Daxil olQeydiyyat

Səyahət sığortası nədir və niyə lazımdır?

MART 5, 2020 4 dəq. oxu
Səyahət sığortası nədir və niyə lazımdır?

Bu gün başımıza nə gələ biləcəyindən heç birimizin xəbəri yoxdur. Çoxdankı arzumuz olan cənnət səyahəti bir anın içində cəhənnəmə çevrilə bilər. Bəs belə vəziyyətdən necə çıxaq? Özümüzü pis hadisələrdən, uğursuzluqlardan sığorta edə bilməsək də, ən azından çəkdiyimiz maddi zərərin ödənilməsindən sığortalana bilərik. Bunun üçün də bizi müxtəlif hadisələrdən qoruyan səyahət sığrotaları mövcuddur.


“Səhayət sığortası nədir?”
Sığorta turistin səyahət etdiyi ölkədə başına gələ biləcək hadisənin maddi və mənəvi zərərini ödənilməsini nəzərdə tutur. Sığоrtaya vətəndaşın xaricdə səhətində problem yaranarsa, bədbəxt hadisə nəticəsində xəsarət alarsa, dərhal lazımi tibbi müalicə alması və xərclərin ödənilməsi, müqavilədə nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərin əvəzinin tam və ya qismən ödənilməsi daxildir.

Sığorta barədə şəhadətnamə Azərbaycan və səyahət olunan ölkə (və ya ölkələrin) dövlət dilində yazılır.

İstirahəti mənalı keçirmək, il ərzində yığılan yorğunluğu tam çıxartmaq, mənfi enerjidən azad olmaq, səfəri maraqlı keçirmək hər birimizin  səfər qabağı xəyallarında canlandırdığı bir arzudur. Bu zaman biz ilk növbədə təhlükəsizliyimiz haqda da düşünməliyik. Məhz Səyahət Sığortaları sizin harada olmağınızdan asılı olmayaraq, bütün dünyada təhlükəsizliyinizi qoruyur və buna zəmanət verir.


“Əşi, nə sığorta? Heç nə olası deyil.”
Sığorta almaq oyuncaq almaq deyil, bu mövzuya ciddi yanaşmaq lazımdır. Bir çox turist “Başıma nə gələ bilər ki?” düşüncəsi ilə yaşayır. Ona görə də maraqlanmadan çiyinlərindən yük atıb elə belə sığorta alıb, yollarına davam edirlər. Amma necə deyərlər, adamın başına bir dəfə iş gələr. İstəmirsinizsə, sığortalanın. Daha doğrusu, düzgün sığorta alın! Yaxşı sığorta sizi yorucu problemlərdən qurtarır.


Nədən sığortalanaq?
Səyahət sığortasının müxtəlif təminatı vardır ki, bunları sığorta şirkətləri təmin edir. Sığorta təminatları əsasən bunlardır:

  • Azərbaycan respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası;
  • Fərdi qəza sığortası;
  • Xaricə səfər zamanı baqajin sığortası;
  • Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası;
  • Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası;
  • Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası;


Öncə qeyd olunan kimi sığorta tibbi xərləri öz üzərinə götürür.  Deməli, ilk və əsas sığorta tibbi sığortadır. Vizasız ölkələrə belə tibbi sığorta alıb getmək məsləhətdir. Tibbi sığortaya aiddir:

  • Dövlət sərhədlərindən kənarda xəstələnsəniz sizə həkim tərəfindən yazılan dərmanların xərci qarşılanır. Amma əvvəlcə sığortanı aldığınız şirkətlə əlaqə saxlayıb xərclərin qarşılanacağından 100 faiz əmin olun. (Lazımı əlaqə vasitəsi müqavilə imzalanarkən sizə verilir);
  • Stasionat tibbi müəssədə müalicə;
  • Nəqliyyat xərci. Yaşayış yerinizdən xəstəxanaya kimi istifadə etdiyiniz nəqliyyat və ya təcili yardımın bütün xərcləri də qarşılanır;
  • Ölkəni tərk etməyə bilet almısınız. Amma səhətinizlə bağlı geri dönmək əlinizdə deyil. Bu zaman vətənə qayıtmaq üçün bütün xərclər sığorta şirkəti tərəfindən ayırlır.

Həmçinin yoluxucu xəstəliklər təhlükəsi olan yerə gedən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımlı tibbi yoxlamadan keçmir və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunurlar. 

Xaricdə istirahət edən zaman xroniki xəstəlikdən əziyyət çəkib həkimə müraciət etsəniz və bu xəstəlik barədə sığorta müqaviləsini bağlamamışdan öncə xəbəriniz varsa, tibbi sığorta xərclərinizi qarşılamayacaq. Bu qayda bütün xroniki xəstəliklərə, həm də ürək-damar sisteminin xəstəliklərinə aiddir. Sığortanın belə hallarda xərcləri öz üzərinə götürməməsi təbii haldır. Belə ki, əgər sizin hər hansı bir xroniki xəstəliyiniz varsa, siz özünüz lazım olan dərmanlar tədarükünü görməli, bütün riskləri nəzərə almalısınız. Tibbi sığorta yalnız öncədən bilmədiyimiz, anidən qarşımıza çıxan xəstəlik və ya zədələrin xərcini qarşılayır.

Canımızı sığortalayırıqsa, malımızı da sığortalayaq. Xaricə səfər zamanı baqajın sığortası sizə itirilmiş yükünüzün qarşılığında maddi təzminat təmin edir. Qeyd edək ki, bu sığorta yükün, baqajın itməsində daşıyıcının günahı olan zaman da qüvvədə qalır. Təzminat isə individual hesablanır. Yükünüz çox dəyərlidirsə, bu sığortadan yararlanın.

