Daxil olQeydiyyat

XATİRƏLƏRİ DADLI EDƏN SƏBƏB

AVQUST 20, 2019 2 dəq. oxu
XATİRƏLƏRİ DADLI EDƏN SƏBƏB

Yaşadığımız təcrübələr yediyimiz yeməyin dadına birbaşa təsir edir. Nə yedimiz qədər, harada, kiminlə və hansı şəkildə yediyimiz də vacibdir. Hətta son illər ikinci birincidən daha vacib olmağa başlayıb. Yeməklə bağlı xatirələrinizə qayıdın? Söhbət ananız və ya nənənizin bişirdiyi, uşaqlıq illərinin xüsusi dadlarından getmir. Səyahət etdiyiniz ölkələrdə olan dadlı xatirələrinizə qayıdın.

Uzaq sahillərdə yaşadığım ilk təsirli xatirəni Mentenlər ailəsiylə yaşamışam. Sizi özümlə 17 il əvvələ Denver, Koloradoya aparmaq istəyirəm.

Bir il ərzində məni öz evlərində qonaq edəcək Cef və Paula Menten yemək yeməyi, daha dəqiq desək yeni dadları kəşf etməyi sevirdi. Onların yaşadığı 2 mərtəbəli evin yuxarı mərtəbəsində sırf yemək reseptlərinə aid olan 1000-dən çox kitab var idi. Azərbaycan mətbəxiylə bağlı kitab da onların rəflərində özünə yer tapdı. Mentenlərin 12 illik vegetariyan olması mənim kimi ət yeməyi sevən birinə çoxlu maneələr yaşada bilərdi. Əksi oldu. Bu ailənin hesabına Amerikada dada biləcəyim ən maraqlı və ən dadlı steyk məkanlarından birini kəşf etdim.

Bir dəfə Cef mənə “rəsmi geyin vacib yerə gedəcəyik” dedi. İllərlə lisey oxumuş uşaq üçün rəsmi sözü qalstuk siqnalıyla birlikdə gəlirdi. Onlardan bir qalstuk istədim. Cef gülə-gülə mənə qarderobunda olan ən qəribə qalstukunu verdi. Onun üzündə olan bu həyəcan dolu gülüşü başa düşmürdüm. Axşam hər şeyi başa düşəcəkdim.

Denverin “Texas Steyk Evi” adlı məkanın gəldik. Məkan girişində məni görən işçilər qalstukuma baxıb pıçıldamağa başladı. Onların da üzündə Cefin gülüşündən var idi. Steyk Evin-də bizə ayrılan masaya yaxınlaşmaq üçün 10 addımlıq məsafə qalırdı. Bizə tərəf gələn 4 ofisiantı gördük. Birinin əlində iri qayçı var idi. Adam mənə yaxınlaşıb, məkanda hərkəsin eşidə biləcəyi şəkildə “evimizdə rəsmi geyinən biri var” dedi.  Həyatımda utandığım çox anlar olub. Bu anı isə heç unutmuram. Başqa ölkədə, tanımadığım insanların içində, “rəsmi geyinən biri” olmuşdum. Məkanda oturan hərkəs mənə baxırdı. Hərkəsin üz ifadəsində Cefdə gördüyüm eyni qəribə gülüşdən görürdüm.

“Rəsmi geyinənləri bizim evdə necə qarşılayırıq” sualı ilə məkanda oturanları nərilti səslərini eşitdim. “Qayçı! Qayçı! Qayçı!”

Əlində qayçı olan ofisiant mənə tam yaxınlaşıb, qalstukumu yarısını qayçıladı. Kubok kimi əlinə götürüb məkanda oturan hərkəsə göstərdi. Daha sonra məkanın “qalstuk divarından” asdı. Cef çiynimə əlini qoyub “sən də bizimki oldun” dedi. Qalstuk divarında onlarla ölkədən gələn xarici qonağın qalstukları asılmışdı. Məkanda oturanların “sən də bizim evin adamı oldun” deməsi və alqışlarıyla masamıza oturduq. Yaşadıqlarım və hisslərim qəribə həyəcan verdi. Sifariş etdiyim steykin dadının tam olması üçün lazım olan bu həyəcan imiş. Onu “evin yeni gəlmiş adamı” kimi yedim. İştahla, həvəslə və qalstuksuz şəkildə. Həmin axşam mənim də üzümdə Cefin üzündə olan gülüşdən yarandı.

İllər sonra qalstuk geyinən zaman bu hadisəni xatırlayaraq gülürəm. Bugünə kimi yediyim steyklərin heç biri eyni dadı vermir.

Yeməkləri dadlı edən onların təqdim edilmə şəkli və sizə yaşadılan təcrübələrdir. Bugün dünyanın müxtəlif restoranları bu təcrübəni yaşatmaq üçün yarışır. Sizə sadəcə təam verilmir. Unuda bilməyəcəyiniz xatirələr yaşadılır.

Mən əminəm ki, sizin də belə xatirələriniz var. Mən əminəm ki, sizdə müəyyən məkanlara məhz həmin təkrarolunmaz dad üçün qayıdırsınız. Bu barədə yazıb bizə göndərin və ən maraqlı 10 xatirəni bloqumuzun oxucularıyla paylaşaq. Bu xatirəylə birgə həmin günü əbədi edən fotonuzu göndərməyi də unutmayın.

Xatirələrinizi dadlı edən səbəbləriniz və səfərləriniz bol olsun!

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.