Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Vüsalə Sənəm MikayılVüsalə Sənəm Mikayıl 06 YANVAR 2020 732 views 6 dəq. oxu

Yeni dünyaya-marsa səyahət

732 views 6 dəq. oxu
uploads/blog/Travel to a  new world -  mars.jpg

Rusiyanın kosmosa ilk dəfə “Sputnik”-i göndərməsindən yarım əsrdən çox vaxt keçir. Amma, buna baxmayaraq, insanlıq bu gün kosmosu fəth etməklə qalmayıb, yeni həyat axtarışına da çıxmağa başlayıb. Soyuq müharibədən bu yana dünya nəhəngləri- ABŞ, Çin, Rusiya, Yaponiya və hətta Hindistanın belə qoşulduğu bu yarış nəticəsində bir çox yeni elmi nailiyyətlər əldə olunub. Bir vaxtlar dünya üzərində yeni torpaqlar axtarışına çıxan ölkələr indi də dünyadan kənar həyat axtarışına çıxıblar.


Marsda həyat izləri
Amerika Kosmik Araşdırmalar Mərkəzinin (NASA) 2012-ci ildən bu yana həyata keçirdiyi axtarışlar nəticəsində bəzi bilgilər əldə olunub. Curiosity kəşfiyyat robotu tərəfindən planetdəki Qeyl (Gale) krateri incələnərkən 3 milyarda yaxın yaşı olan orqanik qalıqlar aşkar edildiyi iddia olunur. Bu Marsda bir zamanlar həyat olduğu iddiasını bir az daha artırır. Digər tərəfdən alimlər Marsda bitki qalıqları və fosillərinin tapılmasına ümid edirlər. Belə tapıntı həm də Marsda su qaynaqlarının olmasını sübut edəcəkdir.


Marsda metan qazı aşkarlandı
Marsda həyat olmasına dair başqa bir sübut kimi isə planetin atmosferində metan qazının aşkarlanması göstərilir. 2019-cu ilin yayında bu məsələ ilə bağlı bəzi fikirlər səslənməyə başlandı. 2012-ci ildə Marsın səthində aparılan araşdırmalar zamanı metan qazının səviyyəsinin 10 ppb olduğu bildirilsə də, bu il bu göstərici 21 ppb-yə qədər yüksəlib. Bu artışın mövsümü dəyişiklər zamanı baş verməsi bəzi suallar doğurur. Bu qaz hələ 2004-cü ildə Avropa Kosmik Agentliyi (ESA) tərəfindən aşkarlanmışdı. Bəs metan qazının aşkar edilməsi niyə bu qədər önəmlidir? Metan qazı Marsda bir zamanlar yaşamış canlıların qalıqlarının günəşin təsirilə çürəməsindən ortaya çıxmış ola bilər. Metan qazının üzvi şəkildə yaranması aşkarlanarsa, Marsda həyat əlamətlərinin tapılması bir az daha real ola bilər. Amma bu bəzi geoloji təsirlər zamanı da yarana bilər. Alimlər uzun zaman bu iki tezis üzərində baş sındırmalı oldular. Məlumdur ki, Yerdə metan qazının böyük bir hissəsi üzvi mənşəlidir. Çox az bir hissəsi isə tektonik mənşələr hesabına yaranır. Marsda necə, bu üzvi səbəblərdən yarana bilərmi? İngiltərənin Nyukasl Universitetinin Təbiət Elmləri üzrə professoru Emmal Safi- “...Metanın bioloji səbəblərdən yaranma ehtimalı var. Bəlkə bugün Marsda həyat yoxdur. Amma 4 milyard il əvvəl nəsli tükənmiş canlıların qalıqları metanın yaranmasına səbəb olan hidrokarbon fosillərinin tərkibində qala bilər”,- deyə açıqlama verdi.


Təkcə geoloji səbəblər metan qazının belə böyük artımında rol oynaya bilər?
Metan qazının mövsümlər və bölgələr üzrə artması müşahidə edilir. Qış aylarında planetdə şiddətli küləklər və qum fırtınaları baş verir. Bu zaman Mars səthi eroziyaya məruz qalır. Aşınma nəticəsində yaranan metan qazı havaya qarışır. Bu metan qazının mövsümi yaranma səbəbi kimi qəbul edilə bilər. “Scientiefic Reports” jurnalının yayımladığı araşdırma mətnində alimlər aşkar olunan metan qazının şiddətli küləklər zamanı, qayaların parçalanması zamanı ayrılması faktının gerçəklik payının az olduğunu bildirirlər.

