Daxil olQeydiyyat

HİNDİSTANIN BİZƏ BİLİNMƏYƏN SİRRLƏRİ

SENTYABR 23, 2019 4 dəq. oxu
HİNDİSTANIN BİZƏ BİLİNMƏYƏN SİRRLƏRİ

Uzaq coğrafiyalar həmişə insanlarda maraq oyadıb.Amma Hindistanı maraqlı edən təkcə onun uzaq koordinatları deyil,zənginlik,çoxsaylı mədəniyyətlərin vəhdəti,rəngarəng adət-ənənələr,dinlər və bayramlardır.

 Bugün Hindistan öz əhalisinin sayına görə Çinlə yarışan yeganə ölkədir.Hətta bir neçə vaxta ölkədə əhalinin sayının daha da artacağı proqnozlaşdırılır.Çoxşaxəli iqtisadiyyatı və insan kapitalı olan ölkədə turistləri cəlb edən cəhətlərdən biri hind xalqının öz tarixi ənənələrini müasir yaşam tərzində hələ də əks etdirməsidir.Bu da öz növbəsində ölkəni daha mistik və cazibədar abu-havaya bürüyür.Bir tərəfdə zənginlik,dəbdəbə,göstəriş,bahalı həyat,digər tərəfdə tozlu-dumanlı küçələr,yoxsulluq,xəstəlik.Amma bunlara baxmayaraq,Hindistan bugün kosmosu fəth edən ölkələr arasındadır.Arxada qoyduğumuz 7 sentyabr tarixində ilk dəfə olaraq Ayın cənub səthinə Vikram modulunu endirmək istəsə də,təəssüf ki,uğurlu eniş edə bilmədi və yaddaşlarda daha çox İSRO(Kosmik Araşdırmalar Mərkəzi) rəhbəri Dr.Sivanın göz yaşları ilə qaldı.

 Din və xalq

Hindistanda politeist dini dünyagörüşü mövcuddur.Bunu ölkə konstitusiyası da qanuniləşdirir.Ölkənin 80%-dən çoxu induistlərdir.Buddistlər,müsəlmanlar,xristianlar və daha neçə yerli və xırda dinlər, onların qolları,keçirilən dini ayinlər,dini əfsanələr,müqəddəs şəxsiyyətlər və çoxsaylı allahlar öz əksini ölkədə hər addımbaşı olan məbədlər və bütlərdə tapır.Dinlərin təsiri insanların həyatında  böyük rola malikdir və onları həyatlarının bütün mərhələlərində izləyir.Hətta hind rəqsləri belə ibadətin bir növü sayılır.Rəqs edən ilahə Şiva rəqsin simvolu kim qəbul olunur.Məlumdur ki,klassik rəqsləri məbəd rəqqasələri tanrılar üçün oynayırdılar və hər bir rəqs hərəkəti bir mənaya malikdir. 

 Budda

Buddizmin banisi Qautama Siddhartha mənəvi yüksəlişə çatdıqdan sonra Budda(sanskritcə “oyanmış insan”) adını alaraq öz dinini yaymağa başlayır. Altı dişli filin anasına toxunması ilə dünyaya gələn Qautamanın seçilmiş biri olduğunu rahiblər hələ o doğulmazdan əvvəl atasına müjdələmişdilər.Zadəgan ailəsindən olan Qautama 29 yaşında sarayı tərk edərək həqiqət axtarışına çıxır.Onun yaratdığı dini baxış həmin vaxt hakim olan hinduizm dininin kast rejiminə qarşı idi.Odur ki,Hindistanda çox da möhkəmlənə bilməyən buddizm bugün Yaponiya,Malayziya ,Şri-Lankada daha çox yayılmışdır.Fəlsəfəsi bütün dünyaya çatan buddizmdə insanın mənəvi rahatlığı meditasiyalarla həyat keçirilir.Gözlərinizi yumun,asana vəziyyətini alın və kainata müsbət enerji göndərin.Buddizmdə karma da əsas götürülür.Səbəb-nəticə kimi açıqlanır və kökləri reinkarnasiyaya dayanır.İnanca görə,sizin etdiyiniz bütün əməllər-pis və yaxşı növbəti dəfə həyatınıza(reinkarnasiya)eyni dərəcədə təsir edəcəkdir.Pis əməl sahibləri növbəti həyatlarında heyvan və ya bitki şəklində dünyaya gəlirlər.Bu proses insan ruhunun kamilləşməsinə qədər davam edir.Kamilləşmiş ruhun mükafatı isə Nirvanadır.

