Daxil olQeydiyyat

ŞAKELTON EKSPEDİSİYASININ 100 İLLİK ƏFSANƏSİ

AVQUST 2019, 20 226 Coşqun Kərimov
ŞAKELTON EKSPEDİSİYASININ 100 İLLİK ƏFSANƏSİ

1912-ci ildə ingilis qəzetlərindən birində qəribə iş elanı dərc olunur:

“Təhlükəli səyahətə qatılmaq üçün adam axtarılır. Maaş azdır. Soyuq olacaq. Uzun müddət qaranlıq olacaq. Sağ-salamat şəkildə geri qayıtmaq ehtimalı azdır. Səyahət uğurlu olduğu təqdirdə mükafatınız şərəf və tanınmış olmaq olacaq.”

Maraqlısı odur ki, bu səyahətə 5000 nəfər qatılmaq istəyir və 26 nəfər seçilir. Ümumi sayı 27 nəfər olan bu komanda “şərəf və tanınmışlıq” mükafatını da əldə edir. Söhbət Ernest Şakelton adlı səyyahın təşkil etdiyi Endurance adlı ekspedisiyadan gedir.  

Adətən gəmi öz adının taleyini yaşayır. Endurance sözü ingilis dilindən tərcümədə dözüm və iradə sözlərini ifadə edir. Bu gəmi okean küləyinin, dalğalarının, buzlarının sərt üzünü görən sayılı gəmilərdən biridir.  

Qütblərin fəthi uğrunda gedən Skot-Amundsen mübarizəsi Şakeltonun ekspedisiyasıyla yekun mərhələyə çatacaqdı.

Amundsen mübarizədə qalib gəldi. Skot və komandası finiş xəttinə ilk çatmış Norveçlini görən kimi sarsıldı. Geri qayıtmaq üçün mənəvi və fiziki taqətləri qalmadı. Həmin il İngiltərədə matəm elan olundu. Hər kəs elə bilirdi ki, Skotla birlikdə Cənub Qütbünə yürüş etmək ehtimalı əldən getdi. Ernest Şakelton belə düşünmürdü. O, inanırdı ki, ayaqla qütbün içində yürüş edib sonuncu mümkün ekspedisiyanı tamamlamış olacaq.

Endurance ekspedisiyası üçün 2 il hazırlıq işləri görüldü. Şakelton 50.000 funtluq maliyyəni də tapmışdı. Veddel və Ross dənizlərinə üzəcək iki gəmisi, Argentinada onu gözləyən 50+ ekspedisiya iti hazır vəziyyət gözləyirdi.

Şakelton sahildən ayrılmaq üzərə olanda 1-ci dünya müharibəsi başladı. İngilis rəsmilərinə şəxsi heyətiylə könüllü şəkildə kömək etmək istəyən Şakeltona “sən səyahətə çıx” əmri verildi. Kapitan və onun 26 nəfəri dünyanın ən unudulmaz səyahətlərindən birinə çıxmış oldu.

Səyahəti gözəl edən nədir? Geri qayıdıb gördüklərini, yaşadıqlarını və hiss etdiklərini paylaşa bilmək ümididir. Endurance gəmisində yola çıxan komanda evə qayıtmaq üçün düz 2 il gözləməli oldu. Ekspedisiya yaxşı başlasa da yolun sonuna yarım gün qalmış gəmi buz tələsinə düşdü. Aylarla buz içində qalan və küləklə geriyə qayıdan gəmi nəticədə qırıldı və tələf oldu. Şakelton vəziyyətin nə qədər çətin olduğunu bilirdi. Buna baxmayaraq buz parçalarının üstündə aylarla yaşamalı olan komandada ruh yüksəkliyini qorumağı bacardı. Buz parçası üstündə futbol çempionatı təşkil edildi. İtlərlə xizək yarışları edildi. Musiqi, teatr, söhbətlər və ümid ab-havası buzlu qütbün təkəbbürünə meydan oxuyurdu.

Şakelton təslim olmadı. 15 ay buz üstündə gözləməli olan komanda 3 qayıqla qurtuluş cəhdini planladı. Maraqlıdır ki, bu buz ərazinin adını “səbr kampı” qoyublar.

Şakelton ən təhlükəli addımı atmalı oldu. O, bir neçə yoldaşıyla Ceyms Kayrd adlı qayığı götürüb Cənubi Corciya tərəfə 1200 km-lik yolu qət etdi. Sahilə çatanda onu qarşılayan Norveç rəsmiləri gözlərinə inanmırdı. Hamının ölmüş bildiyi adamlar sağ idi. Şakelton istirahət edə bilməzdi. Xilas ediləcəyi günü gözləyən komanda yoldaşları hələ də kapitanın yolunu gözləyirdi.

30 avqust 1916-cı ildə, Yelko adlı Çili hökümətinə aid olan gəmi Fil adasına, bu adada gözləyən Endurance şəxsi heyətinə tərəf gəlib çatdı. Gəmi göyərtəsində dayanan Şakelton və sahildə dayanıb onu görən komandası sevinirdi. Onlar qütbü fəth edə bilməmişdi.

Dünya müharibəsi bu möcüzəvi qayıdış hekayəsini kölgədə qoydu.

Zaman keçdikdə daha çox insan bu hekayəni eşitməyə, paylaşmağa başladı. İnsan iradəsi, dözümü və səbri haqqında yazılmış ən gözəl kitablardan biri məhz Alfred Lansinq adlı jurnalistə məxsusdur. Şakelton və ekspedisiyanın detalları, səyyahların şəkilləri, xatirələri, gəminin görüntüləri sizi 100 il əvvəl baş vermiş səyahətə götürəcək. Bu adamlarla birgə donacaq, qaranlıq yaşayacaq və kapitanın gəldiyi günü görəcəksiniz. Endurance adlı əfsanəni canlı olaraq yaşamaq istəyənlər, İrlandiyanın Kildeyr əyalətində yerləşən Şakelton muzeyini ziyarət edə bilər. 

Səyyahların forumlarından birində cənab Reymond Pristli demişdir:

“Elmi kəşf üçün mənə Skotu verin, səyahətin sürətli və effektiv olması üçün mənə Amundseni gətirin. Əgər çıxılmaz vəziyyətdə qalsanız, ümidiniz azalsa, dizlərinizi yerə qoyub Şakeltonun gəlməsi üçün dua edin.”