Bölgələr üzrə artım səbəbini isə başqa təsirlər yarada bilər. Planetin müəyyən hissələrində bu qazı yaradan daha çox yataqlar olması ehtimalı var. NASA-nın Kosmik Uçuşlar Mərkəzinin əməkdaşı Pol Mahaffinin fikirləri olduqca maraqlı səslənir. Onun fikirlərinə görə, qalaktikadakı bəzi həyat əlaməti olmayan göy cisimlərində metanın heç bir bioloji səbəblər olmadan yaranması müşahidə olunur. Neptun, Uran, Yupiter, Saturn planetlərində bu qazın göstəricisi olduqca yüksəkdir. Saturnun peyki Titanda maye metan gölü var. Plutonda isə buz şəklində metan kütlələr aşkarlanıb. Günəş sistemində bu qazın çox olması məlumdur. Yerdə isə bu üzvi səbəblərdən yaranır.

Dr.Emmal Safi isə Marsda metan qazının geoloji səbəblərdən yaranması fikirlərinin heç bir əsası olmadığını bildirir və metanın bioloji səbəblərdən yarandığını ehtimal edir. Amma hələ ki, bununla bağlı heç bir sübut əldə edilməyib. Belə ki, Marsın səthində araşdırma aparan Curiosity robotunun lazer işıqları (TLS) metan qazının izotoplarının bioloji və ya geoloji səbəblərdən yarandığını təyin etməyə qadir deyil. Avropa Kosmik Agentliyinə (ESA) aid Eksomars peyki belə bir detektora (TGO) sahib olsa da, hələ heç bir nəticə əldə edə bilməyib.


Qırmızı planet “Yer”lilərin yaşaması üçün uyğundur?
Uzun zamandır elm aləmini bu sual maraqlandırır. Marsda həyat axtarışına səbəb onun Yer kürəsi ilə çox sayda oxşarlığa sahib olmasıdır. Amma unutmaq olmaz ki, bura yerdən həm də çox fərqli bir planetdir. Əvvəla, bura yerdən çox soyuqdur və qütblərdə havanın temperaturu -153°-yə qədər çatır. Günəş ətrafında yerdən daha gec fırlanır. Buna görə də, Marsdakı 1 il bizim 2 ilimizə bərabərdir. Atmosfer təbəqəsi çox nazikdir və bu da ultrabənövşəyi şüalanmanın, radiasiyanın çoxluğundan xəbər verir. Atmosferin 96%-ni karbon dioksid təşkil edir. Yerdən ölçüsünə görə kiçik olan planetə qırmızı rəngi verən dəmir tozlarıdır.

Marsın Bizim planetdən daha bir fərqli cəhəti isə maqnit sahəsinin olmamasıdır. Alimlərin fikrinə görə, 4 milyard il bundan öncə planet maqnit sahəsinə sahib olub. Amma onun nüvəsinin bilinməyən səbəblərdən daşlaşması nəticəsində maqnit sahəsi yoxa çıxıb. Bu məsələni Yer nümunəsində açıqlamağa çalışaq. Belə ki, Yer kürəsinin nüvə çəkirdəyi maye halındadır və onun ətrafında tərs istiqamətdə fırlanan və geodinamikanı təmin edən başqa bir maye çəkirdək var. Bunun sayəsində planetimizin maqnit sahəsi yaranır. Maqnit sahəsinin olması atmosferi təşkil edən qazların günəş qasırğaları(avroları-qütb işıqlarını xatırlayın) tərəfindən yayılmasının və radiasiyanın qarşısını alır. Marsda belə bir sahənin olmaması vəziyyəti olduqca çətinləşdirir. Bütün bu sadalananlar Marsın yaşanacaq yer olmadığı fikrini yaradır. Bu yaxınlarda NASA-nın Marsda süni maqnit sahəsi yaratmaq üçün müəyyən işlərə başladığı açıqlandı. Planetin müəyyən olunmuş hissəsində- L1 Lagrange Nöqtəsində quraşdırılmış maqnit sahəsi potensial günəş qasırğalarını təbii maqnit sahəsi kimi dəf edə bilər. Amma bunun nə dərəcədə uğurlu olacağı sual altındadır. Çünki yaradılmış belə bir süni sahə özü böyük radiasiya mənbəyinə çevrilə bilər.