 Bayramlar

Hindistanda hər gün bayramdı.Həftənin bütün günlərinə uyğun bayramlar var.Amma mən iki əsas bayramdan-Holi və Divali(Deepavali) bayramlarından yazmaq istəyirəm.Gəlin, ilk olaraq Holidən başlayım. Nə də olsa  Divalidən öncə ilin əvvəlində-yazda qeyd olunur.Daha doğrusu, fevralın sonu martın əvvəlinə təsadüf edən bədrlənmiş ay vaxtı qeyd edilir.Hinduizm dininə məxsus olan bayram Hindistanın hər yerində keçirilir və iki gün davam edir.Bayramın festival abu-havası turistlərin diqqətini çəkir.Holi festivalının ilk günündə hər kəs axşam saatlarında böyük tonqal yandırıb ətrafında toplaşır.Küsülülərin barışması,sülhün təbliği Xeyirin şər ,İşığın zülmət üzərində təntənəsi kimi təcəssüm olunur.Bu bayram hinduizmdə yeganə bayramdır ki,kastlar arasında fərq nəzərə alınmır,birlik,bərabərlik yaranır.Festivalın ikinci günündə insanlar bir-birlərinə rəngli tozlar-gulal atırlar.

Festivalın tarixi maraqlıdır.Mifologiyaya görə, Hiryankaşipu tərəfindən yandırılmaq istəyən qardaşına od keçirməyən sarisini verən Holika özü odda yanır.Hiryankaşipunu Vişnu cəzalandırır.Bu qələbə Holikanın şərəfinə bayram kimi qeyd edilir.

Holi festivalı həm də yazın gəlişini bildirir.İnsanların bir-birlərinə rəngli boyalar atması təbiətin oyanmasını,rənglərin canlanmasını-dirilməsini simvolizə edir və bu vaxtı insanlar  “Holi hai!” deyərək bir-birlərinə səslənirlər.

 

O ki qaldı,Divali bayramına “İşıqlar festivalı” da adlanır və payızda qeyd edilir.Festival hinduizm təqvimi ilə keçirildiyinə görə hər il vaxtı dəyişilir.Bu il Divali 25-29 Oktyabr tarixlərində keçiriləcək.Adətən Dehli,Mumbai kimi iri şəhərlərdə qeyd edilir və bayram ərəfəsində bu şəhərlərdə böyük sıxlıq müşahidə olunur.Otellərdə otaqlar aylar öncədən rezarvasiya edilir.Əgər Hindistana bu tarixlərdə səfər edəcəksinizsə,bunu mütləq nəzərə alın.

Divali necə keçirilir?

Bayramdan əvvəl evlər təmizlənir.Hər yerdə lampalar ,şamlar yandırılır.Bununla da beş gün keçirilən festival vasitəsilə, ən azından, bu vaxt ərzində olsa belə,qaranlığı-şəri qovmuş olduqlarını düşünürlər.Axı, bu bayram İşığın Zülmət üzərində qələbəsi kimi qeyd edilir.Məbədlərdə ilahə Lakişmi və Qaneşa üçün ayinlər keçirilir.Hər yerdə fişənglər ataraq pis əməlli ruhları qovurlar.

Bayrama son dövrlərdə maraq çox artıb.B.Obamanın Ağ evdə Divalini ilk dəfə qeyd edən ABŞ prezidenti olması da festival qədər maraqla qarşılanmışdı.Bugün Asiyada keçirilən ən nüfuzlu festival kimi tanınır və induistlərin Hindistana axını ilə müşahidə olunur. Və əlbəttə,turistlərin.

 Hind toyları və dəbdəbə

Hindistan deyəndə toylarından yan keçə bilməzdim.Əlvan rənglər,dini adətlər və ayinlər,bol çeşiddə yeməklər və əlbəttə ki,emosional rəqslər hind toylarının əvəz edilməzlərindəndir.Varlı təbəqədən olan ailələrdə bunlar daha dəbdəbəli və göstərişli hala çevrilir.Büdcəsi milyonlarla dollar olan toylar sərhədləri aşaraq Hindistandan kənarda belə baş tuta bilir.

