Daxil olQeydiyyat

AİRBNB NƏDİR? MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

SENTYABR 26, 2019 4 dəq. oxu
AİRBNB NƏDİR? MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

 

Qloballaşan dünyada mədəniyyətlərin inteqrasiyası nəticəsində insanlar daha çox səyahət etməyi,yeni ölkələr kəşf etməyi üstün tuturlar.Amma səyahət etməzdən əvvəl ortaya çıxan suallardan biri gedəcəyiniz ölkədə harada qalmaqdır.Otellər həmişə ağlımıza gələn ilk variantdır.Amma alternativ yollar da var.Airbnb bunlardan biridir.

Gəlin görək Airbnb nədir və nə qədər faydalıdır? Proqram 2008-ci ildən fəaliyyət göstərir.İki gənc tələbənin yaratdıqları veb saytda  kirayəçilərə evlərində hava yatağı və səhər yeməyi(air bed anad breakfast) təklif etməsiylə başlamışdır. Brian Chesky’nin CEOsu və founderlərindən olduğu şirkətin 2017-ci ildə illik dövriyyəsi 2,6 mlrd. dollar təşkil etmişdir. Proqram vasitəsilə sizə gedəcəyiniz ölkədə otaq kirayələyə biləcəyiniz alternativlər təklif edilir.Əslində, Airbnb istifadəçilərinə iki cür xidmət göstərir .Birincisi,yuxarıda qeyd etdiyim kimi otaq kirayə edə bilərsiniz.İkincisi, gələn qonaqlara otaq təklif edə bilərsiniz.Hər iki halda proqramda qeydiyyatdan keçmək lazımdır.Bunun üçün ya www.airbnb.com adresindən, ya da tətbiqi yükləyərək üzv ola bilərsiniz. Əgər birincilərdənsinizsə,ilk mərhələ olaraq qalmaq istədiyiniz tarix aralığını və yeri qeyd edərək hostların təkliflərini dəyərləndirməlisiniz.Bu zaman ekranda xəritə bilgiləri ilə bərabər sizin üçün təkliflər siyahısı çıxacaq.Sizə uyğun olanı seçərək ev sahibinə bunun haqqında məlumat göndərirsiniz. Yox, əgər özünüz host olmaq istəyirsinizsə, səhifənin yuxarı sağındakı HOST başlığına toxunaraq öz kiçik “biznes”inizi qura bilərsiniz.Bu mərhələdə Airbnb sizdən bir sıra əlaqə nömrələri istəyəcək.

Təbii olaraq ortaya bəzi suallar çıxır:Airbnb-nin mənfi və müsbət cəhətləri hansılardır? Proqrama nə dərəcədə güvənmək olar?

Əvvəlcə onu deyim ki,proqram yaradıcıları istifadəçilərin təhlükəsizliyi üçün bir sıra addımlar atmışlar.Belə ki,proqram qeydiyyatdan keçərkən özünüz haqqında yazdığınız məlumatları təsdiq etmək üçün hüquqi bir sənədin şəklini daxil etməyinizi istəyir.Bu sənəd çox zaman sizin ümumvətəndaş pasportunuz ola bilər.Əlavə edim ki,evlər rezarvasiya edildikdən sonra hostların  əlaqə məlumatları sizə göndərilir və istənilən mənfi məqamda ev sahiblərindən şikayət edə bilərsiniz.Eləcə də ev sahibi haqqında yazılmış referansları da oxuyaraq onun nə dərəcədə “qonaqpərvər” olduğu haqqında məlumat toplamış olursunuz.Həmçinin Airbnb şikayət edilmiş hostları proqramdan uzaqlaşdırmaqla istifadəçilərin təhlükəsizliyini bir az daha  artırmış olur.Elə buna görədir ki, ev sahibləri kirayəçiləri razı salmaq üçün yüksək səviyyədə xidmət göstərməyə maraqlıdırlar.Təəssüf ki,xoşagəlməz məqamlar da yox deyil.Belə hallar ən çox son mərhələdə baş verə bilər.Ev istədiyiniz kriteriyalara uyğun olmaya bilər,təmizliklə bağlı problemlərlə qarşılasa bilərsiniz və s. Bir sözlə təcrübədə ev sahibinin paylaşdığı məlumatlardan tamam fərqli bir mənzərə ilə qarşılaşmaq da var.

