Daxil olQeydiyyat

Bu ölkələrdə bunları etmək olmaz...

YANVAR 21, 2020 6 dəq. oxu
Bu ölkələrdə bunları etmək olmaz...

 Dünyada çoxlu sayda qadağalar mövcuddur. Bir çox qadağalar bütün cəmiyyətlər üçün eyni dərəcədə vacibdir. Bəzən insanların birgə yaşayışının mümkünlüyü də bunlardan asılıdır. Lakin bəzi qadağalar var ki, onlar yalnız hər hansısa bir cəmiyyətə məxsusdur. Bu tip qadağalar müxtəlif xalqların adət ənənələrindən, dünyagörüşündən, dini inanclarından, tarixi hadisələrdən və s. irəli gələ bilər.

Səyahət həvəsi sizi dünyanın müxtəlif ölkələrinə aparıb çıxara bilər. Odur ki, bu bloqda yalnız müəyyən ölkələrə məxsus qadağalar haqqında yazmaq qərarına gəldim. Bu arada, unutmayın ki, yalnız müxtəlif ölkələrə məxsus qadağalar bəzən qanunla tənzimlənən, bəzən isə sadəcə cəmiyyətdə özünü göstərən qadağalar ola bilər. Bu qadağaları pozmaq isə sizin üçün səyahət zamanı əlavə problemlər yarada bilər. Təbii ki, bu tip qadağalar dünyanın hər bir ölkəsində var. Gəlin bunlardan ən maraqlı, bəzən isə qəribə və ən çox bilməli olduqlarınıza nəzər salaq.  

 Qısacası, unutmayın ki bu ölkələrdə bunları etmək olmaz...

 

Hindistan

Küçədə qucaqlaşmaq və ya öpüşmək olmaz. Hindistanlılar mühafizəkardırlar, kişi və qadın arasındakı sevgi münasibətlərinin ictimai təzahürlərini sevmirlər. Hindistanda ən çoxu kimlərisə parkda və s. əl-ələ tunan görə bilərsiniz. Əl-ələ tunan demişkən, Hindistanda sadəcə dostcasına kişilərin əl-ələ tutub gəzdiyini tez-tez görə bilərsiniz ki, buna da təəccüblənməyin.

 Çalışın sol əl ilə heç kimə heç nə uzatmayın. Sol əl təmizlənmək üçün istifadə olunur və murdar sayılır. Pulları və xüsusilə yeməkləri də daxil olmaqla sol əlinizlə əşyaları Hindistanlılara ötürməyin. Əllərinizi qarışdırdığınız təqdirdə bəziləri sizdən bir şey almaqdan imtina edə bilər. Bundan əlavə, Hindistan sakinləri sağ əlləri ilə ayaqqabılara toxunmamağa çalışırlar: ənənəyə görə sağ əl yemək üçün nəzərdə tutulub.

 Qadınlar, çalışın Hindistanda başqalarının sizi görə biləcəyi yerlərdə siqaret çəkməyin. Hindistanda siqaret çəkmək, xüsusilə qadınlar üçün bir tabudur. Çöldə siqaret çəkməməyə çalışın, əks təqdirdə əxlaqsızlıqda ittiham olunma riskiniz var. Eyni zamanda çöldə nə qədər isti olmağına baxmayaraq açıq-saçıq geyimlər geyinmək olmaz.

 

Yaponiya

Yaponiyada "çayevoy" qoymaq qətiyyən olmaz. Burada "çayevoy"lar təhqir kimi qəbul edilir. Ofisiantların xidməti artıq hesaba daxil edilmişdir. Restoranda ofisianta və ya bir taksi sürücüsünə "çayevoy" buraxsanız, bunu nə üçün etdiyinizi ən yaxşı halda başa düşməyəcəklər, ən pis halda isə inciyəcəklər və dərhal artıq pulu götürməyinizi təklif edəcəklər.

Yaponiyada harada elektrik mənbəyi gördünüz o an istifadə etməyə çalışmayın. Elektrik mənbələrinin böyük əksəriyyəti müştərilər üçün nəzərdə tutulmayıb. Yaponların anlayışında, onlardan istifadə edərək sadəcə həyasızcasına və açıq şəkildə qurumun sahibindən elektrik enerjisini oğurlayırsan. Odur ki, əvvəlcə soruşun. İcazə versələr istifadə edə bilərsiniz.

