Daxil olQeydiyyat

CƏSARƏTLİ OLUB, FƏRQLİ YEMƏKLƏR DADIN!

OKTYABR 23, 2019 3 dəq. oxu
CƏSARƏTLİ OLUB, FƏRQLİ YEMƏKLƏR DADIN!
Bu yazıda gerçək fakt və hadisələrə söykənən iştah öldürücü qida və yemək adlarından istifadə olunmuşdur.

 

Bu gün kifayət qədər ləzzətli olan mövzuda ləzzətli olmayan məqamlardan bəhs edəcəm, yəni fərqli yeməklərdən. Bizə iştah öldürücü gələn, lakin onlar üçün ləzzətli yeməklərdən. Yaşadığımız ölkələr  həyatımızda bir çox şeyi həll edir. Bura qəbul etdiyimiz qidalar da daxildir. İnanclarımız bir çox şeyə təsir edir, hətta yeməklərimizə belə. Dünya mətbəxinə nəzər saldıqda bu təsirləri açıq-aşkar görə bilərik.

 

"Casu Marzu"

 

Menyumuzda ilk təklifimiz Casu Marzu olacaq. İtalyanın Sardiniya adasında qoyun südündən hazırlanan pendir növüdür. Deyə bilərsiniz ki, burada qəribə nə var. Qəribəsi odur ki, pendir hazırlandıqdan sonra çürüdülür və üzərində yaranmış xırda qurdlarla bərabər süfrəyə verilib, iştahla yeyilir. Deyilənlərə görə, bu balaca qurdlar pendirin üzərində “gəzməklə” kifayətlənmir, hətta bir neçə santimetr yüksəkliyə tullanaraq süfrə arxasında olanları “salamlayır” da. Turşumuş dadında olan pendir insan səhhətinə ziyan verir və mədə-bağırsaq sistemində böyük fəsadların yaranmasına səbəb olur.

 

"Escamole"

 

Kürü sevirsiniz?Bəs bu qarışqa kürüsü olsa necə?Növbəti yeməyimiz Meksika mətbəxindən olacaq. İri qarışqa yumurtalarından hazırlanır. Bir az duz, bir az istiot və göyərti əlavə edilməklə hazırlanır. Fərqli bişirilmə qaydaları ilə növləri çoxdur.Həşərat kürüsü kimi də adlanır.

 

"Bird's nest soup"

 

Çin və Asiya ölkələrində çox məşhur bir şorba növü var. Şorba quş yuvasından hazırlanır. Bəli, məhz quş yuvasından.Şorbanın hazırlanmasında, adətən, qaranquş yuvasından istifadə edilir. Bu yuvaları toplamaq heç də asan deyil. Yuvaların rənginə görə şorbanın qiyməti dəyişir və hətta, bir kasa şorbanı lüks restoranlarda 10000 dollara təklif edirlər. Yeməyin spesifik dadı yuvanın hazırlanma texnologiyasından çox asılıdır. Quş yuvası təmizləndikdən sonra qaynadılır.

 

"Fried tarantula"

 

Tarantulalar haqqında nə qədər məlumatınız var bilmirəm. Zəhərli hörümçəklər kimi tanınır eyni zamanda çox təhlükəlidirlər. Buna baxmayaraq tarantulaları bəziləri ev heyvanı kimi bəsləyir. Bəziləri də tarantulalarla bəslənir. Daha dəqiq desək, Kamboca mətbəxində tarantulalar sarımsaqlı soya sousuna batırıldıqdan sonra qızardılır.

 

"Sannokji"

 

Növbəti reseptimizdən yemək bişirməklə “arası” olmayanlar yararlana bilər. Yeməyin adı Sannokji adlanır. Hazırlama qaydası isə çox sadədir. Canlı mürəkkəb balığı vəssalam.Yemək hazırdır. Sannokji Cənubi Koreya mətbəxinə aiddir. Bu yeməyi yeyərkən ehtiyatlı olmaq lazımdır, çünki mürəkkəb balığının yapışqanlı ayaqları qida borusuna yapışa bilir.

