Daxil olQeydiyyat

NƏYƏ GÖRƏ MUSİQİ FESTİVALLARI BU QƏDƏR BAHALIDIR?

NOYABR 12, 2019 4 dəq. oxu
NƏYƏ GÖRƏ MUSİQİ FESTİVALLARI BU QƏDƏR BAHALIDIR?

Hər il dünyanın hər yerində minlərlə hər zövqə xitab edən, rəngarəng konsertlər, musiqi festivalları keçirilir. Günümüzün mədəniyyətinin ayrılmaz parçasına çevrilən bu festivalların hər birinin özünə məxsus fərqlilikləri vardır. Keçirildikləri ölkələrə uyğun olan öz stilləri, ənənələri, geyimləri, musiqiləri və qaydaları ilə bir-birindən fərqlənirlər. Ölkəmizdə də buna bir çox nümunə vardır. Ancaq inkar etmək olmaz ki, bu festivallarda iştirak etmək üçün olan biletlər heç də həmişə münasib qiymətlərə olmur. Hələ nəzərə alsaq ki, siz başqa ölkədəki bir musiqi festivalına getmək istəyirsiniz, minimum olaraq uçuş və otel xərcləri də bunların üzərinə gəlir. Bəs nəyə görə musiqi festivalları belə bahalıdır? Buna səbəb nədir? Dünyaca məşhur müğənnilərin iştirakı? Festivalın çəkilməsinə sərf olunan xərc? Buna bir çox aspektdən yanaşıb bu sualımıza cavab tapa bilərik. Lakin öncəliklə dünyadakı ən məşhur musiqi festivallarına ümumi nəzər salmaq lazımdır.

Ən çox da son 20-25 ildə məşhurlaşan bu festivallardan bəlkə də ən məşhuru və adını çox eşitdiyimiz Coachella festivalıdır. 1999-cu ildən başlayaraq hər il Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Kolorado səhrasında keçirilən və ümumilikdə 10 günü əhatə edən bu festivalın ilk illərdə olan iştirakçı sayı 25.000 idi. Lakin 2017-ci il statistikasına əsasən verilən məlumata görə bu rəqəm 250.000-dir. Düşünə bilirsiniz? Sanki balaca şəhər yaratmaq kimi. Bu 250.000 insanı bu 10 gün ərzində lazım olan su, ərzaq və digər bütün ehtiyaclarla təmin etmək şərtdir. Bununla da bitmir, təbii ki, bu festivalın quraşdırılması, avadanlıqlar, lazımi ərazidə görülən tikintilər də festivalın büdcəsini dəfələrlə artırır. Lakin bunlardan əlavə ən əsas səbəb var: Musiqi. Festivallarda dünyaca məşhur müğənnilərin çıxış etdiklərini görürsünüz. Onların performanslarından əlavə avadanlıqları, komandaları da onlarla birlikdə gəlir. Bu da o deməkdir ki, festivalların büdcəsinin həqiqətən də çox böyük bir hissəsi onlara ayrılır. Yalnızca Ariana Grande 2019 Coachella festivalında 8 milyon dollar qazanmışdır. Bu da Coachella-nın biletlərinin qiymətinin nəyə görə 300-500 dollar olmasını izah edir. Təbii ki, festivalların turizmə gətirdiyi gəliri təsəvvür etmək belə mümkün deyil, bunun üçün xüsusi olaraq ayrıca danışmaq lazımdır.

Bir başqa festivala daha baxaq, Birləşmiş Krallığın ən böyük festivalı olan Glastonbury Festivalı. 49 ildir keçirilən bu festival 5 günü əhatə edir. 1979-cu ildə biletlər sadəcə 5 pound təşkil etsə də, bu qiymət artıq 248 pounddur. 2019-cu ildə iştirakçı sayının 203.500 olduğu bildirilir. 50 illiyi ilə bağlı öz tarixi ərzindəki ən möhtəşəm, ən görkəmli və ən böyük festivalın keçirilməsi planlaşdırılır. Daha da maraqlı bir fakt bilmək istəyirsiniz? 24-28 iyun 2020-ci ildə keçirilməsi gözlənilən bu festivalın 5 günündən biri üçün artıq biletlərin hamısı satılmışdır, sadəcə 4 gün qalmışdır. Hal belə olduqda onlar da 2020 festivalı üçün bilet qiymətlərini qaldıraraq 265 pound etməyə hazırlanırlar.

Ancaq qeyd etmək lazımdır ki, hər şey hər zaman o qədər də asan olmur. Bir şəhər əhalisi sayında insana festival keçirmək özü belə asan olmazkən, festivalın keçiriləcəyi günlərdə gözlənilməyən bir hava şəraiti bütün planları tamamilə poza və həmin şirkətlərə külli miqdarda maddi ziyan vura bilər. Bu zaman onlar növbəti festivala ümid bəsləyirlər, lakin artıq növbəti festival üçün öncəki festivalda yaşadıqları maddi zərəri qarşılamaq məqsədiylə bilet qiymətləri qaldırılmış olur. Gördüyünüz kimi, bizim düşünmədiyimiz və tamamilə ağlımıza belə gəlməyən o qədər incə və kiçik faktorlar var ki, halbuki, onlar milyonlarla dollar zərərə səbəb olur.