Ölkəni tərk edə bilməyəcəyinizdən də sığortalanmaq olur. Biletinizi almısınız, amma birdən ya çox yaxınınız xəstəxanaya düşür, ya sizə hərbi çağırış gəlir, ya da ümumiyyətlə haqqınızda məhkəmə işi açılır və beləliklə səyahətiniz təxirə salınır. Bəs biletə verdiyiniz pul necə, it-bat olsun? Bu zaman köməyinizə səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası gəlir. Sığortanız varsa, pulunuz cibinizə dönəcək.

Çoxumuz çətin iş prosesindən “başımızı itiririk”. Bəzən bu səyahətimizə də təsir edə bilər, məsələn, pasportu, bileti itirə bilərik. Bu cür absurd vəziyyətdə xarici pasportun və  nəqliyyat sənədlərinin itirilməsi sığortası bizə yardım əlini uzadır.


“Yaxşı, razıyam, sığorta lazımdır. Bəs necə sığortalanım?”
Çox asan! Adətən, səyahət sığortası tur paketlə bərabər olur. Lakin bu sığorta adi, bəsit sayılır. Əgər siz hər şeyin ən yaxşısını özünüz edəcəyinizi düşünür və daha keyfiyyətli sığorta istəyirsinizsə, vaxtınızı ayrıb bir qədər araşdırın, sizə uyğun olan sığorta şirkətini seçin. Sığortanı isə siz evdə rahatca oturaraq saytdan, şirkətin ofisinə qaçmayaraq rahatlıqla əldə edə bilərsiniz.

Həmçinin nəzərə alın ki, standart və individual sığortalar mövcuddur. Əgər ekstrimal şəraitdə yaşamaq fikrindəsinizsə, səhətinizdə bəzi probemlər varsa və ya hamiləlik dövründəsinizsə individual sığortalanma daha məqsədəuğun olar.


“Gəl indi sığortaya da pul ver. Ümumiyyətlə nə qədər pulum çıxacaq?”
Sığortanın qiyməti bir sıra faktorlara əsasən dəyişə bilər. Gedəcəyiniz ölkədən, turizm növündən, səyahət müddətindən, sizin sağlamlıq və yaşınızdan (yaşlıların sığortası bir qədər yüksək ola bilər) asılı olaraq qiymət fərqlənir.

Məsələn, standart bir illik sığorta bəzən ekstrimal tursitin iki həftəlik individual sığortasından ucuz başa gələ bilər. Bundan başqa, sığorta haqları turistlərin hansı qrupa aid olmalarından da asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, ağır iş arxasınca gedən şəxslər (şaxtada, tikintidə işləmək üçün) və alpinistlər üçün sığorta haqları sadə turistlərə nisbətən yüksək olur. Onların riskləri böyük olduğuna görə, sığortaya görə də daha çox pul ödəməli olurlar.


“Sığorta haqqında bilməli olduğum elə bunlardır?”
Xeyr, bilməlisiniz ki, bütün viza tələb edən ölkələr viza müraciəti zamanı sığorta tələb  etmir. Bəzi ölkələr isə viza prosesi üçün səyahət sığortası tələb edir, yəni sığortanın olması icbaridir. Bu siyahıya Şengen dövlətləri, bəzi Şengen zonaya daxil olmayan Avropa ölkələri (Bolqarıstan, Rumıniya və s.) və s. ölkələr daxildir. Bir çox ölkə isə qısamüddətli vizalarda sığorta tələb etməsə də, uzunmüddətli viza (təhsil, iş, ailə birləşməsi və s.) proseslərində sığorta tələb edir, məsələn Birləşmiş Krallıq, Avstraliya, Cənubi Afrika Respublikası və s. Adıçəkilən uzunmüddətli vizalarda əsasən sığortanın məhz səfər olunacaq ölkənin daxili sığorta sistemlərindən birində olunması tələb olunur. Qeyd edək ki, sığorta tələb edən ölkədən viza alandan sonra sığortanı ləğv etmək məsləhət deyil, bu vizanın verildikdən sonra ləğv olunmasına səbəb ola bilər.


Viza prosesində sığorta tələb olunmasa belə, sığortalanıb səyahət etmək məsləhətdir. 

Əsasən səfər edənlər səfirlikdən viza almaq üçün mütləq səfər sığortaları olmalıdır. Özü də bu ölkələr üzrə sığorta turistin səfər müddətindən 2-4 gün artıq olmalıdır.

Sığortanı götürmə anına da fikir verin. Elə hallar olur ki, turistlər səyahətdən əvvəl deyil, elə səyahətdə olan zaman sığortalanır. Amma lazım olan anda sığorta qüvvədə olmur. Belə işlərin başınıza gəlməməsindən sığortalanmaq üçün sığortanı ölkənizi tərk etmədən alın.

Diqqət etməli olduğunuz digər məqam isə sığorta yalnız müqavilədə qeyd olunan ölkədə keçərlidir. Əgər bir neçə ölkəni gəzməyi planlayırsızsa, müqavilədə səyahət edəcəyiniz bütün ölkələri qeyd edin.

Sizə müqaviləni başdan-ayağa yaxşı oxumağı, anlamadığınızı dəqiqşlərdiməyi tövsiyyə edirik. Səyahətinizin də xətasız-bəlasız keçməsini diləyirik. Hər ehtimala qarşı sığortanız olsun. Necə deyərlər, ehtiyat igidin yaraşığıdır!

 


AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

ƏN UCUZ VƏ MÖHTƏŞƏM ŞƏHƏRLƏR

DÜNYANIN ƏN QƏRİBƏ MUZEYLƏRİ 

DUBAYIN 10 ƏN BÖYÜK TİCARƏT MƏRKƏZLƏRİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.