 

Fransa

Fransada qatar stansiyalarında öpüşmək qadağandır. Parisi ənənəvi olaraq sevgi şəhəri Fransanı ən romantik ölkə adlandırmaq olar. Kim düşünərdi ki, bu vəziyyətdə sevgililərə qatar stansiyalarının platformasında öpüşmək qadağandır? İlk baxışdan olduqca qəribə bir qanun, 110 il əvvəl 1910-cu ildə qəbul olunub. Bu qanunun qəbul olunmasına əsas səbəb daim öpüşən cütlüklərin tez-tez qatarların hərəkətini gecikdirmələri olub. Çünki, əvvəllər anlayışlı sürücülər sərnişinlərin öpüşməsini gözləyirdilər. Rəsmi şəkildə bu gün də tətbiq olunmasına baxmayaraq, platformanın ortasında öpüşsəz, heç kim sizə heç nə deməyəcək və cəza da verilməyəcək. Lakin unutmayın ki, artıq əvvəllər olduğu kimi heç bir qatar sizi gözləməyəcəkdir.

Fransızlarla söhbətə İngilis dilində başlamayın. Fransaya gedirsinizsə, fransız dilində ən azı bir neçə cümlə öyrənməyiniz daha yaxşıdır. Yerlilər ingilis dilli turistləri sevmirlər desək, yanılmarıq.

7 gün 24 saat çalışan mağaza axtarmayın. Fransada belə bir mağaza fövqəladə bir hadisədir. Burada bir çox mağaza hətta 12:00-dan 14:00-a qədər nahar fasiləsi ilə fəaliyyət göstərir. Bazar və bayram günlərində əksər mağazalar tamamilə bağlanır. Ümumiyyətlə, Fransada bazar günü alış-veriş etməkdən mütləq imtina etməyə dəyər – çünki bütün mağazalar bağlı olur. İstisnalar yalnız böyük şəhərlərdə suvenir mağazalarıdır.

 

Böyük Britaniya

Unutmayın ki, bir yerə növbəsiz keçsəniz ingilislər bunu sizə bağışlamaz! Üstəlik, "növbə"-ni onlar özlərinə məxsus anlayırlar. Bir İngilis üçün növbə qaydalarını pozmaq əsl təhqirdir. Buna görə, İngiltərədə heç vaxt növbəsiz keçməyə çalışmayın. Təsadüfən belə bunu etməmək üçün diqqətli olun. Hətta tələssəniz belə, ingilislərdən hər hansı bir növbədə önə keçməyi xahiş etməyin. Növbədə son dərəcə ədalətli olmağa çalışın! Məsələn, bir mağazada əlavə bir kassa açılırsa, növbədən çıxıb ora getmək də yaxşı qarşılanmır.

Heç kimdən maaşı soruşmayın. İngiltərədə əmək haqqı ilə bağlı sual o qədər də yersiz sayılmır, lakin sadəcə soruşulmur.

İngiltərədə maşın sürmək istəsəz əvvəl yaxşıca düşünün. Əgər Siz Avstraliya, Yaponiya, Sinqapur, CAR və Hindistandan gəlməmisinizsə, çox günanki, sol istiqamətdə hərəkət üzrə təcrübəniz yoxdur. Soldan sürməyə alışmaq çətin deyil, amma əvvəllər bunu etməmisinizsə, yolun ortasında öyrənməyə çalışmayın. Şəhər sürücüləri çox səbirsizdirlər. Ölkənin, demək olar ki, bütün böyük şəhərlərində bu sizin üçün çox təhlükəli ola bilər.

 

 ABŞ

ABŞ-da "çayevoy" qoymağı unutmayın. Yaponiyadan fərqli olaraq ABŞ-da "çayevoy" qoymaq özü bir mədəniyyətdir. "Çayevoy"ların miqdarı həmişə fərqlidir, lakin ümumiyyətlə xidmətin dəyərinin 18% -ni təşkil edir. Ancaq, bu faiz durmadan artır. "Çayevoy" verməyən adam kobud hesab olunur və amerikalılara görə kobudluq günahdır.