Dünyanın istənilən yerində keçirilən toy mərasimlərində gözlər sözsüz ki,gəlinin üzərində olur(Bəli,bu belədir:)) .Görünür,hindli gəlinlər bunu çox gözəl bilir və toy günü görünüşlərinə özəlliklə fikir verirlər.Digər ölkələrdən fərqli olaraq gəlinlər qırmızı(adətən),bəzi hallarda narıncı,bənövşəyi rənglərdə gəlinliklər seçirlər. Bunun bir səbəbi ağ rəngin Hindistanda matəm rəngi kim qəbul edilməsidir.Lehenqa adlanan ətəyin üzərindən sari bağlanır. İşləmələri və bəzək əşyaları ilə birlikdə gəlinliklər bəzən 10 kiloqrama çatır.Toy mərasiminin böyük hissəsi dini ritualların keçirilməsi ilə gerçəkləşir.Toyda bəyi gəlinin anası qarşılayır,ayaqlarını yuduqdan sonra ona süd və bal verir.Nikah mərasimi rahiblərin dualarıyla keçirilir. Gəlinlə bəy bir-birlərinə uzun parça vasitəsilə bağlanır və od ətrafında dörd dəfə dövrə vururlar.Bərəkət simvolu olaraq onların başına düyü səpilir.Toydan bir gün əvvəl gəlin və qohumları(qısaca “qız evi”) Mehendi adlanan xına mərasimi keçirirlər.Gəlinin əlinə və ayaqlarına xüsusi naxışlarla xına çəkilir.Adətə görə,toydan sonra gəlinin əli və ayaqlarından xına gedənədək ev işləri görmür.

 Sevgi timsalı Tac Mahal romantikanın zirvəsi

Sevgi hər şeyə qadirdir.Bütün maneələri, sərhədləri,zaman dilimlərini aşıb ən yüksək zirvəyə-qəlblərə taxt qura bilir.Hərdən yoxsul rəssama milyon qızılgül aldırıb nəğməyə çevrilir,hərdən də cahana hökm edənlərə milyonlar xərclədib ehtişamlı abidələr kimi qarşımızda ucalır.Tac Mahal.Məhv olmuş sevgini matəmin ağ rəngində dirildən abidə.Moğol hökmdarı Şah Cahan abidəni vəfat etmiş sevimli həyat yoldaşı Mümtaz Mahalın(Ərcümənd Banu) şərəfinə tikdirmişdir.1632-1653-cü illərdə tikilmiş abidə dünyanın yeddi möcüzəsi siyahısına daxil edilib.Tarix yazır ki,Cahan şah yuxusunda Mümtaz Mahalın 14 pilləli pilləkəndən yıxıldığını görür.Elə səhəri gün on dördüncü övladını dünyaya gətirən zaman Mahal Banu vəfat edir.Cahan şah bu hadisəni böyük kədərlə qarşılayır,heç vaxt son övladını sevmir,ömrünün sonuna qədər sevgisinə sadiq qalır.Mümtaz Mahalın xatirəsini əbədiləşdirmək üçün Aqra şəhərində dillərə dastan məbəd tikdirir.Tac Mahalın tikintsində ağ mərmərdən,bəzədilməsində firuzə ,əqiq,42 zümrüd,142 yaqut,625 brilliant,50 böyük ölçülü mirvaridən istifadə edilib.Abidənin hündürlüyü 82(74) metrə çatır və əksi həyətindəki böyük hovuza( hovuzun ölçüsünü siz təsəvvür edin) düşür.Mümtaz Mahal və Şahın tabutları abidənin mərkəz otağında yerləşir.Bu otağın xüsusi özəlliyi ondan ibarətdir ki,burada səslər 7 dəfə əks-səda verir.

Tarix yenə yazır ki,Şah Cahanı oğlu Avrangazab taxtdan endirib zindana saldırır.Zindanın kiçik pəncərəsindən bir mənzərə görünürdü-Tac Mahal.Bəlkə də əsl ayrılıq bu zaman başlayır. Öldükdən sonra hökmdar sevgilisinin yanında dəfn edilir.Həmişə belə tikililərə baxanda düşünürəm ki,tikililər də mi insanlar kimi şanslı və ya şanssız olur?Əgər belədirsə,Tac Mahal birincilərdəndir.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.