 

"Millennium eggs - Centennial eggs"

 

Çin mətbəxinə aid yeməyin hazırlanması yüz il çəkməsə də, bu vaxt iki-üç aya qədər uzana bilir. Duz, gil və küldə ördək və ya toyuq yumurtaları saxlanıldıqdan sonra rəngi dəyişib qəhvəyi və yaşıl rəng alır. Çinlilərə görə, yemək çox ləzzətlidir. Ümumiyyətlə , Çin mətbəxində it ətindən qovurma, meymun beynindən yeməklər, hər cür həşəratdan hazırlanmış qızartmalar, içərisində canlı-canlı ilan və siçan saxlanılmış şərab və içki növləri də var.

 

"Mopane"

 

Yeməyin adı Mopane ağacından gəlir. Yox, bu yemək ağacdan hazırlanmır. Mopane ağacında yaşayan tırtıllar qurudulur və yeyilir. Bol protein mənbəyi olan tırtıllar Afrika mətbəxinə aiddir.

 

"Dishes made of crocodile meat"

 

Avstraliya və Afrika mətbəxində daha çox rast gəlinir. Timsah ətinin dadlı olduğu deyilir. Amma nəsli tükənmək təhlükəsində olan heyvanların yeyilməsi nə qədər dadlı olsa belə yol verilməzdir. Düzdür, Heyvan Haqqları Assosasiyası bəzi tədbirlər görsə də, neqativ hallar hələ də var.Xüsusilə Çində it və pişik ətinin yeyilməsi hər zaman heyvansevərlərin etirazı ilə qarşılanır. Bu gün müəyyən qədər nəticələr əldə olunsa da, tamamilə aradan qaldırılması hələki real görünmür.

  

"Balut"

 

Filippin mətbəxindən daha bir yemək təqdim etmək istəyirəm. Balut-qaynadılmış yumurta. 17 günlük döllənmiş, yəni içərisində embrion olan ördək yumurtasından hazırlanır. Düşünürəm ki, bu yemək haqqında daha artıq şərh verməyə ehtiyac yoxdur.

 

"Fugu"

 

Yaponiya mətbəxindən olan bu yemək fuqu balığından hazırlanır. Amma yeməyi hər kəs hazırlaya bilməz. Belə ki, fuqu balığı zəhərli olduğundan təmizləmə prosesində ehtiyatlı olmaq lazımdır. Fuqu balığının yalnız dişiləri zəhərli olur. Amma bəzən balıqlar iki cinsli olur və bunu ayırd edə bilmədikdə nəticəsi faciə ilə bitə bilər. Buna görə də Yaponiya höküməti məsələni nəzarətə götürüb. Yəni bu yeməyi ancaq xüsusi aşpazlar bişirə bilir. Onlar da iki il başqa usta yanında bu işi öyrəndikdən sonra lisenziya almış olurlar. Ancaq bundan sonra Fuqu yeməyini bişirmək olar. Görünür, yemək Yaponlara çox dadlı gəlir deyə, hətta hökümət belə işə qarışıb.

 

"Arroz de Cabidela"

 

Portuqaliya və Brazilyada insanların sevimli yeməkləri arasındadır. Toyuq və dovşan ətindən hazırlanır. İlk öncə ət sirkədə saxlanılır. Yeməyin bişirilməsində heyvanın qanından da istifadə olunur və düyü ilə süfrəyə verilir.

 

"Moose's nose"

 

Maral burnundan hazırlanır və Kanada mətbəxinə aiddir. Maral burnu xüsusi qaydada hazırlanır. Yemək bizim üçün qəribə səslənsə də, Kanadalılar üçün çox adi hala çevrilib.

 

"Lutefisk"

 

Skandinaviya ölkələrində ləzzətlə yeyilən balıq yeməyidir. Hazırlanma mərhələsi maraqlıdır. Köpəkbalıqlarını bir müddət qələvi maddələr içərisində saxladıqdan sonra yeyirlər. Ləzzəti bir yana, nə qədər faydalı və ziyansız olması mübahisəlidir. 

 

İştah diş altındadır deyiblər.Odur ki, cəsarətli olub fərqli yeməklər dadmağa dəyər. Nuş olsun!

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.