Terrorizm haqqında zarafat etməyin. Terrorizm Amerikada əsla zarafat deyil, çünki çox həssas bir məsələdir. Əgər bu haqda zarafat etməyə qalxsaz sizə qarşı ciddi ittihamlar irəli sürülə bilər və hətta Amerikadan qovula bilərsiniz. Eyni zamanda amerikan patriotizmi və din haqqında zaraftlardan da çəkinməniz məsləhətdir.

 

Almaniya

Gecikməyin. Çalışın heç vaxt heç bir yerə gecikməyin. Almanlar dəqiqliyə çox önəm verdikərinə görə onlar üçün gecikmə təhqir sayıla bilər.

Əliniz cibinizdə heç kimlə danışmayın. Kobud hesab edildiyi üçün Almaniyada olduğunuz zaman əlləriniz cibinizdə danışmayın. Süfrə arxasında əllərinizi dizinizə qoymaqdansa, masanın üstünə qoymaq da adətdir. Danışmaq demişkən, çalışın nasist rejimi haqqında danışmayın. Almanlar Hitler və nasizm mövzusunda çox həssasdırlar. Buna görə də, xüsusən də yad insanlarla bu məsələni şərh və müzakirə etməkdən çəkinin.

Qabaqcadan ad gününü təbrik etməyin. Almanlar bir neçə gün qabaq və ya gecikmiş ad günü təbriklərini qəbul etməyi sevmirlər. Bəlkə də, bu da artıq milli xüsusiyyət hesab olunan dəqiqlikdən irəli gəlir.

 

Sinqapur

Sinqapurda saqqız çeynəyə bilməzsiniz. Sinqapurda ictimai yerlərdə saqqız çeynəmək qadağandır. Və bunun kiçik bir pozuntu olduğunu düşünməyin: böyük bir cərimə ala bilərsiniz. Yalnız müəyyən saqqız növlərindən tibbi səbəblərdən istifadə edə bilərsiniz. Sinqapurda saqqız çeynənilməsinə qoyulan qadağanın əsas səbəbi turistlər və yerli sakinlər tərəfindən saqqızın həddindən artıq istifadəsinin ətraf mühiti çirkləndirməsidir. Eyni zamanda Sinqapurda ictimai yerlərdə yemək də xoş qarşılanmır.

Gecələr küçələrdə gəzməyin.  Gecə Sinqapurda saat 22:00 – da başlayır. Sinqapurda gecə dostlarınızla gəzməyə qərar verərsinizsə, onda yalnız iki nəfər olduğunuzdan əmin olun və bacardığınız qədər tez geri dönün. Əks təqdirdə, şəxsiyyətinizi təsdiqləmək üçün polis bölməsinə aparılma və ya cərimə olunma təhlükəsi ilə üzləşə bilərsiniz. Çünki Sinqapurda 22:00-dan sonra iki nəfərdən çox adamın toplanması rəsmi olaraq qadağandır.

Çayevoy" qoymayın.  Sinqapurda bütün növ xidmətlər "çayevoy"-suz işləyir. Kafe və ya restoranda yemək çox dadlı olsa belə, əlavə pul ilə təşəkkür etməyə çalışmayın. Taksi sürücüləri və hava limanının işçiləri üçün, ümumiyyətlə rəsmi qaydada "çayevoy" qadağandır (baxmayaraq ki, bəzi otellərdə və kafelərdə bəzən göstərilən xidmətin 10% birbaşa xidmətə əlavə olunur). Bir versiyaya görə, "çayevoy"lar xidmət sahəsində rüşvət kimi qəbul edilməyə başlandığından bu qayda korrupsiyaya qarşı effektiv mübarizə kimi qiymətləndirilir. Başqa bir səbəb isə odur ki, ölkədə yaşayış səviyyəsi çox yüksəkdir və kifayət qədər böyük əmək haqqı səbəbiylə ölkədə “çayavoy” mədəniyyəti yoxdur.

 

Çin

Ev sahibini incitmək istəmirsinizsə boşqabda mütləq bir az yemək saxlayın. Çində hər hansı bir evdə qonaq olsaz, unutmayın ki burada yeməkdən sonra boşqabda bir az yemək saxlama ənənəsi var. Ancaq boşqabda çox yemək saxlamanıza ehtiyac yoxdur, çünki bu halda ev sahibi yeməyin dadını qiymətləndirmədiyinizi düşünə bilər.