Həmçinin son illərdə festivala gedən insanlar arasında sorğu apararkən məlum olub ki, onların çoxunu musiqi maraqlandırmırmış. Festival iştirakçılarının yarısından çoxunun dediyinə əsasən onları ümumi atmosfer, qazanacaqları təcrübə və təəssüratlar maraqlandırır. Buna görə də bütün musiqi festivalları get-gedə sıxıcı və monoton bir hal almağa başlayır. Hal belə olduqda daha kreativ və iştirakçılara daha çox maraqlı təcrübələr qazandıracaq festivallar düşünülməyə başlanılır. Məsələn, Boomtown festivalı. Aralarında ən gənci olan, sadəcə 10 il bundan öncə Birləşmiş Krallıqda keçirilməyə başlanan və 5 günü əhatə edən bu festival unikallığı ilə digərlərindən həqiqətən də çox fərqlənir. 2019-cu ildə keçirilən zaman Boomtown 2000 aktyorla razılığa gələrək bir şou yaratmaq qərarına gəlmişdi və festival bütün 5 gün ərzində 110 fərqli məkanda keçirilmişdi. Bütün bu yeniliklər, unikal dizaynlar, 2000 aktyorun hər birinin performansının ödənilməsi, 110 məkanın quraşdırılması bu festivalın necə böyük bir büdcə tələb etdiyini göstərir. Bu da təbii ki, bilet qiymətlərinə təsirsiz ötüşməyəcəkdi.

Dünyaca məşhur olan və 2018-ci il statistikalarına əsasən 2 həftə ərzində 400.000 iştirakçıya ev sahibliyi etmiş bir başqa festival da Tomorrowland festivalıdır. Fərqliliyi, rəngarəngliyi və böyük kütləsi ilə diqqətləri üzərinə çəkən bu festival 2005-ci ildən etibarən hər il Belçikada keçirilir. 2005-ci ilin əsas səhnə ölçüsü bu gün festivaldakı ən kiçik səhnədən belə daha kiçikdir. İlk dəfə 2014-də festivalın 10 illiyi qeyd olunarkən müddət 2 həftəyə qədər uzadıldı, elə o ildən etibarən də bu daimi bir ənənəyə çevrilərək indiyə qədər hər il 2 həftə olaraq keçirilməyə başlanıldı. İnanmaq çətin də olsa, eyni festival 2005-ci ildə cəmi 9.000 iştirakçı ilə başlayaraq bu gün rəqəmi qat-qat artıraraq halüqələr yaradır. Özünə xas unikal atmosferi və sanki ayrı bir dünya yaratması qonaqlarına inanılmaz anlar yaşadır. Bu da tam olaraq onların istədiyi qeyri-adi təcrübədir!

Çılğınlıqlar bununla da bitmir, iştirakçılara həqiqətən də unudulmayacaq anlar yaşadaraq ömür boyu unudulmayacaq qiymətə bilet aldıran, dünyanın ən bahalı festivalı kimi tanınan, İslandiyanın Reykyavik şəhərində keçirilən 4 günlük The Secret Solstice festivalının biletinin qiyməti isə 1 milyon dollardır! Bəli, bəli, 1 milyon dollar! Hər il iyun ayında burada "gecə yarısı günəşi" adlanan bir arktik fenomen səbəbiylə 96 saat fasiləsiz gündüz işığı müşahidə olunur. Buraya bilet alaraq siz və 5 dostunuz sizin üçün olan özəl jetdə İsland aşpazlar tərəfindən hazırlanan dəbdəbəli və ləzzətli təamları dadaraq festivala səyahət edəcəksiniz. Uçuş zamanı sizin şəhərin gözoxşayan yerlərini görməniz üçün hər cür imkan yaradılacaq. Sonra da bu bir neçə günü yaşamağınız üçün son dərəcə luks qonaqlama yeriniz olacaq. Sizə və dostlarınıza məşhur biri tərəfindən qurulacaq özəl partidən bəhs etmirik belə! İştirakçılar həmçinin 5000 illik qədim lava tunelini və Avropanın ikinci böyük buzlağının içərisindəki bir partiyadan zövq alaraq İslandiyanın təbii gözəlliklərini də görə bilərlər. Qonaqlar festivalda tam rahatlıqla əylənmək üçün Wi-Fi, elektrik enerjisi və pulsuz hava paketi də daxil olmaqla özləri ilə tam təchiz edilmiş və xidmət olunan butik festival çadırını əldə edəcəklər. Burada təqdim olunan bütün yeməklər və içkilər, o cümlədən hiper-premium içkilər, mükəmməl kokteyllər də xidmətə daxildir. Həmçinin festival zamanı səhnə arxasına giriş də təmin olunur. Burada yalnızca 1 ədəd 1 milyonluq bilet olur və bunu alan həmçinin xüsusi vertolyot turuna da haqq qazanır. Bundan əlavə burada fərqli xidmətləri irəli sürən 2 paket də vardır ki, onlar: The Package of the Gods (Tanrıların paketi) və The Oðinn package (Oðinn paketi) adlanır. Nəhayət, əgər siz bu festivalda iştirak etmək istəsəniz biletlər 215 dollardan başlayır.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.