Ev seçərkən nələrə diqqət etmək lazımdır?

Ev rezarvasiya etməzdən əvvəl özünüz üçün bəzi kriteriyalar müəyyən etsəniz axtarışınız daha uğurlu olar və istədiyiniz kimi bir yer tapa bilərsiniz.Xatırladım ki,ev sahibləri evlərini tam olaraq ,yalnız bir otağını,hətta evin salonunu kirayə verə bilirlər.Ev seçərkən bunu nəzərə almaq lazımdır.İstədiyiniz məbləği axtarışa daxil etsəniz seçiminizi daha da asanalaşdırmış olarsınız.

Ödəmələr necə həyata keçirilir deyə soruşursunuzsa,siz ev sahibinə təklif göndərib(və ya əksinə) təsdiq mesajı aldığınız halda ödəməni online şəkildə həyata keçirirsiniz.

Qiymətlər bahadırmı və ya ucuzlaşa bilərmi?

Əslində qiymətlər o qədər də baha deyil.Daha doğrusu, sizin istəklərinizə uyğun olaraq qiymətlər qalxıb enə bilir.Qalmaq üçün daha komfortlu yer axtarışındasınızsa,əliniz cibinizdə olsun.Yox “mənə kiçik otaq belə bəs edər” deyə düşünürsünüzsə,sizə uyğun da təkliflər var.Qiymətlərə təsir edən digər bir məqam evlərin yerləşdiyi ərazilər ola bilər.Şəhər mərkəzlərində olan evlərin qiymətində müəyyən qədər bahalıq müşahidə olunur.Onu da qeyd edim ki,çox zaman ev sahibləri otaqların təmizliyi üçün də əlavə məbləğ tələb edə bilirlər.

Otellər yoxsa Airbnb evləri?

Otellər müştərilərinə daha yaxşı xidmət təklif etdikdə adətən bunlar sıfırları çox olan hesab şəklində müştəriyə geri qayıdır.Airbnb-də isə siz otellərdəki qiymətlərdən daha ucuz evlər tapa bilərsiniz.Əgər getdiyiniz şəhərdə bir neçə gündən artıq qalacaqsınızsa,Airbnb evləri vasitəsilə səyahətinizi daha münasib qiymətlə başa vura bilərsiniz.Bir də ki, ucuz qiymətə öz mətbəxi,salonu,eyvanı olan ev daha cazibədar səslənir.

"No pets,no parties!"

Necə ki kirayəçilər ev sahiblərindən yüksək səviyyədə xidmət gözləyirlər,özləri də bəzi öhdəlikləri yerinə yetirməlidirlər.Öhdəliklər deyəndə ev sahiblərinin əvvəlcədən təyin etdikləri qaydaları-qadağaları nəzərdə tuturam.Ən məşhur qadağalar arasında:Heyvan gətirmək olmaz!Parti keçirmək olmaz!Bu tip qadağalara mütləq şəkildə əməl etmək lazımdır.Ev sahiblərinin üzləşdiyi problemlərdən biri də bəzən kirayəçilərin hostlardan əlavə xidmət gözləməsidir.Bundan ən çox yaşadıqları evlərinin otaqlarını kirayələyən ev sahibləri şikayət edir.

Rezarvasiyaları ləğv etmək mümkündürmü?

Bəli, mümkündür.Daha doğrusu,ev sahibi əvvəlcədən bunu açıqlama hissəsində qeyd edibsə,rezervasiyanı ləğv edib pulunuzu geri ala bilərsiniz.Bu zaman  ödənilən məbləği tam olaraq geri almaq olur.Burada bir məqamı unutmaq olmaz.Belə ki,Airbnb-yə ev kirayə edən zaman müəyyən xidmət haqqı ödəmək lazımdır.Əgər ilk dəfə rezervasiya ləğv edilirsə ,o zaman məbləğ tam olaraq qaytarılır.Amma bu hal bir neçə dəfə təkrar olunduqda proqram xidmət haqqını geri qaytarmır.

