Daxil olQeydiyyat

XATİRƏLƏRDƏKİ KARİB

İYUL 27, 2018 2 dəq. oxu
XATİRƏLƏRDƏKİ KARİB

Bir gün "Karib adaları" filminə baxmaqdan bezib “Mən  gedirəm” dedim. Mən Cek Sərçə qədər ola bilmərəm ki?!

Fevral. 2016. Bu adalara səyahəti planlaşdırmazdan öncə, “Səyahət Menyu”mda Karibdən başqa Venesuela da var idi. Lakin ürəyimin istədiyi vaxt  Karib adasını gəzə bilməyəcəyimi nəzərə alaraq bu səyahət planını seçdim. Bu adaların təbiətini Rorayma və ya Anhelden daha gözəl olduğunu deyə bilmərəm, çünki tam fərqli bir relyefə malik təbiət nümunələrini müqayisə etmək, məncə, düzgün olmazdı. Yəqin ki əksəriyyətiniz “Karib dənizi quldurları” filminə baxmısınız. Bu filmdə mənim gəzdiyim adaların hamısı əks olunmasa da, əks olunan yerlərin nə qədər gözəl olduğunu filmə baxanlar bilir. Səyahətimi Fransa torpağı sayılan Martinika adasından başlayıb (vizanı məhz Fransanın Bakıdakı səfirliyi verir. Martinika üçün əvvəldən hansı vizanın alınmalı olduğunu bilmirdim, Pickvisa.com şirkəti bu məsələdə dəstək oldu) ümumilikdə 8 Karib adasını gəzdim. Martinik, Bekvi, Sent Lusiya, Sent Vinsent və Qrenadin, Yunion, Mustik və ən sonda mənə görə aralarında ən gözəli- Tobaqo Keys. Fərqli dəniz sahillərinə, fərqli relyefə və landşaftlara malik olan bu adalarda istirahət, əsasən, yaxtalarla təşkil edilir. Adalara getməyin bir neçə yolu var. Mən Bakı-Kiyev-Paris-Martinika-Paris-Kiyev-Bakı hava marşrutu ilə getdim, 14 saata yaxın bir uçuş oldu. Martinikadan digər adalara ya yaxtalarla, ya da yerli hava yolları vasitəsilə keçmək olar.  Adaların arasıyca yaxta ilə gəzinti, xeyli dalğaları olan dənizdə yatmaq ən yaxşı seçim deyildi. Əgər siz yaxta ilə səyahəti planlayırsınızsa, ürək bulantıları və yuxusuzluğa hazır olmalısınız. Lakin məhz Karib dənizi adalarının əsrarəngiz gözəlliyi, ulduzlu gecələrini kəşf etmək, fərqli səyahət yaşamaq istəyirsinizsə, Karib günlərini mütləq yaşamalısınız.

 

"MƏN ƏVVƏLLƏR BOTANİKA BAĞLARINI SEVMİRDİM."

 

Səyahətə yuxarıda qeyd etdiyim kimi bu adalar arasında daha çox inkişaf etmiş və infrastrukturun çox olduğu Martinikdən başladım. Ada kifayət qədər böyükdür. Restoran və otellər digər adalara nisbətən gözəçarpacaq dərəcədə çoxdur. Botanik bağlarını sevməsəm də, bu adada olan bağa heyran oldum. Daha sonra Sent Lusiyaya getdik. Adanın Sufrier şəhərciyində dünyada kraterinə avtomobil ilə gedə biləcəyiniz yeganə vulkan yerləşir. Qeyd olunmalıdır ki, fransız müstəmləkəsi dövründə bu kiçik şəhər vulkan püskürməsi nəticəsində məhv olmuşdu. Dünyada çox güman yeganə paytaxtdır ki, bu cür məhvdən sonra demək olar eyni formada adanın başqa bir hissəsinə köçürülmüşdür. Növbəti adalar bir-birinə çox yaxın olan Sent Vinsent və Qrenadin adaları idi. Buralar “Karib dənizi quldurları”nın əksər dekorasiyalarının yerləşdiyi və  kapitan Cek Sərçənin (Conni Depp) edam olunduğu yerlər idi. Növbəti 4 ada Bekvi, Mustik və Yunion və Tobako Keys idi. Balaca olmalarına və nə hotel nə də restoranların olmamasına baxmayaraq, onlar xeyyli sayda turist cəlb edə bilirlər (əgər demək olarsa, orada balaca bir  restoran var idi). Sonuncu ada mavi körfəz sularına və əsrarəngiz sahillərə malik bir ada idi. Bu adaların hamısı (Martinik və Tobaqo Keys xaric) demək olar ki, ölkə statusu daşıyır və hər birinin ayrı-ayrılıqda bayrağı var.  Viza möhürü yalnız Sent Vinsent adasında vuruldu. Digər adalarda buna ehtiyac olmadı. Yuxarıda qeyd etdiyim kimi, bu səyahətin yorucu hissəsi yalnız adalar arasında olan dəniz keçidləri idi. 6-8 saat aralığında olan dəniz keçidləri adamı yorsa da, sonda adaya çatdığınızda gördüyünüz əvəzolunmaz gözəlliklər qısa zamanda yorğunluğu yox edir.

 

GECİKMİŞ QƏRAR

 

Son olaraq qeyd etmək istəyirəm ki, 2014-cu ildən səyahət edirəm. Hər səyahətimdən sonra sanki 2014-cü ilə qədər yaşamadığımı və sadəcə günü-günə calayıb hər birini demək olar ki, eyni formada keçirdiyimi başa düşdüm. Həyata bir dəfə gəldiyimizə görə bu ömürdən sadəcə nəfəs almaq üçün yox, arzuları plana çevirmək və bu planları həyata keçirmək üçün istifadə etmək vacibdir.

 

Hamıya limitsiz səyahətlər diləyi ilə!

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.