Marsı “dünyalaşdırmaq” planları
Yer qalaktikada bütün həyat şərtlərinə malik yeganə planetdir.İnsanlar tərəfindən çox saylı təsirlərə- müharibələrə, meşə yanğınlarına, ekoloji çirklənməyə məruz qalan dünya bir çoxlarının fikirlərinə görə, bir müddətdən sonra yaşanmaz vəziyyətə düşə bilər. Belə bir təhlükənin ortaya çıxacağı məqamda insanlığın qaçıb gedə biləcəyi, sığınacaq tapa biləcəyi bir əraziyə ehtiyacı var. “Space X” şirkətinin rəhbəri İlon Maskın fikirlərinə görə bu yer Mars ola bilər. Bunun üçün əvvəlcə Marsı “dünyalaşdırmaq” (terroforming) planları həyata keçirmək lazımdır.

Mars olduqca soyuq planetdir. Marsı isitmək üçün metan qazından istifadə etmək mümkündür. Bu gün Yer kürəsində qlobal istiləşmə təhlükəsi gündən-günə artır. Belə bir istiləşmənin Marsda başlaması isə planetdə temperaturun yüksəlməsinə səbəb ola bilər. Bunun üçün Marsda bəzi partlayışlar həyat keçirilə bilər(İlon Maskın məşhur tviti bu məqamda yada düşür).


Marsda su axtarışı
Bir neçə il öncə NASA Marsın bəzi görüntülərini paylaşdı. Görüntüləri araşdıran geoloq Kolin Dundas Marsın alt qatında buz kütlələrinin olduğunu aşkar etdi. Bu kütlələrin planetin bir neçə metr dərinliyində olduğu ehtimal edilir. Marsda suyun aşkar edilməsi ümidləri daha da artırır, çünki su həyatdır. Marsın istiləşməsinin reallaşdırılması nəticəsində isə bu buz qatı əriyə və planetin rəngininin “maviləşməsi” baş verə bilər.

 

Marsa necə getmək olar?
Marsa getmək bugün olduqca çətin görünür. 55 milyon km uzaqlıqda yerləşən planetə getmək kifayət qədər böyük iqtisadi imkanlar və texnoloji nailiyyətlər tələb edir. İlon Mask isə hesab edir ki, insanlığın Marsa ayaq basması heç də uzaq deyil. O, Marsa insanlı uçuş layihələrini şərh edərkən, bəzi məqamlara belə aydınlıq gətirir:

Marsda atmosferin azlığı və yüksək təzyiq olduğu bəllidir. Cazibə qüvvəsi də Yerə nisbətən 33% təşkil edir. Əvvəlcə, belə bir şəraitdə kosmonovatların necə qalması problemi həll olunmalıdır.

Radiasiyanın çoxluğu bura gedəcək insanlarda xərçəng xəstəliyinin yaranma riskini artırır;
Su, qida, enerji təhlükəsizliyi üçün addımlar atılmalıdır;
Gərəkli avadanlıqların daşınması üçün yollar axtarılmalıdır;
Ən böyük maneə isə bura gedənlərin necə geri dönməsidir.


Əlbəttə, bu problemlər həll edildikdən sonra Marsa getmək reallaşa bilər. Daha sonra isə burada qurulacaq koloniyalardan danışmaq olar. Maska görə əvvəlcə şüşə qübbələrdə yaşanacaq, sonra isə Marsda yaşana biləcək mühit qurulacaq. “Space X” Marsa insansız uçuşun 2022-ci ildə həyata keçirilə biləcəyini açıqlayıb.


Marsa getməyin qiyməti
Elon Mask bilet qiymətinin 500 min dollar olacağını açıqladı. Daha sonra isə bu qiymətin 100 min dollara qədər enəcəyini bildirib.


NASA-nın Marsa gediş planları
NASA 2033-cü ildə Marsa insanlı uçuş həyata keçirəcəyini bildirdi.  Bunun üçün isə qəribə bir açıqlama ilə ictimaiyyətə səsləndi. Nasa insanları güldürə bilən kosmonavatlar axtarışındadır. Florida Universitetinin professoru antropoloq Cefrey Conson bunu belə izah edir: “Mars səfəri kimi gərgin səyahətlərdə məhdud məkanda uzun müddət qalmaq əsəbləri tarıma çəkir. Buna görə də, kosmik gəmidə, işlərin axsamadan irəliləməsi üçün komandanın əhvalını qaldıracaq insanlara ehtiyac var.” O belə bir qənaətə uzun müddət Antarktidada işləyən qruplar üzərində aparılan dörd illik araşdırma nəticəsində gəldiyini bildirir. Lider, axmaq, kloun, yaxşı hekayə danışa bilən, dərd ortağı kimi xarakterlərə sahib insanlar çətin vəziyyətlərdə həmişə işlərin qaydasında getməsinə nail olurlar.


