door – “Cənnətin qapısını döyərək”
Həyatınızda bəlkə də izləyəcəyiniz ən maraqlı, ən təsirli və ən aksiyonlu səhnələrlə dolu bu film iki müxtəlif xarakterli dostun macərasından bəhs edir. Qaydalara heç zaman əməl etməyən Martin Brest və qanunlara hər zaman tabe olan Rudi V urlitzer xəstəxanada eyni palatada qalırlar. İkisinə də ölümcül xəstə olduqları və ömürlərinin sonuna təxminən bir həftə vaxt qaldığı bildirilir. Bu xəbərdən təsirlənən pasientlər bri-birilərinə öz həyatlarından danışmağa başlayırlar. Söhbət əsnasında onların çarpayıları üzərində asılmış İsanın çarmıxa çəkilmiş şəkli olan xaç birdən yerə düşür və qırılır. Qırılmış xaçın içindən tekila şüşəsi aşkar edilir. Çox düşünülmədən təzəcə dostlaşmış gənclər onu içirlər və yenidən söhbətə başlayırlar. Məlum olur ki, sən demə Rudi indiyə qədər bircə dəfə də olsun dəniz görməyiblər. Bu Martin üçün mühim faktdır, o düşünür ki, dünyanın o tayına getmək və dənizi görməmək bu bağışlanmaz səhvdir və həyatlarının sonuna az qalmş onlar mütləq dənizi görməlidirlər. Bununla da bütün macəra başlayır. Dostlar məqsədlərinə çatmaq üçün hərəkətə başlayırlar. Xəstəxananın həyətindən “Mercedes – Benz 230 SLi” oğurlayaraq xəstəxanadan qaçırlar. Pula ehtiyacları olduğu üçün Martin və Rudi yolda qarşılarına çıxan bankı, daha sonra isə yanacaq stansiyasını soyurlar. Sən demə avtomobil yerli qanqsterindir və avtomobildə bir milyon manat nağd şəkildə gizlədilib. Buna görə də qanqster 2 adamını – Henk və Abdula onların dalına düşməyi tapşırır. Yol boyu bir-biri ilə mübahisə edən bu iki mafiyadan əlavə artıq polislər də dostların axtarışındadırlar. Bir müddət sonra polislər cinayətkarları saxlayır. Lakin Martin guya ki, Rudini əsir götürür. Bu dostlara polisdən qaçmağa imkan yaradır və yollarına davam edirlər. Bir müddət sonra onlar polislərlə qanqsterlər arasında tələyə düşürlər. Bununla belə polis və mafiya arasında yaranan atışmadan istifadə edərək yenə də xilas olmağı bacarırlar. Filmin dəqiqələri ötdükcə Rudi anlayır ki, risk etmək heç də yanlış və ya qorxulu deyil. Çünki nə həyat qaydalardan ibarətdir, nə də qanunlar mükəmməl və nöqsansızdır. Elə bu epizodda Martinin beynində xərçəng olduğu üçün onun tutması baş verir. Rudi Martininn dərmanlarını axtarsa da, məlum olur ki, onun dərmanları bitib. Rudi yeganə dostunu xilas etmək üçün əlində silah aptekə qaçır və havaya atəş edərək əczaçını lazım olan dərmanı ona verməyə məcbur edir. O, dərmanı götürüb dostunun yanına qayıdır. Martin dərman qəbul edir və özünə gəlir. Rudinin bu jesti onların dostluğunu daha da möhkəmləndirir. Oğurladıqları pullarla onlar həyatlarında ilk dəfə lüks oteldə qalırlar. Dostlar orada öz itəklərini bir kağıza yazırlar. Lakin arzularının hamısını həyata keçirə bilməyəcəklərini anlayaraq siyahıda qyed olunan arzulardan yalnız birini həyata keçirməyi qərara alırlar. Martinin arzusu Elvis Preslinin qatı pərəstişkarı olan anasına Elvisin öz anasına aldığı kadillakdan eynisini hədiyyə etməkdir. Heç gecikmədən kadillakı almağa gedirlər. Kadillakı alırlar, amma satıcı onları tanıyır və polisə xəbər verir. Martinin anasının evinə yaxınlaşdıqları zaman onları orada artıq polis gözləmiş vəziyyətdə olur. Polis onları həbs edir. Amma Martin xərçəng xəstəliyi ilə bağlı tutmalarını bəhanə edərək polisi aldadır, polislər qorxaraq onları buraxır. Martin və Rudi qaçırlar. Nəhayət onlar dənizə çatırlar. Rudi dənizi görən kimi deyir: “Mən anladım ki, qorxmaq axmaqlıqdır”. Bu cümlə onun bütün həyatına ismarıclanmışıdı, onun qanunlara həddən artıq tabe olması nəticəsində özünü hər şeydən məhrum etmişdir. Və yalnız ürəyinin səsinə qulaq asaraq, risk edərək, ətrafdakıların onun haqqında düşüncələrini kənara qoyaraq o, özünün ən böyük arzusuna çatır. Nəhayət O, dənizi görür. Final səhnəsi əksər filmlərdə olduğu kimi “Cənnətin qapısını döyərək” filmində də ən təsirli səhnədir. 3 dəqiqəlik final səhnəsində “Knocking on heaven’s door” mahnısının müşayiəti ilə dostlar səssiz dəniz kənarında gəzişirlər, dənizin çox uzaqlarına baxırlar, dalğaları seyr edirlər, dənizin gözəlliyinə heyran qalırlar. Onlar mavi suların gözəlliyini görmək üçün çox uzun yol qət etməli, maneələrdən aşmalı olmuşlar. Amma sonunda öz istəklərinə çatıblar. Martin Brest və Rudi Wurlitzer tekila içir, siqaret çəkilər. Sonda Martin vəfat edir. Rudi onun yanında əyləşir və dənizi seyr etməyə davam edir...

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

İÇİNDƏ AZA BİLƏCƏYİNİZ DÜNYANIN 10 ƏN BÖYÜK XƏSTƏXANASI

YEKATERİNANIN TARİXİ SƏHVİ.ALYASKANIN SATILMASI

DÜNYANIN ƏN QEYRİ-ADİ İÇKİLƏRİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.