Çalışın yerli hakimiyyət haqqında danışmayın. Yerli hakimiyyət orqanları haqqında deyilən hər hansı bir tənqid və ya açıqlama, Çindən deportasiya edilməyinizə səbəb ola bilər. Çin hakimiyyəti, əksər Avropa hakimiyyət orqanlarından fərqli olaraq, zarafatla söylənilsə belə, hər hansı bir tənqidə dözmür.

Çindən bahalı alışqan gətirməyin. Çünki geri qayıdanda onu sizdən mütləq alacaqlar. Çindən təyyarə ilə hara uçmağınızdan asılı olmayarq alışqan və açıq atəş almaq üçün başqa vasitələr təyyarədə aparıla bilməz. Alışqanı nə əl yükündə nə də baqajda aparmaq olar. Bu bir çox hallarda tranzit uçuşlar üçün də keçərlidir.

Çində heç kimə saat və ya çətir hədiyyə etməyin. Çinlilər hədiyyə verməyi və almağı çox sevirlər. Lakin bəzi hədiyyələr var ki, onları bir çinliyə verməyiniz doğru deyil. Ən sevilməyən hədiyyələrdən biri çətirdir. Çünki çin dilindəki "çətir" sözü "ayrılma" sözü ilə həmahəngdir. Digər heç sevilməyən bir hədiyyə isə saatlardır. Bu həm qol saatları, həm də divar saatlarına aiddir. Çin dilində "saat vermək" ifadəsi "cənazəyə getmək" ilə eyni səslənir, buna görə belə bir hədiyyənin uğursuzluq vəd etdiyinə inanılır.

 

Tailand

Tailandda insanları və əşyaları barmaqla göstərməyin. Barmaqla insanlara və ya əşyalara işarə etməyi xoşlamadıqları kimi ayaqla da hər hansı bir şeyə işarə etməyi sevmirlər. Hətta bu halda çox sərt reaksiya da verə bilərlər.

Bir tailandlının başına toxunmaq qadağandır. Uşaq olsa belə, bir tailandlının başına toxunmaq qətiyyən qadağandır. Təsadüfən toxunsanız belə mütləq üzr istəməlisiniz. Tailandlıların dünyagörüşünə görə baş bədənin ən vacib hissəsi hesab olunur və ona toxuna bilməzsiniz. Tailandıları təşəkkür və ya simpatiya əlaməti olaraq qucaqlamağa da çalışmayın - şifahi təşəkkür etmək kifayətdir. Toxunmadan söz düşmüşkən, Tailandda qadınlara Buddist rahiblərinə də toxunmaq qadağandır. Ümumiyyətlə, rahiblərə hörmətlə yanaşılmalıdır. Onların yanında, stulda və ya yerdə oturmağınızdan asılı olmayaraq ayağı ayağın üzərinə aşırıb oturmaq ədəbsizlik sayılır.

 

Meksika

Sizə "mənim çiçəyim" deyildikdə etiraz etməyin. Unutmayın, siz meksikalıları dəyişə bilməyəcəksiniz. Neçə yaşında, gözəl və ya çirkin, qadın və ya kişi olmağınızdan asılı olmayarq ünvanınıza “çiçəyim”, “ürəyim”, “sevgim” və ya daha müxtəlif müraciətləri tez-tez eşidəcəksiniz. Hər zaman və hər yerdə bu tip müraciətlərə rast gələcəksiniz. Mağazada, restoranda, küçədə və hətta muzeylər də belə sizə bu şəkildə müraciət edən tapılacaq. Bunu xoş qarşılayın və qəzəblənməyin.

Tanımadığınız adamların ilk görüşdə belə sizi qucaqlamasından qıcıqlanmayın. Təsadüfən tanışlıq və dərhal qucaqlaşmaq? Bəli, Tailanddan fərqli olaraq Meksikada bu adi haldır. Şəxsi məkan anlayışını unutsanız çox gözəl olar. Meksikada hər kəs özünü bir-birinə yaxın dost kimi aparır.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.