İnsanlardan öncə adları gedəcək
NASA 2020-ci ilin iyulunda Marsa raket göndərməyi planlaşdırır və Marsa adını göndərmək istəyənlər üçün aksiya başlatdı. Belə ki, Marsa göndərilən raketlə insanların özünü də olmasa, heç olmasa adını planetə aparmaq istəyir. Dünyadan milyonlarla insan bu aksiyaya qoşularaq qırmızı planetə adını göndərmək üçün qurumun saytında qeydiyyat keçdi.

Mars 2020 proqramında NASA bir çox qaranlıq məqama aydınlıq gətirmək niyyətindədir. İlk olaraq, Marsın səthindən torpaq nümunələri toplanacaq. Həmçinin, planetdə dayanıqlı atmosfer yarada bilmək üçün sınaqlar da aparılacaq. Bu araşdırmalar insanların Marsa səfəri zamanı ortaya çıxa biləcək çətinlikləri aradan qaldırmağa yönələcək. Digər addımlar arasında həyat izləri axtarmaq da var.


Bəşər çoxplanetli yaşama keçid etməyə hazırdır?
İnsanlıq Marsda həyat izlərinə hər gün bir az daha yaxınlaşır. Bəşər övladının isə çoxplanetli yaşam tərzinə nə dərəcədə hazır olması mübahisəlidir. NASA-nın Kosmos Elmləri üzrə direktoru Cim Qrin Marsda həyat izləri aşkarlamağa çox yaxın olduqlarını bildirir. “The Telegraph” qəzetinə müsahibəsində alim insanlığın buna hələ hazır olmadığı üçün narahat olduğunu bildirdi. Narahatlığını isə bir zamanlar N.Kopernikin insanlara yerin günəş ətrafında fırlanmasını necə çətinliklə sübut etdiyini misal gətirərək izah edir.  


Mars gediləcək son planet deyil!
Günəş sistemində Mars gediləcək son yer deyil. Yaşayış üçün ən uyğun göy cisimi kimi Yupiterin peyki Avropa göstərilir. Burada dünyada olandan da artıq su qaynaqları var. Saturn planetinin peyki Enkladusun da siyahıda adı var. Saturnun digər planeti Titan da yaşam üçün əlverişli yer kimi təqdim olunur. Burada göllər və atmosfer təbəqəsi var.


Dünyadan getmək əvəzinə onu qorumaq...
Müasir dövrdə əldə olunan texnoloji nailiyyətlər sərhədlərimizi genişləndirmək üçün olduqca geniş imkanlar yaradır. Əlbəttə, bunlar sevindiricidir. İnsanlığın tərəqqidə belə bir mərhələyə çatması və bu istiqamətdə gündən-günə daha çox yol qət etməsi hələ gələcəkdə başqa uğurların əldə olunacağından xəbər verir. Yad planetlərdə “yadplanetlilərə” qonşu olmaq həvəsi, çox planetli yaşam tərzinə keçid və s. bu kimi yenilik axtarışına çıxan bizlər bir az dünyadan bezmiş təəssüratı yaradırıq. Bir çox elm adamları baş verə biləcək astreoid toqquşması təhlükəsi və ya hər hansı ölümcül virusların yayılması zamanı insan nəslini qorumaq üçün gedə biləcək başqa bir yaşayış mərkəzinin olmasını vacib sayır. Axtarışların səbəbi olaraq qlobal istiləşmənin, ekoloji problemlərin artması, ozon qatının zədələnməsi də göstərilir. Unutmaq olmaz ki, bunların səbəbkarı elə biz insanlarıq və daha çox Yeri xilas etmək üçün çalışmalıyıq. Çünki, hara getsək “Yerlilər” olaraq qalacağıq və təbii olaraq, getdiyimiz məkanı dünyaya bənzədərək “Yeni Dünya” yaratmağa çalışacağıq.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

TƏRKİ-DÜNYA: İLON MASKIN KOSMİK TURLARI

Paylaş

Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Klassik və avtobioqrafik kitablar oxumaq, səyahət etmək, özünü daima inkişaf etdirmək yolunda musiqi onun ilhamlandırır. Rob Qonzalves və Salvador Dalinin rəsm əsərləri ilə maraqlanır. Yazar, araşdırmaçı-jurnalist, bloqer kimi fəaliyyəti yolunda addımları dəyərləndirir.

Bütün bloqlar