Ev sahibiylə görüş.

Görüş əvvəlcədən təyin edilmiş yerdə olur.Bir çox hallarda ev sahibiylə canlı ünsiyyətdə olmadan da evə giriş edə bilərsiniz.Bunun üçün hostlar kilidli qutu metodundan istifadə edirlər.Siz qutuya ev sahibinin dediyi kodu daxil edib açarı götürə bilərsiniz.Təhlükəsizlik baxımından bu metodun istifadə olunması daha məqsədəuyğundur.

Ev sahibləri evə giriş çıxış(check in-check out)saatlarını qeyd edirlər.Unutmaq olmaz ki,bəzən evə bu saatlardan gec gəldikdə hostlar əlavə pul tələb edirlər. 

Airbnb kuponları

Airbnb yeni qeydiyyatdan keçən üzvləri üçün endirim kuponları verir.

Ev rezervasiya edərkən Airbnb kuponunuzu ödəmə səhifəsində istifadə edə bilərsiniz.Bunun üçün ödəmə metodlarını seçdikdən sonra “Redeem a cupon” bölməsinə klikləyib kupon kodunu daxil edərək “Apply” yazısına toxunun.Əgər əvvəlcədən ev rezervasiya etmisinizsə, kupon kodundan istifadə edə bilməzsiniz.Başqalarını proqrama dəvət etməklə də kuponlar(və kreditlər) əldə etmək mümkündür.Daha çox dəvət daha çox kupon deməkdir.Bu zaman hər iki tərəf kupon qazanır.Qeyd edim ki,kuponların istifadə müddəti 1 ildir və Hindistanda keçərli deyil.Bu məlumatları Coupon &Credit bölməsindən daha ətraflı oxuya bilərsiniz.

Airbnb təcrübələri

Airbnb-də yaddaqalan və ən əsası xoş bir təcrübə qazanmaq istəyirsinizsə,ev seçərkən əvvəlki istifadəçilərin şərhlərini oxumağınız vacibdir.Hətta özünüz də mənfi hallarla qarşılaşsanız mütləq  bunu həmin hostun şərhlər bölməsinə yazmalısınız ki,ən azından sizdən sonra gələn istifadəçilər eyni halları yaşamasınlar.Adətən,istifadəçilər proqram haqqında xoş sözlər yazırlar.Amma bir neçə səhifədə öz mənfi təcrübələrini paylaşan istifadəçilər də tapa bilərsiniz.Əsas odur ki, bu hallar çoxluq təşkil etmir.Ümumiyyətlə,Airbnb belə vəziyyətləri aradan qaldırmaq üçün operativ şəkildə müdaxilə edir.

Airbnb vasitəsilə nə qədər qazanc əldə etmək olar?

Təklif edə biləcəyi boş otağı və ya evi olan hər kəs Airbnb vasitəsilə qazanc əldə edə bilər.Bunun üçün istifadəçilərə münasib qiymətlərlə xoş bir məkan yaratmaq lazımdır.Otaqlarının real fotoşəkilləri və müsbət şərhləri olan istənilən hostun daha çox kirayəçi qəbul etməsi də bir o qədər real olacaqdır.Xatırladım ki,Azərbaycanda da Airbnb-dən istifadə edən hostlar var.Bakı da daxil olmaqla bir neçə şəhərlərimizdən olan ev sahibləri kirayəçilərə xidmət təklif edir.

Airbnb əlavə nələr təklif edir?

Proqramda gedəcəyiniz yeri daxil etdikdə Airbnb sizə evlərlə yanaşı həmin vaxt qalacağınız şəhərdə baş tutacaq turlar,gəzintilər barədə də təkliflər siyahısı təqdim edir.Təbii ki, bunların hamısı sizin daha yaxşı və yaddaqalan səyahət keçirməyinizə hesablanmış addımlardır.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.